"Rusiya NATO-nun Qafqaza təsirini azalda bilməyəcək"
 |
HATM Bakını şimal qonşusu ilə ehtiyatlı olmağa çağırır
Şənbə, 17.10.2009
|
|
Noyabr ayında prezident İlham Əliyevin Müdafiə Nazirliyinin yeni idarələrinə rəislər təyin olunmasına dair sərəncam imzalayacağı gözlənir. Bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov dünən keçirdiyi mətbuat konfransında bəyan edib.
İ.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi çərçivəsində MN mərkəzi aparatında və Baş Qərargahda bir sıra yeni idarələrin yaradıldığını və bu idarələrə müvəqqəti olaraq bir sıra generalların rəhbər təyin edildiklərini xatırladıb. Onun sözlərinə görə, idarə rəislərinin adları noyabr sərəncamından sonra bilinəcək.
Onun sözlərinə görə, hazırda Müdafiə Nazirliyinin generalları - Çingiz Məmmədov, Ramiz Nəcəfov, Eyvaz Cəfərov, Fazil Həşimov, Rafiq Hüseynov, Rəhim Cəfərov və başqaları vəzifələri müvəqqəti icra edirlər.
"Düşünürük ki, son dəyişikliklərin nəticəsi olaraq MN aparıcı idarələrinə NATO standartlarına uyğun savadlı, təcrübəli və bacarıqlı kadrlar rəhbər təyin ediləcək", - HATM rəhbəri onu da bildirdi ki, MN mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında həyata keçirilən islahatlar 2010-cu ilin 1 yanvarına qədər yekunlaşmalıdır.
İ.Məmmədov 2009-cu ilin sentyabr ayında Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı HATM-ın təhlillərini açıqladı. O bildirdi ki, ötən ay bu sektorda əsas diqqətçəkən hadisə məhz Silahlı Qüvvələr Baş Qərargahında və Müdafiə Nazirliyinin mərkəzi aparatında həyata keçirilən ştat-struktur islahatları ilə bağlı olub. "Lakin bu islahatların ləng aparılması əsas narahatlıq doğuran məsələdir. İndi daha çox imitasiya edilir. Lənglik məhz ruh düşkünlüyü yaradır", - deyə İ.Məmmədov bildirdi, islahatların müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var və bu, islahatları həyata keçirilən məmurların təqsiri ücbatından yaranıb.
"İslahatlar nəticəsində formalaşdırılmış yeni ştat-strukturların Silahlı Qüvvələrin çevik idarəçiliyinə zəmin yaradacağına şübhəm yoxdur. Çünki NATO standartlarının sovet sistemindən üstünlüyü çoxdan sübut olunub. Lakin problem başqa məsələdədir: bu gün orduda aparılmış ştat-struktur islahatları nəticəsində minlərlə zabit və gizirin vəzifəsi aşağı salınıb və bununla da onun məvacibi azaldılıb. Halbuki aşağı vəzifəyə salınma zamanı zabit və ya gizirin razılığı olmalı idi. Çünki aşağı vəzifəyə salınma onun məvacibinin və xidmətdən sonra alacağı təqaüdün miqdarına təsir göstərir. "Hərbi xidmət keçmə haqqında" qanunla ixtisar baş verərsə, zabit ordudan tərxis edilmək hüququna malikdir və buna görə əlavə güzəşt və imtiyazlar əldə edir. Amma bizdə əksər hallarda zabit və gizirlərin bu hüququ tanınmır. Belə görünür ki, hərbi sistemdə kimsə islahatlar adından istifadə edərək narazılıq yaratmaqla təxribat törədir", - deyə HATM rəhbəri bildirdi.
İ.Məmmədov qeyd etdi ki, ötən ay Rusiyanın Cənubi Qafqazda nüfuzunun və təsirinin artırılması istiqamətində aktiv səylər göstərməsi müşahidə olunub. O, buna misal kimi, Rusiyanın ötən müddətdə Cənubi Qafqazdakı qoşun birləşmələrini, Qara dəniz və Xəzər dənizindəki donanmalarının bir komandanlıq altında idarə olunması barədə çıxarılmış qərarı xatırlatdı.
Onun sözlərinə görə, hazırda Rusiya Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqlərini davam etdirir. "Rusiya Cənubi Qafqazda bütün qoşun növlərinin operativ idarəolunma məsələsini yekunlaşdırdı. Kreml sonuncu hərəkətləri ilə NATO-nun Cənubi Qafqaza təsirini minimuma endirmək istəyir. Lakin bunun reallaşması mümkün deyil", - deyə İ.Məmmədov bildirdi.
