Türkiyədə yaşayan instrumentalçı soydaşımız, milli musiqi alətimiz olan balabanı bir çox ölkələrdə məşhurlaşdıran Əlixan Səmədov Bakıda konsert verməyi planlaşdırır. Konsertin təşkilatçısı, Dünya Azərbaycanlıları İctimai Mərkəzinin rəhbəri Zaur Mirzəzadənin bildirdiyinə görə, bu məqsədlə maraqlı və yaddaqalan konsert proqramı ərsəyə gəlir. Z.Mirzəzadə deyib ki, Heydər Əliyev Sarayında nəzərdə tutulan konsertin noyabrın son ongünlüyündə, Qurban bayramı ərəfəsində təqdimi gözlənir. Təşkilatçı tərəf bildirir ki, konsert həm də tamaşaçılara bayram sovqatı olacaq.
Əlixan Səmədovun Bakıya gəlişi ilə onun müğənni Nadir Qafarzadə ilə əməkdaşlığı həllini tapacaq. Təməli bir neçə həftə öncə qoyulan əməkdaşlıq Əlixan Səmədovun Nadir Qafarzadəyə mahnı təqdim etməsi ilə başlayıb. Xatırladaq ki, türk dilində yazılan bəstəni Nadir Qafazadə ana dilimizdə təqdim edəcək. Tezliklə isə mahnıya klip çəkiləcək.
|