Anonslardan bəlli olduğu kimi, müğənni Röya oktyabrın 1-dən 6-na kimi Opera və Balet Teatrında konsert proqramı ilə çıxış etməli idi. Nəzərdə tutulan konsertin 5 günü keçirildi. 6-cı gün isə təxirə düşdü. Oktyabrın 6-da "Bu şəhərdə"nin sonuncu konsert proqramında tamaşaçılarla birlikdə zalda oturan Röya bir çoxlarını təəccübləndirib. Məsələyə "Ayna"da aydınlıq gətirən sənətçinin prodüseri 6-cı gün konsertinin təxirə düşdüyünü bildirdi. Səbəb olaraq isə dedi ki, bunu həkimi Röyaya qadağan edib: "Əslində 5 günlük çıxışı da Röya üçün artıq idi. Bir neçə həftədən sonra ana olacaq müğənni üçün yüksək səs ötrücülərinin altında saatyarımlıq çıxış etmək gərginlik yaratmışdı. Həkiminin gündəlik müdaxiləsinə baxmayaraq, bu gərginliyi hiss edirdi. Lakin 5 günlük konsertin biletləri satıldığı üçün hansısa günü təxirə sala bilmədik. 6-cı günün konsertində isə yalnız dəvətnaməli qonaqların iştirak edəcəyi bəyan edilmişdi. Bilet itkisinin olmayacağını nəzərə alıb həkimin qərarı ilə sonuncu günü təxirə saldıq".
|