"Nabucco" layihəsinin gerçəkləşəcəyi indi daha real görünür. AB "Nabucco" kəməri ilə ilkin olaraq ildə 31 milyard kubmetr qaz götürmək niyyətindədir. Güman edilir ki, Azərbaycan həmin qazın təxminən 1/3-ni təmin etmək qabiliyyətindədir. Azərbaycan "Nabucco" layihəsində həm təchizatçı, həm də tranzit ölkə kimi çıxış edərək ona daha çox təsir imkanları əldə edə bilər. Bu mülahizələri iqtisadçı Vüqar Bayramov söylədi. Onun fikrincə, Şahdəniz-2 yatağında qazın istismarına, planlaşdırıldığı kimi, 2012-ci ildə deyil, 2014-cü ildə başlanacağının elanı məhz Azərbaycanın "Nabucco" layihəsində fəal iştirak imkanlarından xəbər verir.
Layihənin məhz həmin vaxt istifadəyə verilməsi və "Şahdəniz" yatağından hasil ediləcək qazın da "Nabucco" vasitəsi ilə nəqli gözlənir. Və güman olunur ki, Azərbaycanın qaz ehtiyatları qiymətləndirildiyindən daha çoxdur. Vüqar Bayramov deyir: "Bu isə Azərbaycana həm Avropanın enerji təhlükəsizliyində daha üstün mövqeyə malik olmağa və qaz satışından əldə edəcəyi gəlirləri maksimumlaşdırmağa imkan verə bilər. Bu ilin iyununda İstanbulda 5 istehlakçı ölkənin "Nabucco" layihəsində iştirakları ilə bağlı anlaşma imzalaması da bu layihənin real olmasından söz açır.
Bu gün AB-nin mavi qaza olan tələbatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın istehlakının 90 faizini ödəyən "Qazprom" qitədə inhisarçı mövqeyə malikdir. Hətta bəzi Avropa ölkələri, o cümlədən Polşa və Çexiya tamamən Rusiya mavi qazından asılıdır. Bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında baş verən qaz münaqişəsi Avropanı yenidən öz enerji təhlükəsizliyi haqda düşünməyə vadar edib. İqtisadçı Vüqar Bayramova görə, Avropanın enerji təhlükəsizliyinin izahatı kifayət qədər sadədir. Rusiyadan kənarda yerləşən mavi qaz ehtiyatlarının məhz elə Rusiyadan keçməyəcək qaz xətləri ilə Avropaya çatdırılması. Təbii ki, bu apsektdə avropalıların güvəndiyi ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardır.
"Nabucco" Azərbaycan üçün eyni zamanda siyasi önəm daşıyır. Bu xətt Azərbaycana həm mavi qazın nəqli ilə bağlı alternativ ixrac imkanları yaradır, həm də bir kəmərdən və ya hansı tranzit ölkədən asılılığı aradan qaldırır. Layihə Azərbaycanın Avropaya inteqrasiyasının sürətlənməsinə də geniş imkanlar açır.
Rusiya ilə Azərbaycan arasında mavi qazın ixracı ilə bağlı imzalanan anlaşma birmənalı qiymətləndirilmir. Bu anlaşma Azərbaycanın "Nabucco" və ya Transxəzər layihələrindən imtina etməsi deməkdirmi? sualını cavablandıran ekspert birmənalı olaraq deyir ki, xeyr! Onun dediklərinə görə, Rusiya və Azərbaycan arasında əldə edilən anlaşma ölkəmizə bir sıra geosiyasi və geoiqtisadi üstünlüklər verir. Əvvəla, Azərbaycan bununla AB-yə Bakının alternativ mənbələrdən istifadə edə bilməsi ilə bağlı ismarıc göndərdi və avropalıları "ucuz Azərbaycan qazı" xülyasından əl çəkməsinin vacibliyinə işarə etdi. Belə ki, Rusiyanın Azərbaycan qazının hər 1000 kubm/340 dollar hesabı ilə bağlı əldə edilən anlaşma Avropanı məcbur etdi ki, Azərbaycan qazının bazar qiymətləri ilə alınacağı ilə bağlı rəsmi açıqlama versin. Praktik olaraq, bununla rəsmi Bakının Azərbaycanın "Nabucco" və digər Transxəzər layihələrinə yalnız Avropa qiymətləri və ya Azərbaycanın şərtləri ilə qoşula biləcəyini diqqətə çatdırdı.
Azərbaycanın qaz ixracı imkanları kifayət qədər genişdir və Bakı iqtisadi baxımdan ən yaxşı şərtləri qiymətləndirəcək. Digər tərəfdən, Rusiyaya satılacaq mavi qaz rentabelli olmayan yataqlardan hasil edilir. Həmin yataqlarda xarici şirkətlər işləməkdə maraqlı deyil və Rusiyaya satılacaq qazı ARDNŞ hasil edir: "Bu baxımdan, Azərbaycanın Rusiyaya qaz ixracı heç də xarici neft şirkətlərinin hasilatla bağlı planlarına təsir göstərmir. Nəhayət, Rusiyaya il ərzində cəmi yarım milyard kubmetr qaz ixracı proqnozlaşdırılər. Bu isə Azərbaycanın nə daxili istehlakına, nə də ixracına təsir göstərər. Müqayisə üçün: Azərbaycan illik olaraq "Nabucco" layihəsi ilə Rusiyaya ixrac edəcəyi qazdan 20 dəfə artıq qaz nəql etmək niyyətindədir. Buna görə də "Qazprom"la qaz anlaşması heç bir halda Azərbaycanın neft strategiyasında dəyişiklik kimi qiymətləndirilə bilməz".
Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-cü ildən başlayaraq mavi qaz satışından əldə edilən gəlir kəskin artacaq və sonrakı illərdə neft gəlirlərinin azalması müşahidə edilsə də, büdcədə kəsir yaranmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq.