![]() |
çap et |
|
|||
Dünən, 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə Şəhidlər Xiyabanında yerləşən abidə ətrafında ucaldılan Türkiyə bayraqları Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yığışdırılıb. Bayraqlarla yanaşı bayraqların sancıldığı dəmir dirəklər də xüsusi avadanlıqla kəsilərək ərazidən daşınıb... Dirəklərin yerinə isə daş plitələr düzülüb...
Məlumata görə, bayraqların çıxarılmasına səbəb, 2008-ci il aprelin 25-də ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanunun icrasına başlanılması olub. Belə ki, qanunun qüvvəyə minməsi ilə əlaqədar prezident İ.Əliyevin 2008-ci il mayın 7-də imzaladığı fərmana əsasən, qanunun icrasına nəzarəti həyata keçirmək səlahiyyəti Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Məsələyə münasibət bildirən Səbail RİH-nin şöbə müdiri İsrafil Kərimovun sözlərinə görə, bayraqların abidə ətrafından yığışdırılması heç bir kampaniya xarakteri daşımır: "Bu məsələ 2008-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında xarici dəvlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanun əsasında tənzimlənir. Rayon ərazisində vaxtaşırı bu qanundan irəli gələn tədbirlər həyata keçirilir. Misal üçün, Türkiyənin "Bəhra" firmasınən baş ofisi qarşısından Azərbaycanın dövlət bayrağı da yığışdırılıb". XİN mətbuat katibi Elxan Poluxov isə bildirib ki, onun təmsil olunduğu qurum bayraqla bağlı məsələlərə baxmır: "Xarici İşlər Nazirliyi nə bayraq asır, nə də bayraq götürür. Bu məsələnin bizə aidiyyatı yoxdur". Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə son günlər bayraqla bağlı problemlərin diqqət mərkəzində olduğu bir zamanda abidə ətrafındakı bayraqların yığışdırılmasını düzgün hesab etmir: "Hər halda bu ərəfədə belə bir addımın atılmasını doğru hesab etmirəm. Türkiyədə özünü tanımayan kimsənin atdığı addıma qarşı belə addəm atmağımızı doğru saymıram". F.Mustafadan fərqli olaraq, Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə bayraqların yığışdırılmasını qanunun tələbi kimi dəyərləndirib: "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanuna görə, xarici dövlətlərin bayraqları harada gəldi asıla bilməz. Düşünürəm ki, abidənin ətrafındakı bayraqlar qanunun tələbinə əsasən yığışdırılıb". Bayraqların yığışdırılmasını türk xalqına qarşı həqarət kimi qiymətləndirən Müsavat Partiyası isə etiraz olaraq bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, "Siyasi münasibətlərdə yaranan hər hansı bir gərginliyə görə belə münasibət sərgiləmək təkcə qərəzli münasibət deyil, həm də siyasi naşılıqdır". Partiya rəsmi Bakının bu addımını qətiyyətlə pisləyir, və bayraqların öz yerindən asılmasını tələb edir. Şəhidlər Xiyabanındakı bu abidə 1918-ci ildə Bakının azad olunması uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə 1999-cu ildə ucaldılmışdır. Ətrafında isə Türkiyə ilə yanaşı Azərbaycanın da dövlət bayraqları dalğalanırdı. |