Taxıl ucuzlaşır, çörəyin qiyməti isə bahalaşır
 |
Bu vəziyyət inhisarçılığın mövcudluğu ilə izah olunur
Şənbə, 17.10.2009
|
|
Dünya bazarında taxılın qiyməti 10-12 faiz düşüb. İndi birjalarda kiloqramı 12 sentə satılır. Bu ucuzlaşma Azərbaycanda da müşahidə olunur. Qəribədir ki, bu şəraitdə çörəyin qiyməti düşmək əvəzinə qalxır. Çörəkbişirmə sexlərində bunu çörəyin maya dəyərinin artması ilə izah edirlər. Çörəyin maya dəyərinin bahalaşması unun topdansatış qiymətindəki bahalaşma ilə əlaqələndirilib. Bu səbəbdən də çörəyin topdansatış qiyməti 5 qəpik artırılıb...
Taxıl yığımı artıq başa çatıb. Bu il 2 milyon 960 min ton məhsul gözlənir. Bunun 2 milyon 140 min tonu buğdadır. Bu bizim kənd təsərrüfatı tarixində rekord göstəricilərdir.
Kənd təsərrüfatı naziri İsmət Abbasov "Turan" agentliyinə müsahibəsində bildirib ki, hökumət məhsullara qiymət tətbiqinə qarışmır: "Amma həm idxal olunan, həm də yerli buğda xeyli aşağı qiymətə alınırsa, çörəyin qiyməti də müvafiq olaraq enməlidir. Çörəkbişirmə sənayesində çalışan insanlar düşünməlidir ki, buğdanı həm xaricdən, həm də ölkədə ucuz qiymətə alırsa, çörəyin qiymətini də endirməyin vaxtı gəlib çatıb".
Nazir ucuzlaşma barədə konkret rəqəm dilə gətirməsə də, qeyd edib ki, dəqiq hesablamalar aparmalıdır. Alış qiymətləri, istehsal və digər xərclər hesablanmalıdır: "Araşdırmalar göstərir ki, buğda bu il ötənilkindən 50 faiz, bəzən də daha aşağı qiymətə alınır. Bu isə çörəyin qiymətinin salınmasının gündəlikdə durduğunu deməyə bir daha əsas verir".
Deyəsən, iradlar öz bəhrəsini verməkdədir. Belə ki, paytaxtın bəzi ticarət mərkəzlərində 30 qəpiyə təklif edilən 1 kiloqramlıq çörək 20 qəpiyə satılır. Artıq bir neçə gündür Bakıxanov və Suraxanı rayonunda mağazalarda çörək 20 qəpiyə təklif olunur.
Hələlik yalnız zavod çörəyinin qiyməti düşüb. Buna səbəb ölkədə taxıl ehtiyatının bol olması və sahibkarlar tərəfindən buğdanın ucuz qiymətə alınması göstərilir. Buna baxmayaraq digər hüquqi və fiziki şəxslər tərəfindən istehsal olunan çörəyin qiymətində enmə müşahidə olunmur.
Amma burada bir iş var: 20 qəpiyə təklif olunan çörəyin çəkisi nisbətən azdır... Yenə də hökumətdən çəkinən işbazlar çəkini azaltmaqla vəziyyətdən çıxıblar. Bununla hökuməti aldada bilərlər, amma istehlakçıları yox!
İqtisadçı millət vəkili Vahid Əhmədov taxıl biçini dövründə unun və ya çörəyin bahalaşmasını sünilik sayır: "Görünür, bu bahalaşmada enerjidaşıyıcılarında qiymət artımı olacağı barədə şayiələr az rol oynamayıb". Süni qiymət artımını şərtləndirən başqa amil taxılın yox, məhz çörəyin bahalaşmasıdır. Vahid Əhmədov deyir: "Yerlərdə fermerlər taxılın ucuz olmasından gileylənirlər. Onların sözlərinə görə, taxıla təklif olunan qiymət maya dəyərini ödəmir. Hesab edirəm, hökumət bu sahədə çox ciddi addımlar atmalıdır. Yəni Azərbaycanda yüksək həcmdə taxıl istehsalına nail olunması yaxşı haldır. Elə etmək lazımdır ki, fermerlər gələn il də taxıl əksinlər. Bunun üçün taxıl onlardan elə qiymətə alınmalıdır ki, çəkilən xərclər ödənilsin".
V.Əhmədov hesab edir ki, bu sahəyə büdcədən həmişə vəsait ayrılmalıdır: "Hansı dövlət özünü 80 faiz ərzaqla təmin etmirsə, o, təhlükəsiz dövlət sayıla bilməz. Ona görə taxıl bizim üçün əhəmiyyət kəsb edir. Başqa tərəfdən, dünyada taxıl istehsalı azalıb və ərzaq təminatı sahəsində ciddi problemlər yaranmaqdadır. Azərbaycan isə taxıl istehsalı resurslarına malikdir".
İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, ölkədə normal bazar iqtisadiyyatı prosesləri getsəydi, taxıl, un və çörək sənayesində inhisarçılıq, "oliqarx barmağı" olmasaydı, nə hansısa nazirin belə açıqlamasına ehtiyac yaranar, nə də bir sahibkarın iqtisadi proseslərə müdaxilə imkanı olardı. Onun bildirdiyinə görə, çörəyin qiymətinin düşməsi, yaxud bu tip məsələlər inzibatçılıqla həll edilmir: "Normal iqtisadi prosesdə taxıl bazarında qiymətlər ucuzlaşırsa, bu, çörək sənayesinə də təsir etməlidir. Sadəcə, təəccüblü görünən odur ki, indiyə qədər kənd təsərrüfatı nazirinin taxıl sənayesi ilə bağlı mövqeyində ziddiyyətli məqamlar olub".
Son dövrlər taxılın qiyməti iki dəfə aşağı düşüb. 2008-ci ilin birinci yarısının sonlarına yaxın dünya bazarında taxılın qiyməti maksimum həddə - 1 tonu 350-400 ABŞ dollarına çatdı. Son qiymətlər isə 160-190 dollar arasındadır. İki dəfə enmə baş verib və bu proses Azərbaycana da təsirsiz ötüşməyib.
R.Ağayev deyir ki, bu il bölgələrdə taxılın 1 kiloqramı 10 qəpikdən alınanda fermerlər buna sevinirdi. Taxılın kiloqramının 10-12 qəpiyə alınması tonunun 120 ABŞ dollara satılması deməkdir, bu isə dünya bazarındakı qiymətdən də 30-40 faiz aşağıdır. Bu cür ucuzlaşmaya baxmayaraq Azərbaycanda çörəyin qiyməti düşməyib"...
İqtisadçı ekspert əsas səbəbi ölkədə bazar iqtisadiyyatının yoxluğunda görür. Onun dediyinə görə, məmurlar tez-tez bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olduğu iki sahəni - nəqliyyat sahəsini və çörək sənayesini göstərirlər: "Bəs hanı o özəl sektor ki, bazarda baş verən proseslərə reaksiya vermək gücündə deyil! Özəl sektor təbii qurulubsa, iqtisadi nəzəriyyədəki standartlara uyğundursa, heç bir inzibati müdaxilə olmadan bazardakı proseslərə reaksiya göstərməlidir. Bugünkü vəziyyət isə onu deyir ki, çörək sənayesi normal fəaliyyət göstərmir, ona müdaxilələr var. Və bu müdaxilələr müxtəlif formadadır - qeyri-rəsmi müdaxilələr var, taxılın qeyri-rəsmi satışı var və s.".
Çörəyin qiymətinin aşağı düşməsi üçün təkcə taxıl sənayesində baş verənlərə əsaslanmağı düzgün saymayan ekspert ölkədə elektrik enerjisinin qiymətinin digər ölkələrlə müqayisədə heç də aşağı olmaması, çörəkbişirmədə istifadə edilən bəzi qarışıqların gətirilməsi zamanı yol verilən qanunsuzluqları göstərir: "Vəziyyət o yerdədir ki, bu gün yalnız çörək sənayesində çalışan sahibkar bir çörəyin maya dəyərinin neçəyə başa gəldiyini söyləyə bilər. Çünki çörəyin maya dəyərinə sahibkarın qeyri-rəsmi ödəmələri, işçilərə verilən real əməkhaqları kimi məqamlar daxildir. Yalnız bunları hesablamaqla rentabelliyin nə dərəcədə olduğunu demək mümkündür".
R.Ağayev onu da bildirib ki, taxıl bazarında qiymətlərin aşağı düşməsinə baxmayaraq Azərbaycanın un bazarındakı qiymətlərdə heç bir dəyişiklik olmayıb.
İqtisadçı ekspert hesab edir ki, Azərbaycan hökuməti çörəyin qiymətini tənzimlənən mallar siyahəsına daxil etməlidir: "Dövlətin bir yolu var: "Tənzimlənən qiymətlər haqqında" qanuna uyğun olaraq Nazirlər Kabinetinin tərtib etdiyi tənzimlənən qiymətlərlə bağlı siyahıdakı 40-dan çox məhsul və xidmətin cərgəsinə çörəyin qiymətini də daxil etmək. Ancaq bu, bazar iqtisadiyyatı prinsipindən imtina olardı".
|
|
|
|
|
|
|