Azərbaycan NATO-ya üzv edilə bilər və bu ölkə qurum üçün əsas namizədlərdəndir. Bunu Gürcüstanda NATO həftəsi çərçivəsində keçirdiyi görüşlər zamanı ANS-ə eksklüziv müsahibə verən NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.
"NATO - Azərbaycan əlaqələri çox yaxşıdır. Bizim Azərbaycanla çox yaxşı dialoqumuz var. Biz Azərbaycanla "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı davam etdiririk. Aydındır ki, Azərbaycan üzvlük üçün əsas namizədlərdən biridir. Buna görə də bizim sizin ölkə ilə geniş əməkdaşlığımız mövcuddur və biz bu əməkdaşlığı davam etdirəcəyik", - deyə Robert Simmons qeyd edib.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, NATO rəsmisinin sözləri alyansın Azərbaycanla perspektiv münasibətləri ilə bağlı proqnoz verməyə imkan verir: "Düşünürəm ki, Simmonsun sözləri sadəcə söz xatirinə deyilməyib, bu perspektivin gerçəkləşməsi üçün NATO ciddi addımlar atmaq niyyətindədir".
İ.Məmmədovun sözlərinə görə, NATO-nun Azərbaycanla intensiv əməkdaşlığına dəlalət edən bir çox addımların atılması zəruridir ki, hazırda onları müşahidə etmək olmur: "İlk növbədə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstəyi, Ermənistanın işğalçılıq siyasətinə qarşı bəyanat verməsi zəruridir. Necə ki, NATO Gürcüstanın separat ərazilərinə münasibətdə bu tip bəyanatları tez-tez səsləndirir. Düşünürəm ki, NATO Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyəti güdürsə, hətta bizim ölkəni öz sıralarında görmək istəyirsə, onda ərazi bütövlüyümüzlə bağlı yaranmış problemlərimizə də göz yummamalıdır".
İ.Məmmədovun sözlərinə görə, NATO Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara diqqətini artırmalıdır. "Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatların mahiyyəti bu gün tam olaraq ölkə ictimaiyyətinə bəlli deyil. Həm də bu islahatlar müəyyən problemlərlə müşayiət olunur, bir çox neqativ məqamlara diqqət yetirilmir. Bu isə NATO-nun Azərbaycanla əməkdaşlığının sıxlaşmasına ciddi əngəl hesab edilə bilər", - deyə o qeyd etdi.
|