ABŞ dövlət katibi Hillari Klinton oktyabrın 10-da Sürixdə keçiriləcək Türkiyə-Ermənistan protokollarının imzalanma mərasimində iştirak edəcək. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ dövlət katibinin müavini Filip Qordon deyib. O bildirib ki, H.Klinton iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün xeyli səy göstərib: "O, davamlı olaraq tərəflərlə məktublaşıb, çoxsaylı telefon zəngləri edib".
F.Qordon Sürixdə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanacağını, bu qərarın asan başa gəlmədiyini söyləyib və hər iki ölkədə buna qarşı çıxan müxalifətin mövcudluğuna diqqət çəkib: "Hər iki tərəf başa düşür ki, münasibətləri normallaşdırmaq və sərhədləri açmaq onların marağındadır. Uzun illər sürən gərginlikdən və Ermənistanın iqtisadi təcridindən sonra hər iki tərəfdə irəliyə doğru addımlamaq arzusu var. Biz bunu tarixi imkan kimi qiymətləndiririk".
"CNN Türk" isə ABŞ Dövlət Departamentinin bir nümayəndəsinə istinadən imzalanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və AB xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Havyer Solananın da iştirak edəcəyini xəbər verib.
Bu protokolun imzalanması ilə bağlı mövcud olan son şübhələrə isə İsveçrə Xarici İşlər Nazirliyi son qoyub. Nazirlik Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını nəzərdə tutan protokolun bu il oktyabrın 10-da imzalanacağını rəsmən açıqlayıb. Türkiyənin "Hürriyyət" qəzetinin verdiyi xəbərə görə, əgər son anda proqramda bir dəyişiklik olmazsa, protokollar Sürix Universitetində imzalanacaq. Türkiyə mənbələrindən əldə olunan xəbərə görə, protokolları Türkiyə XİN başçısı Əhməd Davutoğlu ilə Ermənistan XİN başçısı Edvard Nalbandyan imzalayacaq.
Artıq bu prosesə hazırlıqları həyata keçirmək üçün Türkiyənin İsveçrə səfiri Oğuz Dəmiralp da Berndən Sürixə gəlib.
Protokolda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sərhədlərin açılması və sair nəzərdə tutulur.
|