çap et  
Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq
Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq
Rəssamın silsilə sərgiləri nəzərdə tutulur
Şənbə, 17.10.2009

Zəminə Rüstəm

Bu həftə müasir boyakarlıq sənətində mənzərə janrının yaradıcısı, rəssam, qrafik Səttar Bəhlulzadənin xatirə günü idi. Eyni zamanda, YUNESKO-nun qərarı ilə rəssamın 100 illik yubileyi bu il bir çox ölkələrdə qeyd olunur. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimovun məlumatına görə, yaxın müddətdə paytaxtda Səttar Bəhlulzadənin yaradıcılıq evinin açılması nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, yaradıcılıq evində rəssamın böyük kütləyə tanış olmayan əl işləri və ona məxsus olan şəxsi əşyaları yer alacaq:

"Bu gün şəxsi arxivlərdə S.Bəhlulzadənin onlarca rəsm əsərləri qorunmaqdadır. Biz onların geniş kütləyə tanıdılmasını istəyirik. Eyni zamanda, Bəhlulzadənin adını daşıyan yaradıcılıq evinin açılması vacibdir".

Söhbətinin davamında qurumun katibi vurğuladı ki, yaxın gələcəkdə bir sıra yaxın və uzaq ölkələrdə rəssamın sərgisinin təşkili nəzərdə tutulub. Ağəli müəllim hələlik Türkiyə, İran və Almaniyanın adlarını çəkdi.

Xatırladaq ki, rəssamın əl işləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır. Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib və Bakının Əmircan qəsəbəsində torpağa tapşırılıb.