Poçtların bank xidmətləri göstərməsi gələn ildən etibarən mümkün olacaq. Mərkəzi Bank poçt şöbələrinə bank xidmətləri göstərməsi üçün lisenziyanın verilməsinin 2009-cu ilin sonuna kimi mümkün olacağını bildirib. Bundan sonra poçtlar öz səlahiyyətləri çərçivəsində kommersiya banklarının təklif etdiyi bütün xidmət çeşidlərini tətbiq imkanlarına malik olacaq və poçtların maliyyə strukturuna çevrilməsi prosesi gerçəkləşəcək.
Hətta poçtlara bir çox kredit təşkilatlarının tətbiq edə bilmədiyi xidmətlərin həyata keçirilməsi üçün səlahiyyətlər də veriləcək ki, bu da onların maliyyə bazarında aktiv iştirakçıya çevrilməsinə səbəb olacaq.
Hazırda poçtların və onların şöbələrinin maliyyə-bank və kredit əməliyyatları aparması üçün texniki işlər başa çatmaq üzrədir. Artıq prosedur məsələləri də yaxın müddətdə öz həllini tapacaq. Hazırda Mərkəzi Bankla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mütəxəssislərindən ibarət işçi qrup fəaliyyət göstərir və onlar bu qeyd olunan məsələlərin həllini təmin etməklə məşğuldur.
Milli Bankda düşünürlər ki, poçtların maliyyə sferasına daxil olması ölkədə maliyyə əməliyyatlarının həcminin genişlənməsinə, əhaliyə bank xidməti səviyyəsinin yüksəlməsinə və operativ ödəniş sisteminin yaradılmasına imkan verəcək. Xüsusilə də bölgələrdə yaşayan insanların bank xidmətləri ilə əhatə olunması yaxşılaşacaq. Bank xidmətlərinin ilkin mərhələsində poçtlar bankların yerinə yetirdiyi kiçik çeşidləri həyata keçirəcək. Belə ki, onlar tərəfindən kommunal xidmət haqqının yığımı, ödəniş funksiyaları, pul baratları kimi xidmətlərin göstərilməsi, eləcə də AZİPS tipli ödəniş sistemlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Poçtlar milli kart ödənişi sisteminin üzvü olacaq. Sonrakı mərhələdə poçtlar bankların həyata keçirdiyi bütün xidmət növlərini - valyuta əməliyyatlarını, kredit vermək və cəlb etmək, depozit hesabları açmaq, xarici dövlətlərə pul köçürmək, müxtəlif ödəniş əməliyyatları aparmaq və digər çeşidləri yerinə yetirmək səlahiyyətlərinə malik olacaq. Hər hansı ucqar kənddə yaşayan vətəndaş öz pulunun bir hissəsini poçta qoyaraq depozit hesabı açmaqla dividend götürə biləcək. Yaxud maliyyə vəsaitinə ehtiyacı olan hansısa bir şəxs poçtdan kredit almaqla problemini həll edəcək.
Poçtların rabitə və kommunikasiya xidmətləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimlənəcək. Bank-maliyyə xidmətlərinə isə Milli Bank nəzarət edəcək. Eyni zamanda, kommersiya fəaliyyəti ilə bağlı məsələləri Vergilər və Maliyyə nazirlikləri tənzimləyəcək.
|