Qəsdən adam öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Salman Sadıqovun məhkəməsi başa çatıb. İşə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılırdı.
Hadisə bu il iyunun 29-da gecə, 9-cu mikrorayon, ev 11a/12, mənzil 42 ünvanda baş verib. Həmin ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Salman Sadıqov öz evində yaxın dostu, 1955-ci il təvəllüdlü Gennadi Bərxudar oğlu Şirinovu bıçaqlayıb. Sağ böyrək nahiyəsindən bir neçə ağır bıçaq xəsarəti alan G.Şirinov hadisə yerindəcə keçinib. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları qətli törədən Salman Sadıqovu hadisədən bir gün sonra saxlamışdılar.
Sadıqov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində qeyd edib ki, Şirinov ilə həmin gün içki məclisi qurublar. Onun ifadəsindən məlum oldu ki, içib keflənən dostların sözləri bir-birlərinə xoş gəlməyib: "Gennadinin mənə nə deməsini başa düşmürdüm. Elə bilirdim ki, o, məni söyür. Ona görə də bıçaqla vurdum".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, onun Şirinovu öldürmək niyyəti olmayıb. Onun ölümündən peşman olduğunu deyən təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisənin törədilməsi zamanı özündə olmayıb. O qeyd edib ki, içkinin təsirindən özündə olmayıb və Şirinovu necə vurduğunu isə xatırlamır.
Salman Sadıqov 9 il iş aldı.