Türkiyə iqtidarı Ermənistan prezidenti Sarqsyanın gəlişini "həyəcanla" gözləyir. Ayın 14-də Bursada keçiriləcək futbol matçının sülh və əməkdaşlıq yolundakı irəliləyişə "dəstək" olacağına ümid edir. Ancaq ayın 14-də stadionda Azərbaycan bayraqlarının dalğalanacağına dair yayılan xəbəri eşidən iqtidar narahat olmağa başlayıb. Yerli hakimiyyət orqanlarına və türk polisinə vəziyyəti nəzarətə almaq üçün ciddi tapşırıqlar verilib.
Öz növbəsində, Bursa valiliyi bununla bağlı alacağı tədbirlər barədə məlumat verib. Türkiyə və Ermənistan bayraqlarından başqa stadionda heç bir bayraq dalğalanmayacaq. Stadiona girənlərin üst-başları ciddi şəkildə yoxlanacaq. Tamaşaçılar arasında çox sayda mülki geyimli polislər yerləşdiriləcək. Əslində bu tədbirləri qısaca, tək cümlə ilə bu şəkildə oxumaq lazımdır. "Stadiona və ətrafına Azərbaycan bayrağı buraxılmayacaq!".
Hökumətin bu addımı Türkiyədə yaşayan azərbaycanlıların və Azərbaycan dostlarının kəskin etirazına səbəb olmuşdur. İctimai təşkilatlar, həmkarlar ittifaqları və cəmiyyətlər hökumətin bu qərarına etirazlarını dilə gətirməkdədir. Biz də Türkiyədəki Azərbaycan diasporunun rəhbərləri ilə görüşərək münasibətlərini öyrənməyə çalışdıq.
Ankaradakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərlərindən Tuncər Qırhanın qəzetimizə verdiyi məlumata görə, Bursada qurulan 40-a yaxın ictimai təşkilatın yer aldığı "Güc Birliyi" forumu da bu qərarı kəskin bir dillə qınamışdır. Təşkilat bütün bursalıları 14 oktyabr 2009 tarixində ev və iş yerlərindən Türkiyə və Azərbaycan bayraqları asmağa çağırmışdır.
Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Camal Məmmədxan isə "bayraq yasağına etirazlarını bildirmək üçün bütün Azərbaycan dostlarına, Türkiyə-Azərbaycan qardaşlığını müdafiə edən bütün qəzet, televiziya jurnalistlərinə müraciət edərək 14 oktyabr günü manşetlərinə, televiziya proqramlarına, yazılarının başına, Türkiyə və Azərbaycan bayraqları qoymağa çağırdıqlarını" dedi.
Türksam Başqanı, siyasi analitik Sinan Oqan alınan bu qərarın antidemokratik bir qərar olduğuna diqqət çəkərək dedi: "Qadağan olunmaq istənən bayraq BMT tərəfindən tanınan, dünya tərəfindən tanınan müstəqil ölkənin bayrağıdır, bir türk cümhuriyyətinin bayrağıdır. Onun stadiona girməsini qadağan etmək üçün heç bir səbəb yoxdur... Halbuki keçən həftəsonu məclisdə təmsil edilən bir partiyanın Ankarada keçirilən qurultayında terrorçu təşkilat olan PKK-nın bayrağı olaraq göstərilən bez parçaları və quldurbaşının rəsmləri nümayiş etdirildi. Heç bir hüquq-mühafizə orqanı buna müdaxilə etmədi. Ancaq matça gətirilmək istənən Azərbaycan bayrağına hüquq-mühafizə orqanları müdaxilə etmək istəyirlər. Ermənistan prezidentindən əvvəl onun şərtləri gəlməyə başlayıb".
...Deməli, ayın 14-ü Türkiyə hökuməti futbol həyəcanını, bizlər isə bayraq həyəcanını yaşayacağıq. O gün sabah qalxıb Azərbaycan qəzetlərinə baxdığımda birinci səhifədə, televiziya ekranında sağ tərəfdə, evdən çıxanda qonşunun balkonunda Türkiyə və Azərbaycan bayrağının asıldığını görmək istərdim. Həyatımda heç bir zaman futbola maraq göstərməmişəm. Heç vaxt stadiona getməmişəm. Ancaq ayın 14-də Bursaya getmək istəyirəm. Dalğalanan bayraqlarıma baxmaq üçün.
|