çap et  
Bağimda üzüm qaldi...
Bağimda üzüm qaldi...
Gəncəbasarın üzüm məhsulunu alan yoxdur
Şənbə, 10.10.2009


Təhminə Tağizadə, Gəncə Media Mərkəzi

Üzümlərini sata bilməyən fermerlər çaşqınlıq içindədir. Gəncəbasar bölgəsində tonlarla məhsul tənəklərdə qalıb xarab olur. Bu il yaz şaxtaları bölgədə yetişdirilən üzümün 70 faizini məhv etsə də, fermerlər mövcud məhsullarını belə satmaqda çətinlik çəkirlər. Yetişmiş üzüm isə gözləmir və günü-gündən xarab olur. Məhsulu nə bölgədəki şərab zavodları alır, nə də daxili bazarda satmaq mümkün olur.

Üzümçü Nəriman Ələkbərov deyir ki, xaricdən bölgəyə idxal olunan üzüm yerli məhsulun satışına mane olur: "Məsələn, İrandan Bakıya üzüm daşınır, bizdən üzüm alanlar məhsulumuzu sata bilmir. Şəkidəki alverçilər deyirlər ki, bazara Gürcüstandan üzüm gəlib. Kənardan gələn üzüm bizim məhsulların satışına mənfi təsir edir. Biz isə pis vəziyyətdə qalmışıq, dövlətdən kredit, lizinq yolu ilə texnika götürmüşük, bunların pulunu ödəməliyik. Fəhlənin, yanacağın, kimyəvi dərmanın pulunu verməliyik, məhsul satılmayanda biz bunların pulunu verə bilməyəcəyik".

Məsələdən Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsində xəbərdardırlar. İdarənin rəisi Ziyad Abbasov deyir ki, artıq bir neçə fermer bu məsələ ilə bağlı onlara müraciət edib. Araşdırma zamanı məlum olub ki, bölgədə fəaliyyət göstərən şərab zavodları müxtəlif bəhanələrlə üzüm ala bilməyəcəklərini bildiriblər.

"Bizim elə bir imkanımız yoxdur ki, zavodları məhsulu almağa məcbur edək. Özəl müəssisələrdir, alıb-almamaq öz işləridir. Bizi bu gün maraqlandıran məsələ fermerlərin məhsulu sata bilmədiyi, onların bu problemlə qarşılaşmalarının səbəbidir. Belə davam etsə, onlar müflisləşə bilər". Ziyad Abbasov belə deyir və üzüm məhsulunun satışında yaranmış problemin əsas səbəbini İqtisadi İnkişaf Nazirliyinin investisiya siyasətinin yalnız biristiqamətli, kompleks tədbirlər düşünmədən həyata keçirilməsində görür.

"Biz istehsala investisiya qoyuruq, tərəvəzin, üzümün istehsalını artırırıq, amma bunun emalı, satışı düşünülmürsə, yəni biz hardasa bazar olmadan istehsalı artırırıqsa, bunun əhəmiyyəti yoxdur. Elə kartof buna misaldır. Məsələn, bizim qərb bölgəsində 700-800 min ton kartof istehsal olunur. Lakin məhsulun 20-30 faizi bazarlarda xarab olur".

Ziyad Abbasov bu cür halların gələcəkdə tərəvəz və digər məhsulların istehsalında da yarana biləcəyini istisna etmədi. Onun sözlərinə görə, bunun qarşısının alınması üçün investisiyalar kənd təsərrüfatı mütəxəssislərinin də tövsiyələri nəzərə alınaraq, bu sektorda kompleks şəkildə inkişafa gətirib çıxara bilən layihələrə yönəldilməlidir. Yəni bölgədə kiçik emal müəssisələri yaradıla, köhnə zavodlar bərpa edilə, xarici bazarlara sahibkarların çıxışını asanlaşdırmaq üçün tədbirlər və s. görülə bilər.

Əvvəllər üzümün növündən asılı olaraq fermerlər orta hesabla bir hektardan 7-8 min manat gəlir götürürdülərsə, indi əksər üzümçülər deyir ki, bu mövsümdə qazancdan söhbət gedə bilməz. Fermerlər aidiyyəti qurumların ölkədə becərilən texniki sort və süfrə üzümlərinin həcminə müvafiq təhlillər aparmasını və üzümün emalı və satışının reallaşdırılması istiqamətində də investisiyalar ayrılmasını məqsədəuyğun hesab edirlər.

"Bu gün hərə bir yanda bağ salır, bazara o qədər üzüm daşıyan olur ki, məhsul heç satılmır da. Çünki ölkədə üzüm istehsalı artır, lakin kənara çıxarıla bilmir. Mən bu üzümü əkmək üçün Sahibkarlığa Yardım Fondundan pul almışam, bu il o pulu qaytarmalıyam, amma qaytara bilməyəcəm. Onlar da mənim üzüm istehsalçısı olduğumu nəzərə almalı, hansı sortlar əkdiyimi müəyyən edib onun satışı haqda tədbirlər görməlidirlər. Yəni bu məsələlər yuxarı orqanlar tərəfindən tənzimlənməlidir", - deyə fermer Nəriman Ələkbərov bildirdi.

İqtisadçılar hesab edir ki, iri təsərrüfatı olan fermerlərə kiçik istehsal sahələri yaratmaq üçün kreditlər verilə bilər. Samuxlu fermer Özbək Əliyev bu fikri dəstəklədiyini bildirdi: "Bizə kreditlər versələr, özümüz kiçik emal saxi düzəldib, məhsulu satarıq, kənar yerlərdən təşkilatlarla müqavilə bağlarıq, xaricdən alıcı dəvət edərik, məhsulumuz əlimizdə qalmaz. Ancaq düzü, buna heç kimin marağı yoxdur".

Sahibkarlığa Yardım Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2010-cu ildə üzümçülük sahəsində emal müəssisələrinin yaradılması məqsədilə kreditlər veriləcəyini bildirdi: "Hazırda İqtisadi İnkişaf Nazirliyində iqtisadiyyatın prioritet istiqamətləri üzrə, əsasən də bölgələrdə hansı sənaye, emal müəssisələrinin yaradılması istiqamətində araşdırmalar aparılır. Bu gün üzümçülüyün inkişafı, şərab emalı müəssisələrinin yaradılması prioritet istiqamətlərindən biridir. Nazirlikdə konkret hansı regionda, hansı həcmdə emal müəssisələrinin yaradılmasının təhlili aparılır. 2010-cu ildə İİN ciddi addımlar atacaq, üzüm emalı müəssisələrinin yaradılması istiqamətində layihələrin qəbulu və maliyyələşdirilməsi həyata keçiriləcəkdir".

Qərb bölgəsində hazırda 5 min hektara yaxın sahədə üzüm becərilir və bir hektar bağın salınması üçün 12 min manat vəsait tələb olunur.