Maliyyə Nazirliyi 2010-cu ilin büdcə layihəsi üzərində işləri başa çatdırıb. Büdcə layihəsi və 2010-2013-cü illərə dair sosial-iqtisadi inkişaf göstəricilərinin proqnozları Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim edilib. Büdcə layihəsinin əsas istiqamətlərinə gəlincə, Maliyyə Nazirliyi sənədin əsasən sosial və investisiya yönümlü olacağını vəd edir. Amma nədənsə, layihənin təfərrüatlarını açıqlamaq hələlik məqsədəuyğun hesab edilmir.
Nazirlik yeni büdcə zərfində makroiqtisadi göstəricilər, gəlir və xərclərlə yanaşı, bəzi bəndlər üzrə bir sıra dəyişikliklər olacağını istisna etmir. Nazirlik neftin büdcədəki qiyməti barədə bir neçə variant irəli sürüldüyünü bildirsə də, konkret qiymət əmsalını açıqlamağa tələsmir. Eyni zamanda, əməkhaqqı və təqaüdlərin artırılması barədə də məlumat verilmir. Bunlar, hökumət səviyyəsində müzakirələrdən sonra bəlli olacaq.
Ekspertlərə görə, bu büdcə neftin dünya bazarındakı satış qiymətindən asılı olacaq. Çünki Azərbaycanın dövlətbüdcəsi əsasən neft gəlirlərindən formalaşır və digər iqtisadi sahələrin payı büdcə üçün o qədər də əhəmiyyət kəsb etmir. Deməli, neftin hazırkı satış qiyməti ilə büdcəni artırmaq mümkün deyil. Olsa da, bu, çox cüzi artım olardı. Çox güman ki, gələn ilin büdcə zərfinin həcmi 2009-cu ilin büdcə gəlirləri ilə eyni səviyyədə olacaq. Yəni neftin qiyməti aşağı olduğundan sənədə böyük ümidlər bəsləmək yersizdir. Lakin əgər neft 70-80 dollar arasında sabit olaraq satılarsa, Dövlət Neft Fondunun gəlirlərinin artması müqabilində büdcəyə transfertlər də çoxala bilər. Bu isə büdcə gəlirlərinin bir neçə faiz artmasına imkan verir.
Doğrudur, büdcə zərfində sosial xərcləri artırmaq yolları var. Amma büdcənin investisiya xərclərinin çoxaldılması indiki halda qeyri-real görünür.
|