![]() |
çap et |
|
|||
İki nəfəri öldürməkdə, 5 nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Füzuli rayonunun Kürdmahmudlu kənd sakini, tarix müəllimi Zaur Həziyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu qalmaqallı cinayət işini Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ramella Allahverdiyeva araşdırırdı.
İttihama görə, Zaur Həziyev ötən il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri - qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu öldürüb, həyat yoldaşı Həbibə Zkynalova, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva və Xətai Mirzəyevə isə hadisə zamanı ağır bədən xəsarətləri yetirmişdir. Bir ailənin faciəsi Münaqişəyə Zaur Həziyevin həyat yoldaşı Həbibə Zeynalovanın çörək qabını tapmadığı səbəb olub. Zaur buna görə hirslənərək arvadını döyüb və ölümlə hədələyib. Arvadı qorxusundan həmin gecə yaxınlıqdakı su anbarının yanında gizlənərək, səhər açılanda evə qayıdıb. Z.Həziyev onu yenə də döyərək, yaşadıqları çadırı yandırıb, daha sonra Həbibəni də ora itələyib yandırmaq istəyib. Lakin bu zaman Z.Həziyevin bacısı Tünzalə köməyə gələrək, Həbibə Zeynalovanı yanan çadırın içindən çıxarıb. Bir gün sonra Z.Həziyev yenidən həyat yoldaşı ilə mübahisə edərək, onu stula əyləşdirib, başını bıçaqla kəsmək istəyib. Sonra Həbibəni yaxınlıqdan keçən su kanalının ətrafına gətirərək, arvadından özünü kanala atmağı tələb edib. Həbibə Zeynalova özünü kanala atdıqdan sonra su onu 20-30 metr aparıb. Bu zaman qonşular səs-küyə gələrək, onu kanaldan çıxarıblar. Bundan sonra Zaur həyat yoldaşına bıçaq zərbələri endirib. Bu zaman hadisə yerinə gələn qayınatası və qaynını da bıçaqlayaraq qətlə yetirib, digər qohumlarına isə ağır bədən xəsarətləri yetirmişdir. Qarşılıqlı ittihamlar və prokurorun cəzası Məhkəmə prosesi qarşılıqlı ittihamlarla davam edib. Müttəhimin vəkili İlhamə Həsənova iddia edib ki, istintaq dövründə Zaur Həziyevə fiziki və psixoloji təsir göstərilib. Onun sözlərinə görə, Zaur Həziyevə verilmiş işgəncə ilə bağlı məhkəmədə iddia da qaldırıblar, lakin həmin iddia ərizəsinə bu günə kimi cavab verilməyib. Vəkilin bildirdiyinə görə, istintaq orqanı zərərçəkmişlərin ifadələrini sübut kimi qəbul edib: "Lakin istintaq orqanının zərərçəkmişlərin ifadəsindən əlavə mötəbər sübutları olmayıb. İstintaq prokurorluq tərəfindən qərəzli aparılıb. İbtidai istintaq orqanı istintaq hərəkətlərini düzgün aparmayıb, ilkin araşdırmalar zamanı müdafiə tərəfinin vəsatətləri qəbul edilməyib". Vəkil: "Zaur Həziyev bu cinayəti törətməyib" Vəkil daha sonra qeyd etdi ki, Zaur Həziyevə təsir göstərmək məqsədilə ittiham olunanın anası, qardaşı və bacılarına qarşı təzyiq edilib. Vəkilin sözlərinə görə, cinayət zamanı istifadə edilən alət tapılmayıb: "Bütün bu və ya digər məqamlara diqqət yetirdikdən sonra belə qənaətə gəlmək olar ki, Zaur Həziyev bu cinayəti törətməyib. Hələ Zaur Həziyevin bir neçə il əvvəl zərərçəkmişlər tərəfindən şərlənməsi və onların həyətindən oğurluq etmələrini sübut kimi gətirmək olar. Həmin vaxt hadisə tam araşdırıldı və məlum oldu ki, həmin oğurluq hadisəsi qonşuları Camaləddin Muradov və zərərçəkmişlərin mərhum qardaşları Fədai Zeynalov tərəfindən törədilib". Vəkillər tarix müəlliminə bəraət istədi Vəkilin bu sözləri zərərçəkən tərəfin etirazı ilə qarşılandı. Zaur Həziyevin həyat yoldaşı Həbibə Zeynalova və onun bacıları vəkil İlhamə Həsənovanı təhqiredici ifadələr işlətməklə, onun çıxışına mane olmağa çalışdılar. Hakim Ramella Allahverdiyeva zərərçəkmiş tərəfi sakitləşdirəndən sonra yenidən çıxışını davam etdirən İlhamə Həsənova məhkəmədən ədalət gözlədiyini və bəraət hökmü çıxarılmasını xahiş etdi. Zaur Həziyevin digər vəkili Osman Kazımov isə zərərçəkmiş tərəfin müdafiə tərəfinin ünvanına səsləndirdikləri təhqiredici ifadələrin yolverilməz olduğunu dedi. Osman Kazımov məhkəmədən zərərçəkmişlərin barəsində tədbir görülməsini tələb etdi. Sonra müdafiə nitqi ilə çıxış edən Osman Kazımov ibtidai istintaq zamanı ziddiyyətli məqamların araşdırılmadığını bildirdi. Vəkil məhkəmədən işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etdi. "Məni niyə əvvəldən tutmayıblar" Daha sonra məhkəmə prosesində Zaur Həziyev son söz dedi. O bildirdi ki, 2006-cı ildə hadisə baş verib, amma onu 2007-ci ilin noyabrında tutublar. Onun sözlərinə görə, bu müddət ərzində evində olub: "Dəfələrlə Beyləqan rayon prokuroru Allahverdi Səfərovla görüşmüşəm. Amma o, məni tutmayıb, axtarışda olduğumu deməyib, amma qayınatamı və qayınımı öldürənləri axtardığını bildirib". "Prokuror mənə təzyiqlər edib" Zaur Həziyev daha sonra bildirdi ki, ona verilmiş ittiham sübuta yetirilməyib, cinayət işində hər hansı bir dəlil yoxdur: "Allahverdi Səfərov məni bu cinayətdə ittiham edib və törədilən cinayəti etiraf etməyi tələb edib. Deyib ki, bu cinayəti etiraf etməsən, səni daha ağır cinayətdə, dələduzluqda ittiham edəcəm. Allahverdi Səfərov mənə fiziki və psixoloji təsirlər edib, kütləvi informasiya vasitələrində bu cinayətin mənim tərəfimdən törədilməsi barədə yalan məlumat yaymaqla, cinayətin mənim tərəfimdən törədilməsini təsdiqlətməyə çalışıb. Amma bu cinayəti mərhumların qonşusu olan Camaləddin Muradov törədib. Bunun da səbəbləri var, bu səbəbi məhkəmə dövründə açıqlamasam da, bu gün açıqlayacam. Camaləddin Muradovun törətdiyi cinayəti Allahverdi Səfərov mənim boynuma qoymaqla bir daha qanun pozuntusuna yol verib. İstintaq dövründə çoxsaylı vəsatətlər versəm də, heç bir əsas olmadan vəsatətlərim rədd edilib. Allahverdi Səfərovun saxta yolla topladığı ittihamları məhkəmə prosesində dövlət ittihamçısı təkrarlamaqla, bir daha saxtakarlığı təsdiqlədi. Bu cinayətin əsl qatili Camaləddin Muradovdur. Amma zərərçəkmişlər Camaləddin Muradovu niyə müdafiə edirlər? Hətta Camaləddin ittiham aktında prokurorluq tərəfindən zərərçəkmiş kimi tanınıb. O, nəyə görə zərərçəkmişdir, bunu başa düşmürəm. Onun zərərçəkmiş olma səbəbini məhkəmədən izah etməsini tələb edirəm. Camaləddin deyir ki, hadisədən xəbər