Prezidentlərin Kişinyov görüşünün konstruktiv keçdiyi bildirilir
 |
Həmsədrlər sülhün çox da uzaqda olmadığına işarə vurublar
Şənbə, 10.10.2009
|
|
Oktyabrın 8-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub. APA-nın "Azərtac" Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan və ATƏT Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kasprşikin iştirak etdikləri bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü konstruktiv keçib. Bu barədə ATƏT Minsk Qrupu həmsədrləri görüşdən sonra jurnalistlərə açıqlamada bildiriblər. Görüşü "çox ciddi və konstruktiv" hesab edən amerikalı həmsədr Robert Bradtke bildirib ki, danışıqlarda nizamlanma üzrə sənəd layihəsinə daxil ediləcək bəzi təkliflər qəbul olunub.
Diplomat onu da əlavə edib ki, prezidentlər müzakirələrin davamı üçün yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.
Rusiyalı həmsədr Yuri Merzlyakov da danışıqlarda ciddi və konstruktiv müzakirələr olduğunu deyib. Tərəflərin mövqelərini yaxınlaşdırdığını diqqətə çatdıran diplomat ümumilikdə prezidentlər arasında qarşılıqlı anlaşma olmayan az məsələnin qaldığını vurğulayıb.
Daha sonra ATƏT Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytında yer alan bəyanatda bildirilir ki, həmsədrlər Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Rober Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə baş tutan görüş iki prezidentin son 10 ayda 5-ci görüşüdür və bu, danışıqların pozitiv dinamikasını təsdiqləyir: "Kişinyov görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsiplərinin hazırlanma prosesinin davam etdirilməsinə əsas yaratdı. Danışıqlar konstruktiv və ciddi şəraitdə keçdi, dərin müzakirələr aparıldı, həmsədrlərin təkliflərinin bir sıra bəndləri cümləbəcümlə müzakirə edildi. Prezidentlər həmsədrlərdən xahiş etdilər ki, növbəti görüş ərəfəsində bu müzakirələrin nəticələrini öz təkliflərinə daxil etsinlər".
Habelə Kişinyovda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü də keçirilib. Məlumata görə, MDB dövlət və hökumət başçılarının toplantısından sonra İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev Rusiya prezidentinin iqamətgahında bir araya gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirib: "Həll prosesində irəliləyiş tədricən baş verir və hər görüşdə mövqelər yaxınlaşır".
"Son iki il ərzində isə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoq prosesinin intensivləşməsi müşahidə olunur və ilin sonuna kimi hər hansı nəticələr olacağı mümkündür". APA-nın məlumatına görə, bu fikirləri isə Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Fransa-Azərbaycan münasibətlərinə həsr olunmuş müzakirələrdə çıxışı zamanı deyib: "Ötən il prezidentlər bir neçə dəfə görüşüblər, hansı ki buna qədər belə intensiv dialoq müşahidə olunmamışdı. Həmsədrlər prezidentlər arasında etimad atmosferi formalaşdıra biliblər ki, bunun özü də yaxşı nəticədir. Bu münaqişənin nizamlanması üçün sülh razılığına gəlmək çox mürəkkəbdir, bu, zaman tələb edən məsələdir. Ola bilsin, ilin sonuna kimi hansısa nəticələr olsun".
Səfir Fransanın ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər cür səy göstərdiyini deyib. İştirakçıların suallarını cavablandıran Qabriel Keller ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu, Fransanın mövqeyidir.
Biz həmçinin hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün üç prinsip eyni zamanda nəzərə alınmalıdır. Bunlar ərazi bütövlüyü, milli müqəddəratı təyin və güc tətbiq etməmək prinsipləridir".
Dünən isə "Kişinyov sammiti: Dağlıq Qarabağ münaqişəsinin gözləntiləri" mövzusunda "dəyirmi masa" keçirilib. APA-nın məlumatına görə, tədbirin təşkilatçısı olan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib ki, bu sammitdən problemin həlli ilə bağlı gözləntilər çox olub. Lakin görüşdə münaqişənin həlli ilə bağlı ciddi addım atılmadığını deyən Ə.Həsənov yenə də ortada bir sıra ziddiyyətli bəyanatların olduğunu qeyd edib. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibət bildirən Ə.Həsənov bildirib ki, bu danışıqların sonu ilə bağlı qəti fikir söyləmək mümkün deyil:
"Türkiyə tərəfi bildirir ki, bu vaxta qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələni edib. İndiki halda isə onlar kifayət qədər planlı addımlar atırlar".
Politoloq Rasim Musabəyov da bildirib ki, Kişinyov görüşündən əvvəl tərəflər arasında sənədlərin imzalanacağı gözlənirdi: "Lakin bu baş vermədi. İndiki halda isə nikbinliyə imkan verən odur ki, görüşdə müsbət əhval-ruhiyyə müşahidə olunub. Düşünürəm ki, tərəflər arasında yaxınlaşma olub".
Digər politoloq Elxan Mehdiyev bildirib ki, Dağlıq Qarabağda referendum ilə bağlı Minsk Qrupunun təklifi əslində bu ərazinin Azərbaycandan ayrılmasına xidmət edir: "Azərbaycan tərəfinin bütün ölkə ərazisində referendum keçirilməsi ilə bağlı təklifi isə beynəlxalq təşkilatlar tərəfindən ciddi qəbul olunmur".
"İnam" Püliralizm Mərkəzinin rəhbəri Vahid Qazi isə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının əvvəlcədən gözlənilən olduğunu deyib: "Ədalət və İnkişaf Partiyası yarananda Türkiyənin dörd tərəfi onun düşmən idi. Amma bu partiya hakimiyyətə gələndən sonra Yunanıstan, Suriya ilə münasibətlər normallaşdı. İndi də Ermənistanla belə bir proses başlayıb. Türkiyə 15 ildir Azərbaycanın yükünü daşıyırdı və nə vaxtsa bu yükü yerə qoymalı idi".
Azərbaycan prezidenti İlham Əliyev Kişinyovda Az.TV-yə müsahibəsində gedən proseslərin mahiyyəti üzərində geniş dayanıb. Azərbaycan prezidenti deyib:
"Deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş vardır. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə, Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl 4 rayonun, sonra da 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıb", - deyə o qeyd edib.
İ.Əliyev deyib ki, danışıqların xüsusiyyəti ondan ibarətdir ki, hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır: "Bu o deməkdir ki, biz bütün məsələləri həll etməliyik. Ancaq biz o halda böyük sülh müqaviləsinə yaxınlaşa bilərik. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır və Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar gələcəkdə yüksək muxtariyyət şəraitində yaşamalıdırlar. Bu da, eyni zamanda, dünyanın ən müsbət təcrübəsini özündə ehtiva edən bir yanaşmadır. Çox demokratik yanaşmadır və məsələ ancaq bu yolla öz həllini tapa bilər".
Prezident Kişinyov danışıqlarına da toxunub və görüşün nəticəsiz bitdiyini deyib: "Kişinyov danışıqlarına dünyada və bölgədə çox böyük maraq var idi. Çünki artıq hamıya bəllidir ki, danışıqlar son mərhələsindədir və xüsusilə ermənilər konstruktiv mövqe tutarlarsa, bu, danışıqlarda müsbət nəticəyə gətirib çıxara bilər... Biz bütün proseslərdə öz mövqeyimizi müdafiə etmişik..
|
|
|
Oxşar xəbərlər:
İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb
İlhamə Quliyeva xeyirxah pəri obrazında
Ermənistan dünyanı aldadır
Ermənistan ordusunun çağırışçı problemi
|
|
|