Havanın çirklənməsində önəmli amillərdən biri də benzinin keyfiyyətidir. Yeri gəlmişkən, AB bizim Dövlət Neft Şirkəti qarşısında neft məhsullarının, xüsusilə benzin və dizel yanacağının keyfiyyətini yaxşılaşdırmağı və Avropa standartlarına uyğunlaşdırılmağı şərt qoyur. Azərbaycana tövsiyə edilir ki, yanacağın keyfiyyəti yaxın illər ərzində "Avro-4" və "Avro-5" standartları səviyyəsinə çatdırılmalıdır.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədov isə bildirib ki, neft emalı zavodlarında məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün texnoloji prosesin səviyyəsini yüksəltməyə çalışırlar. ABŞ-ın "Merikem" firmasının avadanlığı və digər dövlətlərin qabaqcıl texnologiyaları əsasında məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
DNŞ yaxın illərdə benzinin keyfiyyətini "Avro-4" və "Avro-5" standartlarına çatdırmağı planlaşdırır. Bu məqsədlə Bakı Neft Emalı Zavodunda maye qazdan yüksək oktanlı benzin komponentləri almağa imkan verən "Alkilen OksiPro" texnoloji kompleksi və digər yeni istehsal gücləri qurulacaq. Eyni zamanda, zavodda neftin ilkin emalı və katalitik krekinq qurğularının köklü surətdə yenidən qurulması qərara alınıb. Bu işlərin görülməsi nəticəsində yanacağın keyfiyyəti yaxşılaşacaq. Bu isə dizel və benzin ixrac olunan ölkələrin coğrafiyasını genişləndirəcək.
Azərbaycan bu gün Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Malta, Türkiyə, Ukrayna, İran, İraq, Qazaxıstan, Gürcüstan və digər ölkələrə emal olunmuş neft məhsulları göndərir. Bir sıra ölkələr Azərbaycan neftinin keyfiyyətinin yüksək olmamasını iddia edir və yanacağın keyfiyyət göstəricilərinin "Avro-2" standartlarına cavab verdiyini bildirir. D.Məmmədov isə yanacağın keyfiyyətinin yaxşılaşdığını, bu istiqamətdə son illər xeyli işlər görüldüyünü deyir. Azərbaycan yaxın illərdə dünyanın 30-dan çox ölkəsinə benzin və digər yanacaq məhsulları ixrac edəcək.
Bu gün ölkədə il ərzində 7 milyon 348 min tona yaxın neft məhsulları istehsal olunur ki, onun da 54,8 faizi daxili bazara yönəldilir. Məhsulun qalan 45,2 faizi isə ixrac olunur. Azərbaycan xarici ölkələrə neftdən sonra ən çox dizel yanacağı satır. Belə ki, təkcə bu ilin birinci yarısında xarici ölkələrə 859 min 088 ton dizel yanacağı satılıb. Eyni zamanda, 212 min 282 ton təyyarə yanacağı ixrac edilib. Son illər Azərbaycanda avtomobillərin sayının kəskin şəkildə artması daxili bazarda benzinə tələbatın artmasına səbəb olub və buna görə də xaricə benzin satışının həcmi bir qədər azalıb.
|