3 həftəlik fasilədən sonra Unibank Premyer Liqada növbəti turun oyunları keçiriləcək.
VII tur iki tanınmış mütəxəssis - Vaqif Sadıqovla onun türkiyəli həmkarı Bülent Korkmaz üçün əlamətdar olacaq. Belə ki, onların hər ikisi yeni komandalarında baş məşqçi kimi ilk oyunlarına çıxacaqlar. "Qalatasaray"ın sabiq kapitanı və baş məşqçisi olmuş B.Korkmaz "Bakı"nın yeni baş məşqçisi kimi Azərbaycanda debüt matçına çıxacaq. Bu debüt Tovuzda baş tutacaq və türkiyəli baş məşqçi autsayder "Turan"la görüşəcəyindən, öz ilk qələbəsini qazanmaq şansı yüksəkdir.
Sadıqov isə 14 illik fasilədən sonra "Neftçi"yə qayıdıb və onun ilk sınağı prinsipial rəqiblə görüşdə baş tutacaq. Hər halda, milli çempionatın daimi iştirakçıları olan "Neftçi" ilə "Qarabağ"ın oyunları həmişə gərgin və maraqlı keçib.
Turnir cədvəlində lider olan komandalardan ikisi bu turda üz-üzə gələcək. Söhbət "Muğan"la "İnter"in görüşündən gedir. Cari mövsümdə uduzmayan yeganə komanda "Xəzər-Lənkəran" autsayder "Standard"ın qonağı olacaq. Qəbələ şəhər stadionunda təmir işləri başa çatdığından "Qəbələ" isə cari mövsümdə doğma şəhərdə ilk olaraq "Olimpik-Şüvəlan"ı qonaq edəcək.
17 oktyabr: "Standard" - "Xəzər-Lənkəran", "Turan" - "Bakı", "Qəbələ" - "Olimpik-Şüvəlan", "Simurğ" - "Karvan";
18 oktyabr: "Muğan" - "İnter", "Qarabağ" - "Neftçi".
|