Müsahibə verməyi bir o qədər sevmir. Amma onun geniş yaradıcılığı barədə günlərlə danışmaq olar. Nəğməkar şairdir, 1978-ci ildən bəri onun sözlərinə yazılan mahnılar dillərdən düşmür.
Elə bir dövrə gəlib çatmışıq ki, 8 milyonluq əhalimizin azı 3 milyonu şeir yazır, 3 milyonu musiqi bəstələməyə çalışır və 2 milyonu oxuyur. Təbii ki, bunlar təsəvvürə gətirdiyim rəqəmlərdir.
İllərdən bəri Əlibaba Məmmədov, Oqtay Rəcəbov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mobil Babayev, Tofiq Babayev, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Cəmil Əmirov, Faiq Sücəddinov, Cavanşir Quliyev, Hüseyn Abdullayev, Elçin İmanov, Nailə Mirməmmədli və b. bəstəkarlarla birlikdə ərsəyə yüzlərcə gözəl mahnılar çıxarıb və həmin mahnılar ən məşhur müğənnilər tərəfindən ifa olunub. Həmsöhbətim nəğməkar-şair İsmayıl Dadaşovdur.
İsmayıl Dadaşov 1957-ci ildə Bakıda müəllim ailəsində doğulub. Hələ məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərib. ilk qələm təcrübələri ilə diqqəti cəlb edib.
İsmayıl Dadaşov həm də bacarıqlı musiqi redaktorudur. Azərbaycan televiziyası və radiosu, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, "Space" Teleradio Şirkəti tərəfindən yaradılmış bir çox verilişlərin və filmlərin uğur qazanmasında rol oynamışdır.
Əhməd Orucoğlunun "Pul dəlisi", "Qonşular", "Qaynana əməliyyatı", Marat Haqverdiyevin "Qısqanc ürəklər" və s. tamaşalar üçün söz yazan şair, həm də bir çox bədii filmlər üçün sözlər yazıb.
- İsmayıl müəllim, bu müsahibəmin suallarının əksəriyyətini sizin misralarla bağlamışam. Elə bir insan yoxdur ki, ömründə bir dəfə də olsa şeir yazmasın, gündəlik açıb həyatındaki hadisələri hekayəyə çevirməsin. Amma peşəkar, özü də nəğməkar şair olmaq hər kəsə nəsib olmur. Bəs bunun başlanğıc nöqtəsi hansı şeiriniz olub?
- Hələ məktəb illərində yazmağa başlamışdım. 31 nömrəli orta məktəbdə oxumuşam və sərbəst mövzularda inşa yazılara öz şeirlərimi əlavə etməyi çox sevirdim. Demirəm ki, həmin şeirləri yaxşı hesab etmək olardı, amma yazdıqca ətrafımdaki insanlar bu şeirləri bəyənirdilər.
Sonra İncəsənət Universitetinə qəbul olundum və 1978-ci ilin sentyabrında sözlərimə ilk dəfə musiqi bəstələndi. Bir dəfə mənim şeir dəftərim müğənni Zümrüd Məmmədovanın əlinə düşdü və o həmin dəftərimdən məndən gizlin bir şeiri köçürüb aparmışdı. Həmin şeir "Bugünkü dostlarım" adlanırdı. Əlibaba Məmmədov həmin şeirə musiqi bəstələdi və Zümrüd xanım bu nəğməni ifa etdi. Elə həmin ilin dekabrında Əlibaba Məmmədov mənə zəng vurdu və "Mənim Azərbaycanım" mahnısı Yeni il şənliyində səsləndi.
- Sizə ən çox hansı şairin təsiri olub?
- Nüsrət Kəsəmənlinin. "Azərbaycanfilm" kinostudiyasında bir yerdə çalışmışıq. Mən özüm musiqi redaktoruyam, hər danışıqda, sözdə, şeirdə musiqi gəzirəm. Təvazökarlıqdan uzaq olsa da, onu söyləmək istəyirəm ki, bəlkə də Azərbaycanda mənim qədər musiqiyə şeir yazan olmayıb. Bu isə çox çətindir. Bir var ilhamlanıb yazırsan, bir də var sən hazır musiqinin ritmini tutub, onu hiss etməlisən, bəstəkarın bu musiqini yazanda düşündüyünü duymalısan. Nüsrət Kəsəmənlinin şeirlərində axıcılıq vardı, onların öz musiqisi vardı.
- Sizcə, bu gün mənasız mahnıların yaranmasının əsas səbəbi kommersiyadır, yoxsa həyatın mənası hardasa cılızlaşıb və bu müasir mahnılarda əksini tapır?
- Həyat mənasını itirməyib. Həmin mahnılar da insanların daxili aləmindən gəlir, deməli, məna daşıyırlar. Kiminsə bir mahnı xoşuna gəlirsə, ikincisinin bu mahnı xoşuna gəlməyə bilər. İndi kimin ürəyi nəyi istəyir, onu yazır-oxuyur. Əvvəllər belə deyildi, Bədii Şura var idi və mən çox sevinirdim ki, mənim sözlərimə yazılan mahnıları həmin şuraya dahil olan Tofiq Quliyev, İslam Səfərli, Cahangir Cahangirov, Ramiz Mustafayev, Oqtay Kazımi kimi sənətkarlər bəyənmişdilər.
- Onlardan birinə hətta Rəşid Behbudov musiqi bəstələyib...
- Bu, 1988-ci ildə oldu. Günlərin bir günü Faiq Sücəddinov mənə zəng vurdu ki, səhər Mahnı Teatrına gələrsən, Rəşid müəllim səni gözləyəcək. Mən Rəşid müəllimlə çalışanda anladım ki, mahnıya söz yazmaq nə deməkdir. Onun hər sözünə diqqətlə qulaq asardım. Çalışırdım onun tələblərinə uyğun yazım şeirləri. Beləcə "Sənə and içirəm, Azərbaycanım" yarandı. Mahnı Teatrının açılışı üçün biz bərabər "Xoş gəlmişsiniz" mahnısını yaratdıq, amma çox təəssüf ki, ömür vəfa etmədi və Rəşid müəllim bu mahnını ifa edə bilmədi.
Bilirsiniz, belə sənətkarlarla, peşəkar bəstəkarlarla işləmək insanın qarşısında böyük yaradıcılıq üfüqləri açır və sən dünyanı artıq ayrı şəkildə görürsən. Hər bəstəkar, hər müğənni bir dünyadır. Yaradıcı insan üçün əsas - qəbul olunmaq, sevilməkdir. Həmin sevgi olmayanda yazmağa, yaratmağa dəyməz. Xoşbəxtəm ki, sözlərimə yazılan mahnıların əksəriyyəti sevilib.
- "Dayanın, insanlar, bəsdir, dayanın" şeirinizə Hikmət Mirməmmədli musiqi bəstələyib və Nazpəri Dostəliyeva bu mahnını ifa edərək ona klip çəkdirdi..
|