Azərbaycan üçün "hərb yoluna" alternativ qalmır
 |
Xəbis beynəlxalq yanaşma ərazi bötövlüyümüzü dincliklə təmin etməyə şans vermir
Şənbə, 17.10.2009
|
|
"Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisəedilməz səviyyədədir, biz bütün cəhətlərdə onlardan üstünük". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev dünən Nazirlər Kabinetinin iclasında söyləyib. Prezident Azərbaycanın siyasi imkanlarının çox geniş olduğunu deyib.
"Bizim həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə, bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bölgədə ən qüdrətli ordudur. Biz hərbi gücümüzü artırırıq. Düzdür, bu, böyük vəsait tələb edir. Ancaq bunu etməliyik. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək", - deyə İlham Əliyev vurğulayıb.
"Azərbaycan Ordusu regionda ən güclüdür və ən böyük hərbi potensiala malikdir. Çünki ölkəmiz müharibə şəraitində yaşayır. Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmayıb, bunun yeganə səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir", - deyə qeyd edən prezident bildirib ki, hazırda Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir.
"Azərbaycanın isə öz prinsipial mövqeyindən geri çəkilmək fikri yoxdur. Bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb" deyən prezident bildirib ki, Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanın təcrid vəziyyətindən çıxmasına heç vaxt imkan verməyəcək: "Bu vəziyyətin yaranmasının əsl günahkarı Ermənistan rəhbərliyinin özüdür. Azərbaycan isə öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq. Çünki bu mübarizə haqq-ədalət mübarizəsidir".
Dövlət başçısı deyib ki, bölgədə "status-kvo" Azərbaycanın xeyrinə dəyişməlidir, əks halda Azərbaycan vəziyyətlə barışmayacaq: "Çünki Azərbaycanın iştirakı olmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz".
Analitiklərə görə, Gürcüstan-Rusiya müharibəsindən sonra prezident İlham Əliyevin belə sərt çıxışına ciddi səbəblər var.
İlk olaraq Türkiyənin işğalçı Ermənistana sərhədləri açmağa hazırlaşması, habelə dünya ictimaiyyətinin Azərbaycanın bir qisminin işğal altında qalmasını görməzliyə vurması buna səbəb olub. Şərhçilərə görə, Azərbaycan beynəlxalq hüquq normalarına görə istənilən yolla, habelə güc tətbiq etməklə ərazi bütövlüyünü təmin edə bilər. Amma bu haqqın gerçəkləşdirilməsi üçün obyektiv və sübyektiv amillər də mövcuddur.
Son illər işğal altında olan ərazilər istisna olmaqla Azərbaycanın hər bir bölgəsində iqtisadi inkişaf müşahidə olunur. Analitiklər hesab edirlər ki, əgər ölkədə şəffaf bazar münasibətləri qurulsaydı, Azərbaycan hazırkı səviyyədən 10 dəfə artıq da inkişaf edə bilərdi. Yəni bütün korrupsiya və sair neqativ meyllərin mövcud olmasına baxmayaraq, ölkədə hərtərəfli inkişaf gedir. Xüsusilə Qarabağın işğalı zamanı Azərbaycanın nizami ordusu, mükəmməl silah-sursatı və bu silah-sursatdan istifadə edə biləcək mütəxəssisləri yox idisə, hazırda belə bir problem yoxdur.
