çap et  
Türkiyə AB üzvlüyü niyyətindən əl çəkə bilər
Türkiyə AB üzvlüyü niyyətindən əl çəkə bilər
Abdulla Gül "Norveç variantı"ndan söz açıb
Şənbə, 10.10.2009

İsmayıl Umudlu

Türkiyə gələcəkdə Avropa Birliyinə üzv olmaq niyyətindən əl götürə bilər. Ola bilsin, Türkiyə bu məsələdə Norveç yoluyla getsin. Bu fikri Türkiyə prezidenti Abdulla Gül səsləndirmişdir. Bildiyimiz kimi, Norveç vətəndaşları ölkələrinin AB üzvü olmasına qarşı çıxdılar və bu gün bu ölkə AB üzvü deyildir. Bununla da AB dağılmadı, Norveçə də bir şey olmadı.

Ankara 1964-cü ildən bu müqaviləni imzalayıb, ondan sonra Avropanın siyasi xəritəsinə çıxan dövlətlər AB üzvü oldular. Türkiyə isə hələ də gözləyir və onun AB ilə danışıqlarının daha bir 15-20 il uzanacağı barədə ehtimallar var.

AB-nin lokomotiv ölkələri - Fransa və Almaniya Türkiyənin AB üzvlüyünə qarşı çıxırlar. AB-nin bir sıra digər ölkələrində isə bu varianta qarşı güclü müxalifət mövcuddur. AB rəsmiləri bu birliyə qarşı mülahizələr söyləməkdə sanki bir-birləri ilə yarışa giriblər. Angela Merkelin ikinci müddətə seçilməsi Avropa mətbuatında Türkiyənin AB üzvlüyünün mümkünsüz hala gəldiyi barədə daha əsaslı mülahizələrə yol açdı. Çünki Merkel Fransa prezidenti Nikolya Sarkozi ilə birlikdə bu üzvlüyə qarşı çıxan ən güclü fiqurdur. Polşa və ABŞ-ın dəstəyi isə hələ ki effekt vermir.

Keçmiş TBMM başqanı Hüsaməddin Cindoruk belə bir fikir söylədi ki, Türkiyə indiki AKP hökumətinin zamanında bir Avropa ölkəsindən çox bir Orta Şərq ölkəsi imicinə yuvarlandı. Bu fikirdə bəlkə də bir gerçək var. Növbənöv "açılımlar", müəmmalı "Ergenekon örgütü" həbslər dalğası, olmayan növbənöv "problemləri" qabardıb topluma mal etmək və sonra onun həlli yönündə çalışmalara girişmək - bütün bunlar bu gün Türkiyənin siyasi gündəmini qarışdırmaqla yanaşı, bu ölkəni belə şeylərdən çox uzaq olan Avropa toplumu üçün az cəlbedici edir.

Türkiyənin özündə də bu gün AB üzvlüyünə qarşı çıxanlar var. Onların arqumenti belədir ki, indiki geosiyasi durumda Türkiyə AB üzvü olarsa, AB daxilində, digər Türk dövlətləri (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan) isə Rusiyanın orbitində simasızlaşacaq, daha sonra Çinin dünya hegemonluğu altına düşərək tarix səhnəsindən silinəcəklər. Odur ki, Türkiyənin və dünya türklüyünün sabahını, Atatürkün də vəsiyyət etdiyi kimi, Türk dövlətinin siyasi və təşkilati birliyində aramaq gərəkdir. Maraqlıdır ki, bu fikri Abdulla Gül türk dövlətləri liderlərinin Naxçıvan sammitindən sonra söyləmişdir. Görünür, ona nələrsə aydındır...