tutub, həmin yerə gəlib. O, hadisədən necə xəbər tutub, alt paltarı ilə evin gəlini Gülşən Zeynalovanın otağına kimi gəlib. Mən bu gün hər şeyi açıqlayacam, Gülşən Zeynalova Camaləddinlə gəzib..." "Fədainin ölümünün səbəbkarı arvadıdır" Zaur Həziyevin çıxışının bu hissəsində zərərçəkmişlər hay-küy salaraq, məhkəmənin gedişini pozdular. Qarşılıqlı ittiham və təhqirləri bir-birlərinə yağdıran tərəfləri sakitləşdirən hakim Zaur Həziyevdən çıxışını davam etdirməsini bildirdi. Zaur Həziyev zərərçəkmişləri cinayətin əsl səbəbkarını gizlətməkdə ittiham etdi. O bildirdi ki, zərərçəkmişlər əsl qatili himayə edirlər, onu isə ittiham edirlər: "Bunun da səbəbləri var. Bu gün söyləyəcəklərim daha böyük qalmaqala səbəb olacaq. Hadisə baş verməzdən bir neçə gün əvvəl mərhum Fədainin arvadı Gülşəni Camaləddinlə bir yerdə tutdum. Bu barədə Fədaini, qayınatam Cavanşiri məlumatlandırdım. Bundan sonra yaranan mübahisələri sakitləşdirmək üçün Camaləddin Fədainin öldürmək qərarına gəlib. Fədaini ölümünün səbəbkarı da Gülşən Zeynalovadır. Amma bu gün zərərçəkmişlər əsl qatili himayə etməklə, öz namussuz hərəkətlərini ört-basdır etməyə çalışırlar. Bu cinayəti ört-basdır etməyə çalışan şəxslərdən biri də Gülşən Zeynalovanın qardaşı, ədliyyə mayoru Aqil Zeynalovdur. O, bacısının namussuz hərəkətlərini ört-basdır etmək məqsədilə mənim bu cinayəti törətməyimi sübut etməyə var gücü ilə çalışır. Lakin qondarma ittihamlar sübuta yetirilməyəndə, başqa addımlar atırlar. Aqil Zeynalov mənim həyatıma sui-qəsd hazırlayıb. Bu qəsdin qarşısını saxlandığım həbsxanada ala bildim. Mənə qarşı edilən bu hərəkətə son qoymağa çalışırdım, həmişə həyatıma qarşı edilə biləcək sui-qəsdlərdən qorunmuşam". "Həyat yoldaşım ikiyaşlı qızını yandırıb" Təqsirləndirilən şəxs daha sonra bildirdi ki, həyat yoldaşı Həbibə Zeynalova analığa yaraşmayan vəhşilik edib: "Hələ qızım iki yaşında olanda Həbibə onun üstünə qaynar su tökərək yandırıb, bu vəhşi hərəkəti etməyə isə onu yaxın qohumları vadar edib. Qızımın anası tərəfindən yandırılması barədə şəkillər, dəlillər də var. Həmin şəkilləri də məhkəməyə təqdim edəcəm". "Mən bu məhkəmədən ədalət gözləyirəm" Zaur Həziyev çıxışında hakimlərin ədalətinə inandığını bildirdi. O qeyd etdi ki, törədilən cinayətdən xəbəri yoxdur: "Əsl cinayətkar Camaləddin Muradovdur. Bu cinayətin əsl səbəbkarlarını müəyyən etmək məhkəmənin üzərinə düşür. Burada insan taleyi həll edilir. Buna görə də hökm çıxararkən diqqətli olmaq lazımdır. Mən bu cinayəti törətmədiyim halda mühakimə edilirəm. Hər hansı bir cəzadan qorxmuram. Amma haqsız yerə cəzalandırılmağıma təəssüf edirəm. Buna görə də məhkəmə hökm çıxararkən, əsl cinayətkarın kimliyini müəyyən etməlidir. Mən də bu cinayətin tam açılmasının, əsl cinayətkarın müəyyən edilməsinin tərəfdarıyam". Təqsirləndirilən şəxsin çıxışından sonra hakimlər bildirdilər ki, hökm qəbul etmək üçün müşavirə otağına yollanırlar. Müşavirədən qayıdan hakimlər isə Zaur Həziyevə ömürlük cəza təyin etdilər... |