Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"
 |
Odur ki, avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışır
Şənbə, 24.10.2009
|
|
Onun işıqlı simasında paklıq var, hər oxuduğu mahnısında isə yaşanmış bir ömür. Onun hər sözündə və davranışında bir gözəllik var. Çox incə və kövrək qəlb sahibəsidir. Sadə və kübardır. Adı heç zaman qalmaqallarda, dedi-qodularda hallanmayıb. Səhnəyə hər zaman gülərüzlə çıxıb, bir dəfə də olsa səsini efirdə ucaltmayıb, nalayiq bir söz, bir ifadə işlətməyib. Hər bir layihəsini ortalığa çıxarmazdan əvvəl yüz ölçüb, bir biçib. Hər şeyin yaxşısını etdi və birinci etdi. Bu gün müasir estrada musiqimizdə sözünü demiş və səviyyəsini qoruyub saxlayan, sənətini ayaq altına atmayan sənətkarları barmaqnan saymaq olar. Onların birincisi yüz minlərin sevimlisi Zülfiyyə Xanbabayevadır. Ondan soruşuruq:
- 16 oktyabr doğum gününüz idi. Sizi bir daha təbrik edirik! Ad gününüzü necə keçirdiniz?
- Çox sağ olun, təbriklərinizə görə. Öncə məni qızım və yoldaşım təbrik etdilər. Həmişəki kimi ad günümü ailəmlə keçirdim.
- 26 oktyabr isə gözünüzün ağı-qarası olan Dənizin ad günüdür. Yeni albomunuzu məhz onun doğum günündə təqdim edəcəksiniz?
- Bunu çox istərdim.
Bildiyiniz kimi, albom xaricdə hazırlanır, amma 26-na qədər gəlib çatsa, mütləq təqdim edərəm. Mətbuat konfransı keçirmək fikrindəyəm, bu isə hazırlıq və zaman tələb edir. Dənizin ad gününə çatmasaq da, konfrans noyabr ayının əvvəlində olacaq.
- Sizi "Yeni ulduz" müsabiqəsinin münsiflər heyətində görüb çoxları sevindi: Təəssüratlarınızı bölüşə bilərsinizmi?
- Bilirsiniz, bəzən seçim turlarına elə insanlar gəlir ki, sanki bizi ələ salırlar. Əlbəttə ki, öz seçimimdə obyektiv olmağa çalışıram. 16 nəfər artıq seçilib və inşallah, gələn həftədən etibarən müsabiqəyə start verilir.
- Gözəl bir hədis var: "Allahın vardırsa, nəyin yoxdur, Allahın yoxdursa, nəyin var?" Bu il siz Allah tərəfindən ən böyük mükafata layiq görüldünüz. Sanki bir sahil idiniz, Dənizin ləpələrlə qasırğalı gəlişini gözləyirdiniz və bir gün Dəniz sahilə gəldi. Özü ilə nələri gətirdi, Zülfiyyə xanımı necə dəyişdi?
- Dənizin sahilə gəlib özüylə mənə gətirib bəxş etdiyi hissləri sözlə ifadə etmək mümkün deyil, bunu yalnız yaşamaq lazımdır. Övlad arzulayan hər kəsə bu hissləri yaşamağı diləyirəm. Allahıma əllərimi uzadıb dua və şükür etməkdən doymuram, çünki Allah məni durduğum sahildə tək qoymadı və mənə Dənizi yetirdi. Ümumiyyətlə həyat təcrübəm olduğu üçün belə qənaətə gəlmişəm ki, insan nəyi ürəkdən və saf niyyətlə çox-çox arzulasa, bu arzu mütləq çin olacaq.
- İnsan var dənizə baxır və heç bir ülvi hiss keçirmir, hə də, dənizdir deyir. İnsan da var Dənizə baxıb Ulu Tanrının yaratdığı bu gözəlliyin qarşısında dayana bilmir, heyran olur, Yaradanın qarşısında nə qədər aciz olduğunu anlayır. İnsan da bunları dərk edib övladına məhz Tanrının yaratdığı bu gözəlliyi ad seçir. Dəniz sizin üçün daha nələri simvolizə edir?
- Dəniz sudur, aydınlıqdır, sonsuzluqdur. Mənim Dənizimə həmişə "Səni Dəniz qədər sevirəm!" deyirəm. Amma bu sualın cavabını siz özünüz elə sualda verdiniz və mən nəyisə əlavə etmək belə istəmirəm. - Hamı gözəl bilir ki, sizin həyatınızda ikinci doğma bacınız dərəcəsinə yüksələn bir insan var. Bəlkə də onsuz siz bu vəhşi və yırtıcılarla dolu cəngəlliklərdən də betər olan "şou-biznes" aləmində çox qalmazdınız. Nigar xanım sizin institutda qrupp yoldaşınız olub və sizi Brilyant Dadaşova ilə, Vaqif Gərayzadə ilə tanış edib. Ən əsası, Nigar sizə "Bakı payızı 88" müsabiqəsində iştirak etməyi təklif edib. Deməli, sizi istəyənmiş, istedadınızı görürmüş, səmimi insanmış. Nə vaxt başa düşdünüz ki, bu insanda ikinci bir Zülfiyyə yaşayır?
- Elə tələbəlik illərimizdə bunu dərk etdim. Mən istəməzdim ki, siz bu sənət sahəmizi cəngəlliklə müqayisə edəsiniz. Səhnəni ehtiram bəslədiyim bir çox sənətkarlarla bölüşdüyüm üçün sənətimə böyük hörmətim var. Nigarla biz artıq 20 ildir ki, rəfiqəyik. Bu insan hər zaman zəhmətkeş, dəqiq və peşəkar olub..
|
|
|
Oxşar xəbərlər:
Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək
Zülfiyyə Xanbabayeva münsiflər heyətinə keçdi
İkiyaşlı qızına iki doğum günü
|
|
|