Ekspert amerikalı politoloq, postsovet məkanı üzrə ekspert Jiri Valentanın "Cənubi Qafqazda Gürcüstandan sonra Azərbaycan növbəti qurban ola bilər" bəyanatını "əsaslı proqnoz" olaraq qəbul etdiyini bəyan etdi. Onun sözlərinə görə, bu məsələ Azərbaycanın Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe tutmasını zəruri edir.
İ.Məmmədov daha sonra söylədi ki, Azərbaycanın Xəzərdə hərbi-siyasi mövqeyini gücləndirməsi zərurətdir. "Çünki bu gün Xəzər regionunda dövlətlərin silah yarışı başlayıb. Rusiya bu yaxınlarda İrana "Tatarıstan" tipli 2 gəmi verib. Bu gəmilərin raket kompleksi var. İran Xəzərdə yeni komandanlıq yaradır. Halbuki onun bunu etməyə hüququ yoxdur. Bu gün İran Xəzərdə hərbi baxımdan Rusiyaya yaxınlaşır", - deyə o qeyd etdi.
İ.Məmmədovun sözlərinə görə, sentyabr ayında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun təmsilçiləri bir sıra təlimlərdə iştirak edib. Xüsusilə də FHN əməkdaşlarının Qazaxıstanda keçirilən NATO-nun Avroatlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinin "Zhetysu-2009" səhra təlimində iştirakı çox faydalı hesab edilə bilər. FHN-in Bakı yaxınlığında "Xəzər - 2009" adı altında genişmiqyaslı taktiki təlim keçirməsini müsbət qiymətləndirən İ.Məmmədov bütün bunların Azərbaycanın müdafiə və döyüş qüdrətinin bariz sübutu olduğunu qeyd edib. Eyni zamanda İ.Məmmədov Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində üçgünlük genişmiqyaslı taktiki təlimlər keçirməsini də xüsusi olaraq qeyd etdi.
HATM-ın hesabatına görə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin maddi-texniki təminatının, sosial şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinə ehtiyac yaranıb. İ.Məmmədov bu xüsusda Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün Bakı şəhərindəki "Qırmızı Şərq" hərbi şəhərciyində 9 mərtəbəli yaşayış binasının tikintisinin təqdirəlayiq bir hal olduğunu bildirdi. "Bu binada 96 hərbçi ailəsinin mənzillə təmin olunacağı deyilir. Lakin bu çox azdır, orduda minlərlə zabit mənzilsizdir, bu səbəbdən hərbçilər üçün bina tikintisi işi sürətləndirilməlidir", - deyə o qeyd etdi.
HATM qeyd edilən məqsədlərə çatmaq üçün Azərbaycanın hərbi büdcəsinin artırılmasını da zəruri hesab edir. İ.Məmmədovun sözlərinə görə, Azərbaycanın növbəti illər üçün müdafiə xərclərinin tədricən 5 milyard manata qədər artırılması zəruridir. "İsrail kimi kiçik dövlətin hərbi büdcəsi 13 milyard dollardır və dünyada onu buna görə heç kim qınamır. Fikrimcə, Azərbaycanın müdafiə xərcləri ümumi büdcənin 35 faizi həcmində olmalıdır. Bu həm də ordunun şəxsi heyətinin məvacibinin artırılmasına dəlalət edərdi", - deyə o qeyd etdi.
İ.Məmmədov bildirdi ki, ötən ay Azərbaycanın müdafiə sənayesi sahəsində irəliləyişlər müşahidə olunub. İlk dəfə olaraq Azərbaycan tərəfi pilotsuz uçan aparatların ilk nümunələrinin istehsalına başlamasını planlaşdırdığını bəyan edib. Belə ki, gələn ilin ortalarından İsrailin "Israel Aerosrace Industries" şirkəti ilə birlikdə, əsasən Azərbaycan ordusunun sifarişi əsasında açıqlanmayan sayda orta ölçülü pilotsuz uçan aparatların istehsalı nəzərdə tutulur. Gələcək perspektivdə isə Azərbaycan mütəxəssislərinin iştirakı ilə insansız sualtı aparatların istehsalının həyata keçirilməsi planlaşdırılır.
İ.Məmmədov Azərbaycanın Türkiyə və İsrail ilə birlikdə zirehli döyüş maşınları istehsal edəcəyi barədə xəbəri də müsbət qarşıladıqlarını bildirdi. "Bütün bunlar çox qürurvericidir və ölkənin müdafiə qüdrətinin güclənməsinə səbəb olacaq", - deyə İ.Məmmədov bildirib.
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Azərbaycan mətbuatının neçə yaşı var?
|
|
|