Oktyabrın 22-də Parisdə cüdo üzrə gənclər arasında dünya çempionatı başlanıb. Yarışda Azərbaycanın idman şərəfini 6 oğlan və 3 qız cüdoçu qoruyur. Çempionatın ilk günündə 3 həmyerlimiz tatami üzərinə çıxıb.
Azərbaycanı bu dəfəki dünya çempionatında İlqar Müşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Faqan Əminoğlu (66 kq), Orxan Dünyamalıyev (73 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq), eləcə də Ülviyyə Vəliyeva (48 kq), Turanə Seidi (52 kq) və Kəmalə Hüseynzade (57 kq) təmsil edirlər.
Yarışların ilk günü komandamızın hesabına bir medal yazılıb. Mübarizəyə hamıdan tez qoşulan İlqar Müşkiyev əvvəlcə avstriyalı Matias Hemeri, ardınca Ermənistan idmançısı Qriqor İvanyanı, sonra da ABŞ cüdoçusu Korvin Learnedi üstələyərək, yarımfinala çıxıb. Yarımfinalda braziliyalı Rafael Minoru məğlub edən həmyerlimiz finalda çıxış etmək hüququ qazanıb. Fəqət, həlledici görüşdə yaponiyalı Toru Şişimeyə uduzan İlqar çempionatı gümüş medalla başa vurub.
Çempionat İlqarla eyni gündə çıxış edən Rasim Əsədullayev üçün vaxtından əvvəl başa çatıb. İlkin mərhələdə yunan cüdoçuya uduzan həmyerlimiz mübarizəni dayandırmalı olub.
Xanım cüdoçularımızdan isə Ülviyyə Vəliyeva uğursuz çıxış edib. O, birinci dövrədə avstriyalı Anna Denqə uduzaraq, yarışdan kənarda qalıb.
Yarışların ikinci günü də cüdoçularımızdan heç biri fərqlənə bilməyiblər. Belə ki, dünən tatamiyə çıxan Fəqan Əminoğlu və Orxan Dünyamalıyev yarışı erkən başa vurublar. Yeri gəlmişkən, O.Dünyamalıyev yəmənli Valid Əl-Kabzari ilə görüşə çıxmadığından yarışdan kənarlaşdırılıb.
Yarışa dünən qoşulan iki xanım idmançımız - Turanə Seidi və Kəmalə Hüseynzadə də etimadı doğrultmayıblar.
Yığmamızın Ramin Qurbanov və Elmar Qasımov kimi aparıcı üzvləri isə yarışın son günü mübarizəyə qoşulacaqlar. 2009-cu il Yerevanda keçirilən Avropa çempionatının qəhrəmanlarından biri Elmar Qasımov da (100 kq) Parisdə mübarizə aparanlar arasındadır. Avropa çempionumuz bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq iddiasındadır. O, "azerisrort.com" saytına müsahibəsində qızıl medal uğrunda güləşəcəyini deyib: "Dünya çempionatının qızıl medalını qazanmaq üçün əlimdən gələni edəcəyəm. Hər bir qarşılaşmaya final görüşü kimi çıxıb, var gücümlə güləşməyə köklənmişəm. Avropa çempionatında əksər rəqiblərimə qalib gəlsəm də, bu dəfə isə mübarizəyə başqa qitənin cüdoçuları da qoşulacaq. Odur ki, yarışın çətin olacağını gözləyirəm".
|