çap et  
"Seyfəli faciəsi"nin məhkəmə araşdırması başladı
"Seyfəli faciəsi"nin məhkəmə araşdırması başladı
Valideynlər qatilə ən ağır cəza tələb edirlər
Şənbə, 24.10.2009

Hacı Zeynalov

Seyfəli poliqonunda dörd nəfəri öldürüb, bir nəfəri yaralayan kiçik çavuş Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə gedir.

... Ağcabədidən həqiqi hərbi xidmətə çağırılan, MN-in Gəncədə yerləşən "N" saylı hərbi hissəsində xidmət edən kiçik çavuş Orxan Səfərov bu il mayın 21-də taburun şəxsi heyəti ilə təlimlərdə iştirak üçün Seyfəli təlim mərkəzinə göndərilib. Mayın 23-də gecə saat 04.00-dan 06.00-dək müddətdə çadır düşərgəsində əsgər yoldaşları - Səbuhi Əliyev və Mustafa Sayfulovla birlikdə patrul xidmətində olub. Saat 09.00 radələrində bölüyün şəxsi heyəti ilə təlim yerinə gedərkən, kiçik çavuş Ramal Babayev əsgər Rəvan Soltanova "kiçik çavuş Mustafa Sayfulov deyir ki, mən kiçik çavuş Orxan Səfərovun başını "islatmışam". Orxan Səfərov təlim yerində olan zaman Mustafa Sayfulovdan belə bir söz deməsi barədə soruşub. Sonuncu "demişəm də, eləmişəm də" deyə cavab verib. Orxan Səfərov bundan sonra kənara getməyə icazə alaraq, təpənin arxasına keçib. Təlim üçün verilmiş 11 ədəd patronun iki ədədini daraqdan ayıraraq, tullayıb. O, yenidən əsgərlərin olduğu yerə qayıdıb və əlində olan AK-74 markalı avtomat silahı tək-tək atma dabanında atəş vəziyyətinə gətirərək, əsgərlər toplaşan istiqamətdə Mustafa Sayfulov tərəfə yönəldib, patronlar qurtarana qədər atəşi dayandırmayıb.

Nəticədə çavuşlar - Mustafa Sayfulov, Taleh Hidayətov, Şəhriyar Həsənov, əsgər Ravil Ataşov güllə yarası alıblar. Ravil Ataşov və Taleh Hidayətov hadisə yerində, Şəhriyar Həsənov isə hospitala aparılarkən yolda ölüb. Pünhan Həsənov və Mustafa Sayfulov isə hospitalın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Tibbi yardım göstərilsə də, Mustafa Sayfulovun həyatını xilas etmək mümkün olmayıb və çavuş xəstəxanada ölüb. Orxan Səfərov 4 hərbi qulluqçunu qətlə yetirsə də, Pünhan Həsənovu öldürməyə macal tapmayıb.

Patron qurtarmasaydı...

Bundan başqa, Orxan Səfərov bu cinayətin qarşısını almağa cəhd edən bölük komandiri, baş leytenant Samir Mirzəyevin ona tərəf qaçdığını görüb, silahı atəş vəziyyətində ona tərəf yönəldib və bir dəfə atəş açıb. Lakin sonuncu yerə uzanmağa macal tapdığından güllə ona dəyməyib.

Daha sonra Orxan Səfərov silahı ilə birlikdə hadisə yerini tərk edib. Təxminən 35 metr aralıda Orxan Səfərov əsgər Fərid İmanovla qarşılaşıb. Bu dəfə silahı əsgərə tərəf yönəldib. Tətiyi çəksə də, patron qurtardığı üçün atəş açılmayıb. Fərid İmanov qaçılmaz ölümdən xilas olub.

"Sayfulovun təpik zərbəsinə yuxudan oyandım"

Orxan Səfərov elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. İfadəsində göstərib ki, uşaqlıqdan heç bir psixi, keçici xəstəliyə tutulmayıb. Çavuş hadisəni belə izah edib: "Mayın 23-də Mustafa Sayfulov və Səbuhi Əliyevlə patrul xidmətinə çıxdım. Təxminən 30 dəqiqə sonra yatacaq kisəsinin üstünə uzanaraq, yatdım. Bir az sonra Sayfulov tərəfindən oyadıldım və o, mənə yatmamağı tapşırdı. Sayfulova "3 nəfərik, gəlin 15-15 dəqiqə yatıb, dincələyin" təklifini etdim. Lakin Sayfulov mənimlə razılaşmadı. Buna görə də yataq kisəsini götürərək, çadırın arxa tərəfinə atdım və orada yatdım. Təxminən bir saat sonra Sayfulovun təpik zərbəsinə yuxudan oyandım. Sayfulov "başını sidiklə islatmışam" deyərək, çadırın qarşı tərəfinə getdi. Səbuhi Əliyevdən Sayfulovun dediklərinin düz olub-olmamasını soruşdum. Səbuhi Əliyev görmədiyini, lakin Sayfulovun deməsinə görə, başıma sidik ifraz etdiyini bildirdi".

