Kapellhaus Alman Mədəniyyət Mərkəzində "Sənə "sevirəm" dedim" adlı musiqili-bədii gecə Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinin təşəbbüsü ilə hazırlanmışdı. Gecə əsasən Tofiq Quliyevin mahnıları üzərində qurulmuşdu. Əməkdar artist Azad Şükürovun təqdimatından sonra tarzən Gülağa Zeynalov bəstəkarın "Gecə serenadası", "Qız əlləri", "Axşam", "Etibar", "Qızıl üzük", "İlk bahar" və digər mahnılarını instrumental şəkildə ifa etdi. Onu royalda pianoçu-bəstəkar Ülviyyə Vəliyeva müşayiət edirdi. Bu musiqili bədii gecədə poeziyaya da yer ayrılmışdı. Belə ki, hər musiqinin ardınca şairlərdən Nəbi Xəzri, Qabil, Ramiz Rövşən, Baba Vəziroğlunun məhəbbət şeirləri Azad Şükürov və Məleykə Məmmədova tərəfindən səsləndirildi. Konsertin təşkilatçıları mədəniyyət mərkəzinin səhnəsini gecənin ab-havasına uyğun şəkildə hazırlamışdılar. Lirik notlara söykənən gecənin sonunda ifaçıların çıxışı böyük alqışlarla qarşılandı.
|