"Kuvaldo" ləqəbli avtoritet bəraət aldı
 |
Vəkil isə deyir ki, onun "Kuvaldo" olduğu sübut edilmir
Şənbə, 17.10.2009
|
|
Kriminal aləmdə "Kuvaldo" ləqəbi ilə tanınan Natiq Həsənağa oğlu Hüseynlinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə prosesi yekunlaşdı və bəraət aldı.
İttihama görə, Natiq Hüseynli 1995-ci ildə soyğunçuluq etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra alver məqsədilə Rusiyaya yollanıb. 2002-ci ildə Rusiyada zorlama ittihamına görə 5 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin cəzanı çəkdiyi zaman Natiq Hüseynli Azərbaycan vətəndaşları Rövşən və Ramiz Cavadovlarla cinayət əlaqəsinə girərək, 2002-ci ilin sonlarında Rusiyanın iki vətəndaşını qətlə yetirib və Azərbaycana gələrək burada gizlənib. Onun dəstə üzvləri - Rövşən və Ramiz Cavadovlar 2004-cü ildə avtomobil qəzasında ölüblər. Natiq Hüseynlini isə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tutublar.
Qeyd edək ki, Natiq Hüseynli bu cinayət işi üzrə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulsa da, 2006-cı ildə Kemerov vilayət Məhkəməsi ona bəraət verib. Lakin 2008-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları onu yenidən məsuliyyətə cəlb edib və Rusiyada törədilən qətl hadisəsində ittiham olunmuşdur.
Dövlət ittihamçısı Eldar Həmzəyev Natiq Hüseynlinin 14 il 6 ay müddətinə cəzalandırılmasını təklif etdi. Natiq Hüseynlinin vəkili Zaur Məmmədov bildirib ki, Azərbaycan Prokurorluğunun Natiq Hüseynliyə qarşı irəli sürdüyü ittiham həqiqəti əks etdirmir. Vəkilin bildirdiyinə görə, dövlət ittihamçısının Natiq Hüseynliyə 14 il 6 ay cəza istəməsi ədalətli deyil. Vəkil daha sonra qeyd edib ki, istintaq orqanı mərhumun 9 yaşlı uşağının ifadəsini əsas götürərək, müdafiə etdiyi şəxsə ittiham verib: "Həmin uşaq ifadəsində deyib ki, atasını "Kuvaldo" öldürüb. Amma Natiq Hüseynlinin "Kuvaldo" olması heç bir sübutla təsdiq edilmir. Həmin 9 yaşlı uşağın ifadələri də bir-birlərini təkzib edir, ziddiyyətlər təşkil edir. Heç zərərçəkmişlər də gəlib, məhkəmədə ifadə verib, cinayətin Natiq Hüseynli tərəfindən törədilməsini təsdiq etmədilər".
Zaur Məmmədov daha sonra qeyd edib ki, Natiq Hüseynli 2003-cü ildə bu cinayətlə bağlı Rusiyanın Kemerov vilayət Məhkəməsində mühakimə edilib: "Həmin vaxt cinayət işini Natiq Hüsenyli üzərinə götürməsinin səbəbləri də var. Bu cinayəti törədən və kriminal aləmdə böyük nüfuza malik olan şəxslər Rövşən və Ramiz Cavadovların hədəsi ilə üzərinə götürüb. Həmin vaxt Natiq Hüseynli bu cinayəti törətməsini etiraf etməsəydi, onu və ailəsini təhlükə gözləyirdi.
O da bu təhlükəni nəzərə alaraq, cinayəti etiraf edib. Məhkəmə uzandığı müddətdə Rövşən və Ramiz Cavadovlar ölüb. Sonrakı məhkəmə proseslərində Natiq Hüseynli həqiqəti danışmağa başlayıb. Əgər Cavadovlar ölməsəydi, Natiq Hüseynli həqiqəti məhkəməyə söyləyə bilməyəcəkdi və o da heç bir günahı olmadan məhkum ediləcəkdi. 2006-cı ildə Kemerov vilayət Məhkəməsi Natiq Hüseynliyə bəraət hökmü çıxarıb. Azərbaycan Prokurorluğunun ona hansı əsasla ittiham irəli sürdüyü başa düşüləsi deyil. Prokurorluq vətəndaşların taleyinə biganədir".
Vəkil məhkəmənin çıxardığı bəraət hökmünün ədalətli olduğunu qeyd edib. Vəkilin prokurorluğa ünvalandığı ittihama və Rusiyadan zərərçəkmişlərin məhkəməyə gəlməməsinə cinayət işinin məhkəmə istintaqında çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev münasibət bildirdi. E.Həmzəyev bildirdi ki, zərərçəkmişlərin məhkəməyə gəlməməsinin səbəbi var: "Atası dovşan kimi öldürülən şəxs məhkəməyə gələ bilərmi?. Onların məhkəməyə gəlməməsi qorxudan irəli gəlir. Vəkilin prokurorluq barədə səsləndirdiyi ittihamlar əsassızdır. Azərbaycan Prokurorluğu heç də vətəndaşlarımızın taleyinə biganəlik nümayiş etdirmir. Prokurorluq cinayətkarlığa qarşı mübarizə aparır. Bu da bəzi şəxslərin maraqları ilə toqquşur və cəfəng sözlərlə çıxış edirlər".
Prokuror vəkilin Natiq Hüseynlinin "Kuvaldo" olmaması barədə dediklərinə də münasibət bildirdi: "Natiq Hüseylinin "Kuvaldo" ləqəbinin olması hələ 1990-cı ildən təsdiq edilir. Bununla bağlı sənədlər də var. Natiq Hüseynli çıxışlarında bildirib ki, ona "Kuvaldo" ləqəbi verilib".
Bütün tərəfləri dinləyən hakimlər hökm çıxarmaq üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər isə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrinin sübuta yetirilmədiyi üçün həmin ittihama xitam verdilər. Məhkəmə Natiq Hüseynliyə bəraət verərək, onu məhkəmə zalından azadlığa buraxdı...
|
|
|
Oxşar xəbərlər:
"Gözümü bağlayıb kriminal avtoritetlərin yanına apardılar"
|
|
|