Azərbaycan heyətinin Ankarada mətbuat konfransı
 |
Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu"
Şənbə, 17.10.2009
Ələsgər Ələsgərli, Ankara |
mətn ölçüsü |
|
|
|
Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma prosesi ehtimal edildiyindən daha sürətlə davam etməkdədir. Bu yaxınlaşma artdıqca Türkiyə-Azərbaycan münasibətlərində də soyuqlaşma hiss olunmaqdadır. Təbii olaraq, Türkiyə-Ermənistan yaxınlaşmasında Azərbaycanın maraqlarının diqqətə alınıb-alınmama məsələsi rəsmi Bakıda böyük narahatlıq doğurur. Bununla əlaqədar Azərbaycanın millət vəkilləri bir neçə gündür Türkiyədə görüşlər keçirir. Oktyabrın 16-dakı mətbuat konfransı bu görüşmələrin nə qədər gərgin keçdiyinə bir işarə idi.
Konfransda Azərbaycan heyətinin başçısı, millət vəkili Səməd Seyidov bu səfər müddətində keçirdikləri görüşlər barədə məlumat verdi. O, Türkiyənin baş naziri və parlament sədri ilə, müxalifət partiyalarının liderləri ilə görüşdüklərini dedi. O bu görüşlərin çox konstruktiv keçdiyini, müxalifət liderlərinin prosesi yaxından izlədiklərini, iqtidarın isə öz sözünün üzərində duraraq, Qarabağ işğaldan azad edilmədikcə bu protokolların parlamentdən keçməyəcəyinə dair verdikləri sözə inandıqlarını ifadə etdi. Buna baxmayaraq, mətbuat konfransında səslənən fikirlər əslində Azərbaycanın narahatlığının davam etdiyini ortaya qoydu.
Siyasi oyunlara alət edilmiş futbol
Səməd Seyidov son günlərdə yaşanan hadisələr arasında ən xoşagəlməz hadisənin "Azərbaycan bayrağına qarşı yol verilən hörmətsizlik" olduğunu qeyd etdi. O, bunun Azərbaycan və Türkiyənin arasını vurmaq istəyən güclərin əməlləri olduğunu dedi.
Onu da qeyd edək ki, Bursadakı Türkiyə-Ermənistan futbol yarışması tarixin ən siyasiləşmiş oyunlarından idi. 18 min yerlik stadionda azərkeşlərə, sadəcə, 3 min bilet satılmışdı. 8 min nəfər isə "dəvət edilmiş" şəxslər idi. Stadionda 3 min 500 polis asayişə nəzarət edirdi. Sözün qısası, bu futbol "fövqəladə vəziyyət" şərtləri altında keçirildi.
Bayraq böhranı isə Bursa valisinin "stadiona üçüncü ölkələrin bayraqları buraxıla bilməz" təlimatından sonra ortaya çıxmışdı. Valinin bu təlimatı ictimaiyyət arasında güclü etiraz doğurmuşdu. Konyalı bir məmur və bir səyyar satıcı tərəfindən bu qərarın hüquqa zidd olduğuna dair məhkəmədə iddia qaldırıldı.
Bəzi ictimai təşkilatlar isə 50 min ədəd Azərbaycan bayrağı hazırladaraq xalqa payladı.
Bu etirazlar qarşısında vali geri addım atmaq məcburiyyətində qalaraq, stadiona bayraq gətirməklə bağlı məhdudiyyətin olmadığını bəyan etdi. Ancaq yarışmaya bir neçə saat qalmış "bayraq yasağı" yenidən qüvvəyə mindi. Bu dəfə isə FİFA-nın intizam nizamnaməsinin 26-cı maddəsi əsas alınmışdı. Həmən maddədə "irqçi, siyasi və dini" zəminli fəaliyyətlər qadağan olduğundan bəhs edilməkdədir. Halbuki Azərbaycan bayrağının stadionda dalğalanması bu əməllərdən heç birinə uyğun gələ bilməzdi. Amma iş işdən keçmişdi...
Bu prosesdə alınan qərarların kimlər və hansı şərtlərdə alındığı məlum olduğu halda, nə üçün səbəbkarı üçüncü qüvvələr arasında axtarmalıyıq?
