çap et  
Sərhəd keçidində oynanmış müdhiş dram
Sərhəd keçidində oynanmış müdhiş dram
İran məxfiləri yeniyetmənin cənazəsini ölkəyə buraxmayıblar. Atasını tələb ediblər ki, ...tutsunlar
Şənbə, 24.10.2009

S.Sədrəddin

Oktyarbın 8-də Bakı telekanalları yeniyetmə İran vətəndaşının hamamda dəm qazından boğularaq öldüyü xəbərini yaydı. Faciəli bir olay... Hüquq-mühafizə orqanları hadisəni araşdırıb qiymət verdilər: ölüm texniki təhlükəsizliyə əməl olunmadığından baş verib. İran konsulluğu da olayla bağlı əlavə təhqiqata ehtiyac duymayıb... Nə etməli, belə hallar olur.

Ancaq hadisə bununla bitmir. İran vətəndaşı olan ata həyatdan getmiş övladını Güney Azərbaycanın Muğan mahalında dəfn etmək istəyir. Muğan onun ata-baba yurdudur, əcdadlarının məzarıstanı oradadır. Fəqət valideynlərinin bu insani istəyinin ətrafında daha müdhiş bir dram oynanılır. İştirakçılar - İran məxfi xidmət agentləri, bədbəxt ata və ana, bizim sərhədçilər və bəxtsiz yeniyetmənin ortada qalmış cənazəsi...

Müsahibimiz həmin oğlunu itirmiş bədbəxt ata - Şahdust Hacı oğlu Mirzəyidir (Babək Muğanlı təxəllüsü ilə şeirlər yazdığını bilirik). Muğan mahalının Parsabad (bizim minillik tarixi yurdlarda əcaib səslənən bir ad!) şəhərində anadan olub. 1978-79-cu illərdən siyasi fəaliyyətə başlayıb. 1980, 1984, 1988, 1994-cü illərdə siyasi fəaliyyətinə görə İran hakimiyyəti tərəfindən müxtəlif müddətlərə həbs olunub. Hətta bir dəfə doğmaları onun edam olunacağını gözləyiblər. Parsabadda 12 illik təhsili başa vurub, Tehrandakı Əllamə Təbatəbai adına Universitetin idarəetmə fakültəsinə daxil olub. Ancaq siyasi fəaliyyətinə görə universitetdən qovulub. 2006-cı ilin məlum may hadisələri zamanı Tehran hakimiyyətinin davranışına etiraz etdiyi üçün onun 17 qohumu həbs olunubmuş.

Əgər xatırlayırıqsa, 1990-cı ilin yanvarında Tehranda Güney Azərbaycan türkləri Qarabağ komitəsi yaratmışdı. Ölkənin bir çox şəhərlərində onun yerli bölmələri fəaliyyət göstərirdi. Belələrindən biri də Güney Azərbaycanın Muğan bölgəsində idi. Babək Muğanlı isə onun məsullarından olub.

Ata baş verən facili olayı belə danışdı: "Oğlum Şirvin Mirzəyi 1997-ci ildə Bakıda doğulub. Bir müddət sonra İrana qayıtdıq. Şirvin 4 il idi Bakıda İran səfirliyinin məktəbində 8-ci sinifdə oxuyurdu. Oktyabrın 7-də özüm də evdə idim. Axşam oğlum qaldığımız evin hamamına girdi. Hava küləkli idi. Hamama girəndən 20 dəqiqə sonra bu bədbəxt hadisə başımıza gəldi".

- Bildiyimizə görə, oğlunuzu babalarının basdırıldığı torpaqda dəfn etmək istəmişsiniz. Ancaq Tehranın göstərişi ilə yerli hakimiyyət orqanları buna mane olub...

- Hadisənin səhəri gün sənədləşdirmə üçün İran Konsulluğuna getdik. Sənədləşməni konsulluğun nümayəndəsi Müseyib Əliyari apardı. Ölkənin uyğun qurumlarına ünvanlanan həmin sənədlərdə cənazənin İrana buraxılması bildirilirdi. O biri gün Biləsuvardakı sərhəd-keçid məntəqəsinə gəldik. Bu tayda sənədlərimizə baxdılar. Biz "neytral" adlanan əraziyə keçdik. Orada İran tərəfi cənazənin buraxılması ilə bağlı məsələyə baxmadan özümü tələb etdilər. Dedilər ki, atası gəlsin, sonra cənazəni buraxaq. "Əgər atası gəlməsə, cənazəni buraxmayacağıq"- deyib mənim keçməyimi istədilər. Anası da o taydakı Biləsuvarda oğlumuzun cənazəsini gözləyirdi. Doğrudur, oğlumun şəkli anasının pasportunda var. Oğlumuz dəfələrlə anası ilə bu taya keçib. Xanımım onu burada mənim yanımda qoyduqdan sonra geri qayıtmışdı. Onlar konsulluğun sənədləşdirdiyi kağızlara heç bir irad tutmurdu. İran tərəfin əsas tələbi mənim o taya keçməyim idi. Məni belə israrla tələb etmələrinə elə bir əsas görmürdüm. Çünki mən 4 il öncə qanuni olaraq, bu taya, Azərbaycan Respublikasına gəlmişəm. Cənubi Biləsuvardakı sərhəd-keçid məntəqəsində isə qardaşlarım, başqa qohumlarım, eləcə də ETTELAAT əməkdaşları durmuşdular. Qohumlarım bizə yardım etmək üçün cənazəni gözlədikləri halda, İranın məmurları məni tələb edirdilər. Cənazə qalmışdı bir yanda, onun buraxılıb-buraxılmamasından bir xəbər yox idi.

