Azərbaycanın boks üzrə yığma komandasına tezliklə kubalı mütəxəssislər başçılıq edəcək. Aldığımız məlumata görə, kubalı məşqçilər Azərbaycana dekabrda gələcəklər. İlk baxışdan yaxşı xəbərdir. Çünki bir qədər əvvəl İtaliyada keçirilən dünya çempionatında əldə olunan nəticə göstərdi ki, yığma komandada köklü dəyişikliklər zəruridir.
Boks yığmamıza baş məşqçi axtarışı üçün "Azadlıq adası"nın seçilməsi təsadüfi deyil. Kuba həvəskar boks aləmində öndə gedən ölkələrdən bəlkə də birincisidir. Baxmayaraq ki, son dövrlər bu ölkəni təmsil edən dəri əlcək sahibləri beynəlxalq yarışlarda əvvəlki müvəffəqiyyətlə çıxış etmirlər. Ancaq bu amil Kuba boksunun tənəzzüldə olduğuna dəlalət etmir, əksinə, həvəskar boksda rəqabətin artmasını göstərir. Çünki bu gün Asiya və Latın Amerikası ölkələrində boks özünün yüksəliş dövrünü yaşayır.
Kuba mütəxəssislərinin Azərbaycanda çalışması yəqin ki, boksumuza müsbət təsir göstərəcək. Amma bu addım idmançıların nəticəsinə təsir edəcəkmi? Etiraf etmək lazımdır ki, indiki vəziyyətdə Azərbaycan boksunda əsas problem peşəkar yerli mütəxəssislərin çatışmamasında deyil, hazırlıqlı güclü boksçuların olmamasındadır. Azərbaycan boksunda nəsil dəyişməsi baş verib və yetişməkdə olan yeni idmançılar sələflərinin uğurlarını təkrarlaya bilmirlər. Üstəlik də həvəskar boksun özündə ciddi dəyişikliklər olub.
Ola bilər ki, keçmiş baş məşqçi Eyvaz Məmmədovun 2007-ci ildə istefaya göndərilməsindən sonra Nəriman Abdullayevin bu vəzifəyə təyinatı səhv addım idi. Amma digər tərəfdən də Pekin Olimpiadasına yarım il qalmış yaxşı mütəxəssis tapmaq da asan iş deyildi. Nəticədə boksçularımız Pekinə cəmi iki lisenziya qazandılar. Şahin İmranovun səylərinin nəticəsi olaraq həmin lisenziyalardan biri bürünc medala çevrildi.
İndi isə Azərbaycan Boks Federasiyası (ABF) Nəriman Abdullayevə əvəz axtarır. Amma bu işin də bir "əmma"sı var. İş burasındadır ki, boksumuzu xilas edəcək mütəxəssis Kuba Boks Federasiyasının vasitəsilə axtarılır. ABF-nin birinci vitse-prezidenti Ağacan Əbiyevin mətbuata açıqlamasından məlum olur ki, Azərbaycana hansı mütəxəssisin göndərilməsini Kuba tərəfi özü müəyyənləşdirəcək. Bu fakt bir qədər narahatlığa əsas verir. Əvvəla, həmin mütəxəssis Kubada yetərincə tanınmamış mütəxəssis ola bilər. İkincisi də, Kubada boks nə qədər inkişaf etmiş olsa belə, onların orta səviyyli mütəxəssisinin azərbaycanlı məşqçi və boksçulara yeni bir şey öyrədəcəyi inandırıcı deyil. Üçüncüsü, fərz edək ki, sabah beynəlxalq yarışların birində azərbaycanlı boksçu kubalı rəqibi ilə üz-üzə gələcək. Bu halda kubalı məşqçi onu Azərbaycana işləməyə göndərən doğma ölkəsinəmi qarşı çıxacaq? Cavab vermək çətindir. Odur ki, burda bir sual doğur: baş məşqçini Kuba federasiyasının əli ilə deyil, başqa yollarla axtarmaq daha düzgün olmazdımı?
|