Səməd Seyidov bu sualımıza belə cavab verdi: "Əslində futbol matçında Azərbaycan bayrağına qoyulan qadağanı başa düşməkdə çətinlik çəkirəm. Necə ola bilər ki, eyni gündə Bakıda oynanan Azərbaycan-Rusiya yarışmasında stadionda Türkiyə bayraqları dalğalanır. Bursada isə Azərbaycan bayrağına qadağan qoyulur? Ancaq biz bayrağımıza qarşı qoyulan qadağadan çox, ona qarşı hörmətsiz davranışlara görə təəssüf hissi keçiririk. Televiziya ekranında Azərbaycan bayrağını zibil qabında göstərən kadrlar ürəyimizi parçaladı. Bu, təsadüfi kadrlar deyil. Məqsədli və düşünülmüş hərəkətlərdir. Ona görə də biz bu hadisələrdə Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirmək istəyənlərin əli olduğunu iddia edirik. Bu bayraqda bizim şəhidlərimizin qanı var. Bayraq ən müqəddəs dəyərdir. Biz bununla bağlı Türkiyədə ən səlahiyyətli şəxslərə öz etirazımızı bildirdik. Ən qısa zamanda bu hadisələrin səbəbkarlarının müəyyən edilərək cəzalandırılmasını tələb edirik".
Türkiyə Azərbaycanı itirmək bahasına Ermənistanı qazanmamalıdır
Azərbaycanlı millət vəkilləri Qarabağ azad edilmədən Türkiyənin Ermənistanla sərhədi açarsa, çox xoşagəlməz hadisələrlə nəticələnə biləcəyini ifadə etdilər. Qənirə Paşayeva MDB Kişinyov sammitindən sonra Sarkisyanın daha radikal açıqlamalar verdiyinə diqqəti çəkdi: "Bir neçə gün əvvəl Türkiyədə bir çoxları Kişinyov sammitində Qarabağ məsələsi ilə bağlı konkret nəticələr əldə ediləcəyinə dair proqnozlar verirdilər. Halbuki Sarkisyan "Azərbaycan Kəlbəcər və Laçını unutsun. Biz işğal məsələsini müzakirə etmirik. Türkiyə ilə Qarabağ məsələsini deyil, iki ölkəni maraqlandıran daha vacib məsələləri müzakirə edirik" deyir.
Mətbuat konfransında çıxış edən digər millət vəkilləri də Azərbaycan torpaqları azad edilmədən Türkiyə Ermənistanla münasibətlər qurarsa, Azərbaycanı itirəcəyini, Türkiyə də Azərbaycan üçün İran və Rusiya kimi adi qonşuluq münasibətləri olan dövlətə çevriləcəyini ifadə etdilər.
Ən böyük təhlükə qarşılıqlı etimadsızlıqdır
Türkiyənin Qafqaz siyasəti yeni mərhələyə daxil olmaqdadır. Bu yeni mərhələ həm Türkiyə, həm də Azərbaycan üçün eyni zamanda çox ağır bir imtahan mərhələsidir. Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmağa, diplomatik münasibətlər qurmağa və sərhədlərini açmağa çalışır. Böyük dövlətlər, Avropa Birliyi və ABŞ bunun üçün ciddi təzyiq göstərir. Rusiya öz mənfəətlərini əsas alaraq müəyyən yerə qədər bu yaxınlaşmanın tərəfdarıdır.
Rəsmi Bakı işğal məsələsi həll olunmadan Türkiyə-Ermənistan sərhədinin açılmasının iki ölkə münasibətlərinə çox böyük zərbə vuracağını bəyan etməkdədir. Türkiyə ictimaiyyətində də gərgin psixoloji vəziyyət hakimdir. Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmaqla, qondarma "soyqırım" iddiaları ilə bağlı təzyiqlərin azalacağına ümid edir. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi ilə bağlı rəsmi Bakıya "arxayın ol" deyir. Azərbaycan isə bu sözə "inanmaq istəyir", amma haqlı tərəddüdləri davam edir.
Bu hadisələr fonunda "bayraq böhranı" kimi hadisələrin yaşanması da iki ölkə arasındakı etimadsızlığı artırdı. Artıq Türkiyədə Azərbaycan tərəfinin türk bayrağı ilə bağlı "adekvat tədbirlər aldığına" dair xəbərlər yayılmağa başlamışdır. İki ölkə arasında qarşılıqlı etimadsızlıq havasının yaranması ancaq və ancaq iki ölkənin zərərinədir. Qazanan isə "üçüncü qüvvələr" dediyimiz düşmənlərimiz olacaq.
|
|
|
Oxşar xəbərlər:
Bazar ertəsi "Nabucco" imzalanır
Bakıdan Ankaraya nota...
Həmyerlimiz müsabiqədə 2-ci oldu
"Bayraq qalmaqalı" əndazədən çıxır
Erməni vandalizmi - bəşər mədəniyyətinə təcavüzdür
|
|
|