Qatil törətdiyi əməli xatırlamır...

Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd edib ki, təxminən saat 07.00 radələrində səhər yeməyi yeyiblər. Onun ifadəsinə görə, daha sonra təlim yerinə yollanıblar: "Yolda əsgər Ramal Babayevin əsgər Soltanova axşam patrul xidmətində olarkən Sayfulovun hərəkətləri barədə danışdıqlarını eşitdim. Babayevdən bunu kimin danışdığını soruşdum. O da Sayfulovun danışdığını bildirdi. Mən isə belə bir hadisənin olmadığını bildirdim və qeyd etdim ki, inanmırsınızsa, Səbuhi Əliyevdən soruşun. Həmin vaxt Sayfulov maşında yox idi. Saat 09.00 radələrində təlim mərkəzinə çatdıq. Maşından düşərək, sıraya düzüldük və bölük komandirinin əmri ilə təyin olunmuş yerə getdik. Az sonra Mustafa Sayfulov və başqa əsgərlər də gəldi. Mən Mustafa Sayfulovdan axşam belə bir iş görüb-görmədiyini soruşduqda, cavab vermədi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bölük komandiri şəxsi heyəti bir yerə toplayaraq, onların hər birinə 11 ədəd parton verib. Onun sözlərinə görə, patronlar paylanandan sonra söhbəti çürütməyə başlayıb: "Sayfulova üzümü tutaraq, yalan deyənin var-yoxuna söydüm və belə hadisənin olub-olmadığını soruşdum. O isə "hə" deyə cavab verdi və əsgərlərin yanına getdi. Mən isə bölük komandirinin şəxsi heyətdən təxminən 15 metr aralıda olduğunu gördüm və istifadəm üçün verilmiş avtomat silahı atəş vəziyyətinə gətirdim. Əsgərlərin yanında oturmuş Sayfulovun iki metrliyində dayanaraq, onu öldürmək məqsədilə atəş açdım. Atəş açarkən, əsgər Ravil Ataşovun ağzından qan gəldiyini gördüm və özümü itirdim. Daha sonra atəşi dayandıraraq, tabur komandirinin yanına getdim və hadisə barədə ona danışdım".

Bu, Orxan Səfərovun istintaqa verdiyi ilkin ifadəsidir. Lakin istintaqın sonrakı dindirilmələrində Orxan Səfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, elan olunmuş ittihamda göstərilən cinayət əməllərini xatırlamadığını deyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Fərid İmanov ifadəsində 2008-ci ilin iyun ayından hərbi hissənin 4-cü motoatıcı taburun 12-ci bölüyündə sıravi əsgər olaraq xidmət etdiyini, Orxan Səfərovu 2009-cu ilin yanvar ayından tanıdığını bildirdi: "Mayın 21-də saat təxminən 08.00 radələrində taktiki təlimlə bağlı üç günlük "Seyfəli" təlim mərkəzinə getdik. Mayın 23-də səhər yeməyindən sonra tabor komandiri Əliağa Məmmədov tərəfindən bölük komandirlərinə tapşırıq verildi. Bundan sonra bölüklərin şəxsi heyətinin nəzərdə tutulmuş yerlərinə getdik. Təyin olunmuş yerdə şəxsi heyət bölük komandiri Samir Mirzəyev tərəfindən təlimatlandırıldıqdan sonra hər bir əsgərə 11 ədəd patron verildi. Bölük komandirinin tapşırığı ilə patronları darağa yığaraq, patron çantasına qoyduq".

