çap et  
UEFA kubokunun oyunları Bakıda keçiriləcək
UEFA kubokunun oyunları Bakıda keçiriləcək
"Araz" futzal klubu elit raunda vəsiqə qazandığı üçün
Şənbə, 10.10.2009

İ.Rəfiyev

Futzal üzrə UEFA kuboku uğrunda yarışların elit raundunda Azərbaycan çempionunun çıxış etdiyi qrupun oyunları Bakıda keçiriləcək. Belə ki, Naxçıvanın "Araz" futzal klubunun UEFA kuboku uğrunda yarışların elit raunduna vəsiqə qazanması ilə əlaqədar olaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropanın ali futbol qurumuna müraciət edib. AFFA UEFA kubokunun elit raundunda "Araz"ın mübarizə aparacağı qrupun oyunlarının Bakıda təşkili üçün namizədliyini irəli sürüb. Qarşı tərəf AFFA-nın bu müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA kuboku uğrunda yarışların seçmə mərhələsini uğurla başa vurub. Beşinci qrupda çıxış edən "Araz" Xorvatiyanın Pula şəhərində keçirilən oyunların ikisində qələbə qazanıb, birində heç-heçə edib. Reytinqi yüksək olduğu üçün mübarizəyə ikinci seçmə mərhələdən başlayan "Araz" Kiprin "Omoniya" klubuna 4:1, Serbiya çempionu "Kolubara Lazareviç"ə 4:0 hesabı ilə qalib gəlib. Komandamız son oyunda "Potpikan"la (Xorvatiya) heç-heçə oynayaraq elit raunda vəsiqə qazanıb.

Qrup qalibi kimi elit raunda çıxan "Araz"ın növbəti mərhələdəki potensial rəqiblərinin adları artıq məlumdur. Bunlar "İntervyu" (İspaniya, hazırkı çempion), "Mursiya" (İspaniya), "VİZ-Sinara" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Luparense" (İtaliya), "Xridum" (Çexiya), "Aksion-21" (Belçika), "Benfika" (Portuqaliya), "Araz" (Azərbaycan), "Marlene" (Hollandiya), "Taym" (Ukrayna), "Nikars" (Latviya), "Atina-90" (Yunanıstan), "Puntar" (Sloveniya), "Potpiçan-98" (Xorvatiya), "İberiya" (Gürcüstan) klublarıdır.

Elit raundun püşkatma mərasimi oktyabrın 13-də İsveçrənin Nion şəhərində təşkil olunacaq. Bu mərhələnin oyunları isə noyabrın 14-dən 22-dək olan müddətdə keçiriləcək.

Elit mərhələdə 16 klub 4 qrupda qələbə uğrunda mübarizə aparacaq. Qrup qalibləri "Dördlər final"ında oynamaq hüququ qazanacaq. Həlledici qarşılaşmalar 2910-cu ilin aprel ayında keçiriləcək.