- Sizcə, onlar niyə sizi tələb edirdilər?

- Mənim özümü tələb edirdilər. Mən bir yana, o tayda xanımımı İran Biləsuvarındakı sərhəd-keçid məntəqəsindəki ETTELAAT bölməsinə aparıblar. Bircə balasını, oğlunu itirmiş ananın vəziyyətinin necə olduğunu, Allah heç kimə göstərməsin, yəqin ki, təsəvvür edə bilirsiniz. Siz diqqət yetirin - onlar insanlıqdan nə qədər uzaq adamlardır ki, bu vəziyyətdə olan ananı sorğu-sual edirlərmiş. Ondan soruşublar ki, həyat yoldaşın "Azərbaycan Respublikasında nə işlə məşğuldur? Orada kimlərlə görüşür? Onun görüşdüyü adamlardan kimləri tanıyırsınız? Ora gedəndə kimlərin evinə gedirsən? Yoldaşını çağır, keçsin bu taya". Bakıda yaşayan bir neçə güney azərbaycanlını tanıyıb-tanımadığını, "yoldaşın onlarla görüşürmü?" - deyə suallar veriblər.

Bunlar həmin güney azərbaycanlılardır ki, mən onlarla o taydan dostluq edirdim. Onlarla bir yerdə oturub-durmuşuq.

Elə onların yanındaca xanımım mənə zəng etdi: "Sən gəlmə, mən gəlirəm". Bunu deyəndən sonra onlar telefonu əlindən alıb, söndürüblər.

Dünyanın heç bir dövlətində bu vəziyyətdə olan insana belə suallar verilmir. Çünki insan həmin durumda başqa halda olur. Onlar xanımımın bu halından yararlanmaq istəyiblər ki, bəlkə mənimlə onun arasında bir problem olar və xanımım da dünya gözünə görünmədiyi bir vəziyyətdə oğlunun cənazəsini İrana keçirməkdən ötrü "bildiklərini" söyləyə.

Onların bütün cəhdləri bu idi ki, mən "neytral" ərazidən bir addım o taya atım və məni tutsunlar. Çünki orada təcili tibbi yardım maşını ilə yanaşı, əli silahlılar da dayanmışdı. Ancaq Azərbaycan sərhədçiləri məni İran hakimiyyətinin qanunsuz hərəkətindən xilas etdi və onların qurduğu tələyə düşməyə qoymadılar.

İran tərəfin məmurları (təmsil etdikləri qurumu müəyyən edə bilmədim) Azərbaycan Respublikasının Biləsuvardakı sərhəd-keçid məntəqəsindəki işçilərinə deyirdilər ki, məni ölkədən "deportasiya etsinlər". Onlara elə gəlir ki, burada da İrandakı kimi özbaşınalıqdır.

- Səhəd-keçid məntəqəsindəki bu dramın sonu nə ilə bitdi?

- Mən oğlumu itirmişdim, orada öz həyatımı da itirməyimin bir addımlığında olmuşam. Hə, konsulluğa birinci gün müraciət edəndə mən cənazə ilə birlikdə İrana getmək istədiyimi demiş, uyğun sənəd vermələrini istəmişdim. Həmin gün onlar bunun mümkün olmadığını söylədilər. Səhəri gün nə fikirləşmişdilərsə, dedilər ki, getməyim üçün sənəd verirlər. Onların bu davranışı mənə şübhəli göründü. Gedib, sərhəddə baş verənləri görəndə həyatımın təhlükə qarşısında olduğuna inandım. Orada xanımıma yalan danışıblar. Deyiblər: "Həyat yoldaşın səni aldadıb, oğlunu da dəfn edib, boş maşınla gəlib".

Mənim qardaşlarıma, başqa qohumlarıma Bakıda oğlumun dəfnində iştirak etməyə şərait yaratmayıblar. Sənədləşmə üçün dövlətin yerli qurumları onları get-gələ salıb. Nəhayət də onların gəlməsini əngəlləyiblər. Oğlumun anası dəfndən sonra geri qayıdanda onu yenə də məxfi xidmətlər çağırıb sorğu-suala tutublar: "Yasa kimlər gəlmişdi?" və s.

- Axı onlar insanlıqdan, İslami dəyərlərdən daha çox danışırlar. Və belə bir rəftar... Bu davranışı o dövlətin vətəndaşı olaraq necə dəyərləndirirsiniz?

- Mövcud rejim qanunsuz bir hakimiyyətdir. İnsanlıq və islamiyyətdən onların xəbəri belə yoxdur. Orada islamiyyət tapdanır. Sərhədin bu tayında gözü yaşlı, beli sınan ata, o tayında gözü yaşlı, bağrı yaralı ana dayanıb, oğullarının cənazəsi ortalıqda. Bu necə islam məmləkətidir ki, bir uşağın cənazəsinin dəfninə də əngəl yaradır? Bu körpə uşağın günahı nə idi ki, İslamdan danışanların qanunsuz hərəkəti ucbatından beş gün sərhədələrin arasında, əlimdə qalmışdı. Onlar bu hərəkətlərinə nə kimi don geydirəcəklər?