Azadlıq müharibəsinin gecikməsinə səbəb həm sülhpərvər olan Azərbaycanın münaqişəni ölüm-itimsiz həll etmək istəyi, həm də dünya ictimaiyyətinin rəsmi Bakını dəfələrlə aldatması olub. Özünün geosiyasi və iqtisadi maraqlarını bölgədə təmin edən və bu istiqamətdə səylərini davam edən Qərb ölkələrinə hazırda həm də Ermənistan lazımdır. Amma Ermənistan birbaşa Qafqazda Rusiyanın əlaltısıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çərçivəsində bu ölkələrin orduları, demək olar, eynidir və hazırda Türkiyə-Ermənistan sərhədlərində dayanan əsgərlər də Rusiya hərbi qulluqçularıdır. Eyni zamanda, Ermənistanda Rusiyanın bölgədə ən güclü hərbi bazalarından biri yerləşir. Analitiklərə görə, torpaqlarımızı azad etməyə başlayacağımız təqdirdə yalnız ermənilərlə deyil, ruslarla da döyüşəsi ola bilərik. Hazırkı vəziyyətdə əsasən strateji yüksəkliklərə nəzarət edən ermənilərlə müharibədə itkilərin də çox ola biləcəyini söyləyənlər var. Amma 1994-cü ildən bəri davam edən atəşkəs dövründə də itkilərimizin az olmadığını nəzərə alsaq, problemə birdləfəlik nöqtənin qoyulması üçün savaş əməliyyatlarının bu və digər formada bərpası qaçılmazdır.
Söz yox ki, bu illər ərzində xüsusilə ruslardan ciddi maddi-texniki dəstək alaraq ordularını yaxşı-pis təkmilləşdirən ermənilər neft-qaz kəmərlərini və digər transmilli layihələri də özlərinə hədəf seçəcəkləri ilə bağlı fikirlər yürütməklə, dünyanı şantaj edirlər. Bu səbəbdən beynəlxalq təşkilatlar müharibənin başlayacağı təqdirdə Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurulacağından söz açır, bizi bu fikirdən daşındırmağa çalışırlar.
Amma bu ölkənin 20 faizə qədəri işğal altındadır, Qərbdə bunu vecinə alan yoxdur. Artıq uzun illərdir ki, Qarabağdakı separatçı rejimin "müstəqil" yaşadığını iddia edən bəzi ağıllılar da Azərbaycanı gerçəkliklərə barışmağa çağırırlar. Amma ötən əsrin əvvəllərində və daha əvvəlki illərdə gerçəkliklərlə barışmış Azərbaycanın daha itirməyə torpağı qalmayıb. Bunu da nəzərə almaq lazım gəlir.
Analitiklərə görə, mümkün müharibə Azərbaycana iqtisadi baxımdan ziyan vura bilər. Amma Azərbaycan ərazi bütövlüyünü təmin edə bilsə, qısa müddət ərzində dəymiş ziyanın fəsadlarını aradan qaldıracaq və Qarabağdakı dağıntılar bərpa edilərək qısa müddətdə Azərbaycanın digər bölgələri ilə iqtisadi münasibətlərə qoşulacaq.
"Bu müharibədə Azərbaycan itirə də bilər" - bu mülahizəni söyləyənlərin arqumenti budur: "Əgər ruslar Gürcüstanda olduğu kimi, proseslərə açıq-aydın müdaxilə etsələr və ya etnik-separatizm zəminində oyunlara əl atsalar, bu halda Azərbaycan bir neçə rayonunu da itirə və infrastrukturu da dağıdılmış bir vəziyyətə düşə bilər". Birincisi, Gürcüstandan fərqli olaraq Azərbaycan ərazilərində Rusiya sülhməramlıları yoxdur. İkincisi, Rusiya bizim strateji tərəfdaşımız, ən böyük ticarət ortağımızdır və Rusiyada ən azı 2 milyon soydaşımız yaşayır. Rusiya ilə bizim problemimiz yoxdur. Etnik-separatizm zəminində kimlərsə bu və digər səviyyədə fitnəkarlıq aktları törədə bilər, lakin geniş separatçılıq üçün Azərbaycan vətəndaşları arasında baza yox kimidir. buna cəhd edənlər geniş dəstəyi görməyəcəklər. Erməni mülki əhali ilə məskun olmayan bölgələrdə, Ermənistanın yurisdiksiyasına aid olmayan ərazilərdə nəzarətimizi bərpa etmək istəyimizə qarşı kim hansı arqumenti gətirəcək?
|
|
|
Oxşar xəbərlər:
İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
İlhamə Quliyeva xeyirxah pəri obrazında
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
|
|
|