Son günlər böyük enerji ilə bir sıra yaradıcılıq işlərinin həllinə başlayan müğənni Xatirə İslam ilk addımını klip çəkilişləri üçün atıb. Sənətçi xanımla söhbətimizdə klip işini qadın rejissorlardan birinə həvalə etdiyini bildirdi: "Həmin xanım Günel Şakirdir. Hazırda klipin süjet xətti üzərində işləyir və gedişatı barədə mənə heç bir söz deməyib. Günel xanımın zövqünə və məharətinə inandığım üçün böyük tərəddüd yaşamıram". Öyrəndik ki, skripkaçı Ceyhunun bəstəsinə ekranlaşdırılan mahnı lirik notlara söykənib.
Xatirənin növbəti layihələrindən birini konsert proqramı təşkil edir. Repertuarını yeni mahnılar üzərində quran müğənni bununla bağlı bir çox peşəkar bəstəkarların qapısını döyməyi düşünür.
Yeni xəbərləri ilə gündəmə doğru irəliləyən sənətçi haqqında şayiələr də az dolaşmır. Gəzən xəbərlərin birində Xatirə İslamın hicablanacağı deyilir. Onun şou-biznesin çirkinliklərindən bezdiyi danışılır. Xatirə İslam bu xəbərə gülür və belə bir fikirdə olmadığını deyir: "Belə bir fikrim olarsa, onu əvvəlcədən yayıb, özümə reklam qazandırmaram. Sakitcə hicablanıb, insanların qarşısına çıxaram. Çünki bu, şəxsi mövqeyə söykənən bir seçimdir və bu barədə əvvəlcədən açıqlama verməyi vacib bilmirəm. Konkret olaraq bir daha hicablanmaq fikrində olmadığımı deyirəm".
Xatirə İslamın bir çox həmkarları ilə düşmən mövqedə olduğu xəbərləri də dolaşmaqdadır. Qeyd edək ki, siyahıda Brilyant Dadaşova, Aygün Kazımova, Nazpəri Dostəliyevanın adları hallandırılır. Növbəti xəbəri də təkzib edən Xatirə İslam belə bir açıqlama verdi: "Artıq bu cür xəbərlər məni təəccübləndirmir. Kim nə istəyir, danışsın. Bununla məni düzgün mövqeyimdən yayındıra bilməzlər. Sadəcə, qeyd etmək istəyirəm ki, yuxarıda adı çəkilən və çəkilməyən sənət dostlarımla münasibətlərim qaydasındadır.
|