Oktyabrın 14-də Danimarkanın Kopenhagen şəhərində taekvondo üzrə dünya çempionatı başlanıb. Budəfəki dünya çempionatında iştirakçı ölkələrin sayı rekord həddə çatıb. Belə ki, çempionatın medalları uğrunda 142 ölkədən gəlmiş 1000-dən artıq taekvondoçusu mübarizə aparır.
Dünya çempionatında ölkəmizi təcrübəli taekvondoçulardan Elnur Amanov (58 kq), İlkin Şahbazov (68 kq), Rəşad Əhmədov (80 kq), Təvəkkül Bayramov (87 kq), eləcə də perspektivli idmançılardan Samir Aydınov (54 kq), Rövşən Məmmədov (63 kq), Ramin Əzizov (74 kq) və Vüqar Məcidov (+87 kq) təmsil edirlər.
Çempionatın ilk günü Azərbaycan üçün düşərli olub. Yığmamızın lideri Rəşad Əhmədov bürünc medala layiq görülüb. Keçirdiyi görüşlərin dördünü qələbə ilə başa vuran Rəşad yarımfinalda uduzaraq üçüncü yeri tutub. Yarışların növbəti günü idmançılarımız üçün uğursuz olub. Mübarizəyə qoşulan 3 idmançımızdan heç biri uğur qazana bilməyib. Avropa çempionumuz Elnur Amanov və Arzu Bağırova (53 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar. İdmançılarımızdan yalnız biri medal qazanmağa yaxın olub: cənubi kareyalı legioner Seunqmi Li 1/4 finala qədər irəliləyə bilib.
Dünən Aygül Abdullayeva (49 kq) və İlkin Şahbazov mübarizəyə qoşulublar.
Qeyd edək ki, son illər dünya taekvondosunda qüvvələr nisbətində ciddi dəyişiklik olub. Əgər əvvəllər Azərbaycan taekvondoçuları yüksək yerlərə iddialılar sırasında olurdularsa, indi onların yüksək nəticə qazanacağına ümid böyük deyil. İştirakçı ölkələrin sayı, eləcə də yüksək yerlər uğrunda mübarizə aparan ölkələrin coğrafiyası xeyli genişlənib. Mali, Əfqanistan, Xorvatiya kimi ölkələr son dövrlər xeyli irəliləyişə nail olublar. Koreya, Tayvan, Çin, Türkiyə və İran isə ənənəvi olaraq taekvondoda güclü inkişaf etmiş ölkələr sırasındadır. Odur ki, Kopenhagendə bizim üçün çətin olacağı əvvəldən bəlli idi.
Xatırladaq ki, iki il bundan əvvəl Pekində keçirilən son dünya çempionatında komandamız Təvəkkül Bayramovun (84 kq) səyləri sayəsində cəmi bir gümüş medal qazanmışdı.
Bu dünya çempionatı bir neçə yeniliyin tətbiq edilməsi baxımından əlamətdar olub. Əvvəla, yarışlar zamanı elektron jiletlərdən istifadə olunur ki, bu da xalların daha düzgün hesablanmasına imkan verir. Bundan başqa, yarışlar zamanı hakimlərə videogörüntülərə təkrar baxmaq imkanı yaradılıb.
|