"Orxan Səfərov əsgərlərə "hamınızı qıracağam" deyərək, atəş açırdı"

Zərərçəkmiş ifadəsində daha sonra qeyd edib ki, Orxan Səfərovla Mustafa Sayfulovun mübahisə etməsinin şahidi olub. Onun sözlərinə görə, mübahisə edənlərə yaxınlaşıb və onların mübahisə etməsinin səbəbləri ilə maraqlanıb: "Mən onlardan niyə mübahisə etdiklərinin səbəbini soruşdum. Lakin Sayfulov "sənlik deyil" cavabını verdi. Ona görə də əsgər Namazov, Heydərov və Həsənovun yanına gəldim. Onlarla söhbət edərkən, atəş səsləri eşitdim. Atəş səsi gələn tərəfə baxanda Orxan Səfərov əsgərlərə "hamınızı qıracağam" deyərək, atəş açırdı. Mən isə qorxumdan kənara çəkildim və təpənin arxasında gizləndim. Atəş səsləri kəsiləndən sonra Orxan Səfərovun getdiyini gördüm. Əsgərlərə "qoymayın qaçır" deyə bildirdim. Onu tutmaq istəyərkən, Orxan Səfərov "gəlmə vuracağam" deyərək, silahı mənə tərəf istiqamətləndirdi. Zatvoru çəkərək, atəş açmaq istəsə də, atəş açılmadı".

Zərərçəkmiş ifadəsində qeyd edib ki, Orxan Səfərov atəş açılmadığını gördükdə, tabur komandirinin yanına yollanıb və silahı yerə ataraq, təslim olub.

"Orxan Səfərov əsgərlərlə münasibət saxlamırdı"

İş üzrə zərərçəkmiş qismində Pünhan Həsənov da ifadə verib: "Kiçik çavuş Orxan Səfərovu bu ilin yanvarından tanıyıram. Mən onun xidmət etdiyi bölükdə sanitar təlimatçı vəzifəsində xidmət etmişəm. Orxan Səfərov bölükdə təzə olduğu üçün bizimlə o qədər də münasibət saxlamırdı".

Orxan Səfərovun açdığı atəş zamanı yaralandığını deyən zərərçəkmişin sözlərinə görə, təcili tibbi yardım maşını ilə hospitala yerləşdirilib. Onun ifadəsinə görə, hospitalda olduğu zaman Orxan Səfərovun avtomat silahdan atəş açmaqla əsgər yoldaşları Hikmət Həsənov, Ravil Ataşov, Mustafa Sayfulov və Şəhriyar Həsənovu öldürdüyünü eşidib.

"Güllənin yanımdan keçdiyini hiss etdim"

Cinayət işi üzrə bölük komandiri Samir Mirzəyev də zərərçəkmiş qismində tanınıb. O, hadisənin təfərrüatlarını belə danışıb: "Təlim mərkəzində şəxsi heyyətə patron payladım və döyüşə hazır olmalarını bildirdim. Verilmiş patronlardan təlim zamanı tam istifadə etmələrini, silahla ehtiyatla davranmalarını tapşırdım. Sonra isə bölüyün şəxsi heyətinə "otur" əmri verdim. Mən isə 15-20 metr aralıda oturaraq, şəxsi heyətə nəzarət edirdim. Mən əsgərlərin nə danışmalarını eşitmirdim. Bizim hücumun başlanması üçün artilleriya tərəfindən atəşi iki saata yaxın gözləməli idik. Lakin həmin vaxt qəflətən atəş açıldı. Birinci atəşdən sonra "demədim sizə döyüş sursatı ilə ehtiyatlı davranın?" deyərək, bölük tərəfə döndükdə, Orxan Səfərovun ayaq üstündə dayanaraq, Mustafa Sayfulov, Şəhriyar Həsənov, Ravil Ataşov, Pünhan Həsənov, Taleh Hidayətovu tək-tək rejimdə atəş açmaqla güllələdiyini gördüm. Mən yerimdən qalxaraq, Orxan Səfərova tərəf qaçarkən Orxan Səfərov silahı mənə tərəf yönəltdi. Mən həmin vaxt yerə uzandım, sağ tərəfimdən toz qalxdığını, güllənin yanımdan keçdiyini hiss etdim".

Orxan Səfərovun açdığı atəş nəticəsində həyatdan məhrum edilmiş əsgərlərin valideynləri də zərərçəkmiş şəxsin varisi qismində ifadə veriblər. Onlar hərbi hissədən zəng edildiyini və övladlarının öldürüldüyünü bildiriblər. Zərərçəkmişlər övladlarını qətlə yetirən Orxan Səfərova ən ağır cəza verilməsini xahiş ediblər.