çap et  
Hökumətin öhdəlikləri icra imkanları azalıb
Hökumətin öhdəlikləri icra imkanları azalıb
Çıxış yolu olaraq pensiya yaşı artırılır
Şənbə, 24.10.2009

Aynurə Əhmədova

Parlament "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib. Beləliklə də yaşa görə əmək pensiyalarının təyin şərtləri dəyişdirilib. Dəyişiklikliyə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə əlilliyə görə əmək pensiyasının təyin şərtləri də dəyişdirilib. Sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşa qədər tərbiyə etmiş və 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddi 5 il azaldıldı.

MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əmək pensiyası yaşının artırılmasını sosial ədalət prinsipinin pozulması ilə əlaqələndirib. O, "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi zərurətini iki səbəblə izah edib: "Birincisi, "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunarkən pensiya haqqında bənd var idi. O zaman cəmiyyətdən narazılıqlar səsləndi ki, nəyə görə insanları tez pensiyaya çıxarmağa çalışırsınız? Biz də bu narazılıqları nəzərə aldıq. Bu o deməkdir ki, insanlar pensiyaya çıxmaqdansa, işləməyə üstünlük verirlər".

Millət vəkili xatırlatdı ki, Avropa ölkələrində həm kişi, həm də qadın üçün pensiya yaşı 65-dir. Türkiyədə qadınlar 60, kişilər isə 65 yaşlarında pensiyaya çıxırlar. Onun sözlərinə görə, Azərbaycanda orta yaş həddi artıb və bu səbəbdən sosial ədalət prinsipi pozulub: "Yəni orta yaş həddi ilə götürdükdə qadının təqaüdə çıxandan sonra 18, kişinin 12 il pensiya alması müşahidə edilir və biz bunu tənzimləmək qərarına gəldik".

Bəzi iqtisadçılar Dövlət Sosial Müdafiə Fondunun əhalinin orta yaş həddinin uzanmasıyla bağlı arqumentlərini əsassız sayırlar. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, ölkədə orta ömür həddiylə bağlı götürülən rəqəmlər gerçəkliyi əks etdirmir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi isə öz saytında Azərbaycanda orta yaş həddini 66 göstərib.

Azər Mehtiyev deyir ki, pensiya yaşının qaldırılması hökumətin sosial öhdəlikləri yerinə yetirmək imkanlarının azalmasıyla bağlıdır. Hökumət öz üzərinə düşən öhdəlikdən qaçmaq fikrindədir. Məlum məsələdir ki, pensiya yaşının müəyyən edilməsi üçün meyarlar olmalıdır. Yəni hansı yaş həddinə görə pensiyaya çıxmaq normaldır? sualına aydınlıq gətirilməlidir.

"Təbii, əsas götürə bilərlər ki, bir çox ölkədə bu yaş həddi 60-65 yaş arasındadır. Azərbaycanda sovet dövründən qalma sistemə uyğun olaraq yaş həddi daha aşağı idi - 50-55 arası. Müasir Avropada isə pensiya yaş həddinə yanaşmada ciddi meyarlar var. Bu da ondan ibarətdir ki, orta pensiya alma həddi 12 il olmalıdır. Yəni bu o deməkdir ki, insanlar pensiyaya çıxandan sonra 12 il bundan yararlana bilməlidir. Digər ölkələrdə bu göstəriciyə görə, orta ömür müddəti ciddi qəbul edilir. Avropada orta ömür müddəti 80 il hesablanır. BMT-nin Azərbaycan üçün ötən il elan etdiyi orta ömür müddəti 66 ildir. Orta ömrün 66 il olduğu bir ölkədə pensiyaya çıxma yaşının bizdəki kimi müəyyənləşdirilməsi qəbuledilməzdir. Belə çıxır ki, orta yaş həddinə qədər yaşayan kişilər 1 il, qadınlar isə cəmi 3 il pensiya ala bilərlər. Bu məsələ çox önəmlidir", - deyə A.Metdiyev vurğuladı.

İqtisadçı "Əmək pensiyaları haqqında" qanuna təklif edilən əlavə və dəyişiklikləri hökumətin öz vətəndaşına sosial sığortanı ödəmək istəmədiyi kimi dəyərləndirib. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olması məsələsinə gəlincə, ekspert qeyd edib ki, bu müddət əsaslandırıla bilər: "Şübhəsiz ki, insanların əmək pensiyası alması üçün onların normal iş stajına malik olmaları lazımdır. Normal əmək stajı olmayanlar bu halda sosial pensiya almalı olurlar".

Millət vəkili Musa Quliyev deyir ki, pensiya yaşının artırılması sosial-iqtisadi inkişafla bağlıdır. O bu qənaətdədir ki, hazırkı pensiya yaş həddi keçmiş SSRİ dövründən qalma ənənələr əsasında formalaşıb. Çünki həmin dönəmdə keçmiş Sovet İttifaqı həm iqtisadi resurslarının çoxluğu, həm də əhali artımına önəm verilməsi səbəbindən pensiya yaşının aşağı göstərilməsinə, o cümlədən əksər təbəqələrə güzəştlərin nəzərdə tutulmasına şərait yaradırdı.

M.Quliyevin bildirdiyinə görə, zaman keçdikcə insanların orta ömür yaşı artır, vaxtilə insanların gənc yaşlarında ölümünə səbəb olan bir sıra xəstəliklərin də müalicə üsulları tapılıb. Ürək çatışmazlığı, onkoloji xəstəliklərin bir çoxunun müalicə metodları məlumdur. Buna görə də pensiya yaşının artırılması aktual məsələdir". Belə hesab edilir ki, bu addımın atılması əmək qabiliyyətli insanların sayının artması baxımından özünü doğrulda bilər. M.Quliyevin dediklərinə görə, Avropa ölkələrinin əksəriyyətində bu prosesə 10 - 15 il əvvəl başlanılıb: "İnkişaf edən ölkələrin çoxunda kişilərin pensiya yaşı 63-dən yuxarıdər. Bəzi ölkələrdə hətta pensiya yaşı kişilərdə 65-ə, qadınlarda isə 60-a qaldırılıb. Dünyada gedən proseslər nəzərə alınsa, Azərbaycanda mövcud pensiya yaş həddinin artırılmasına zərurətin yarandığı aydınlaşar".