çap et  
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Hadı Rəcəbli: "Sağlam, işləyə bilən insanları ələbaxımlıqdan xilas etməliyik!"
Şənbə, 10.10.2009

Banu

Sovetlər Birliyində sosial müdafiə sisteminin baş xətti hamıya bərabər, ədalətli şəkildə bölünmüş əməkhaqqı verilməsi, gəlirlərin düzgün bölünməsi idi. Bu prinsiplə insanların hamısını - bir balaca fərqlə - bərabər əməkhaqqı ilə təmin edirdilər. Bu hal siyasi sistemin xarakterinə, mahiyyətinə uyğun gəlirdi. Ölkə vətəndaşları isə təşəbbüs hüququndan məhrum vəziyyətə salınırdı. Bazar iqtisadiyyatı ölkələrinin, kapitalizmin sosial müdafiə sisteminin baş xətti isə ondan ibarətdir ki, cəmiyyətdə gəlirlərin bölünmə prinsipi qalmaqla yanaşı, eyni zamanda, sosial müdafiənin ünvanlılığı təmin olunsun. Bu ünvanlılıq bu sistemin əsas prinsiplərindən biridir. Lakin, təəssüflər olsun, uzun müddət Azərbaycanda bu ünvanlılıq olmayıb. Bu ünvanlılığın olmaması sonda çoxlu fəsadlarla nəticələndi.

Azərbaycanda sosial müdafiə sisteminin transformasiyasına 90-cı illərdən başlanıb və bu proses indi də davam edir. MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, bu proses Azərbaycanda bir sıra yeniliklərin üzə düşməsi ilə nəticələndi. Söhbət ünvanlı sosial yardımın qəbulundan gedir.

Əvvəllər hər uşağa - təxminən 1 milyon 600 min uşağa - keçmiş pulla 9000 manat ödənilirdi. Özü də bu "uşaqpulu"nu kasıb ailə də, varlı ailə də alırdı. Əslində nə kasıb ailə bundan faydalana bilirdi, nə varlı ailə. Hadı Rəcəbli deyir: "Ünvanlı sosial yardımın təkmilləşməsinə böyük ehtiyac var. Rəsmi statistikaya görə, kasıblıq həddində yaşayan insanların sayı təxminən ölkə əhalisinin 12,2 faizini təşkil edir. Ancaq bu gün müraciət edənlərin sayı bu göstəricidən xeyli çoxdur. Adamların çoxu özünü kasıb hesab edir. Baxmayaraq ki, onların sağlamlığı işləməyə, pul qazanmağa imkan verir, ancaq evdə oturub gözləyirlər ki, gətirib onlara müavinət versinlər. Fikrimcə, bu insanları ələbaxımlıqdan qurtarmaq lazımdır".

Deyəsən, millət vəkili rəsmi statistikaya bərk inanır. Düşünür ki, digər müraciət edənlər əslində imkanlı adamlardır. Doğrudur, ünvanlı yardımlardan ehtiyacı olmadan yararlanmaq istəyənlər var. Amma o da bir gerçəkdir ki, kasıblıq həddində yaşayanların faizi rəsmi statistikada tam əksini tapmayıb.

Hadı Rəcəbli ümidini sosial işçi institutuna bağlayır. İki-üç il əvvəl ünvanlı sosial yardıma keçiləndə, haradasa 450 ştat vahidi ayrıldı ki, bilavasitə ünvanlı yardımların paylanmasını həyata keçirsinlər. Bu gün bu ştat az görünür. Hadı Rəcəbli: "Bir sıra toplu məsələlər var ki, onları məhz sosial işçilər vasitəsilə həll etmək olar. Məsələn, bu gün evlərdə qulluğa, xidmətə ehtiyacı olan çoxlu insanlar, yaşlılar var. Ola bilər ki, həmin yaşlı insanların övladları hansısa səbəblər üzündən valideynlərini tək buraxmaq məcburiyyətində qalsınlar, başqa yerə getsinlər. Yəni övladları onları qocalar evinə verə bilmir, daha doğrusu, bu addımı atmaqdan çəkinir. Ancaq eyni zamanda, həmin insanların xidmətə, qulluğa böyük ehtiyacları var. Həmin insanlara məhz sosial işçilər vasitəsilə kömək, qulluq, xidmət etmək olar. Demək istəyirəm ki, sosial işçilərdən digər sahələrdə də faydalanmaq olar. Hətta belə bir fikrimiz var ki, parlamentin qarşıdan gələn payız sessiyası çərçivəsində "Sosial işçi haqqında" qanun layihəsi hazırlayaq və onu Milli Məclisin müzakirəsinə çıxaraq".

Sosial müdafiədə digər addım pensiya islahatları ilə bağlıdır. Bu islahatlar üç mərhələdə aparıldı və üç mərhələyə bölündü: pensiyanın baza hissəsi, pensiyanın sığorta hissəsi və pensiyanın yığım hissəsi. Bu gün pensiyanın baza hissəsi prezident tərəfindən müəyyənləşir, pensiyalar yaşayış minimumuna uyğunlaşdırılır, bu məqsədlər üçün pensiya fondunun üçdə biri qədər vəsait dövlət büdcəsindən ayrılır. Yəni təxminən dövlət büdcəsindən yarım milyard vəsait Sosial Müdafiə Fonduna transformasiya olunur. Qalan vəsait isə Sosial Müdafiə Fondu tərəfindən yığılır və sonradan sığorta haqqı kimi vətəndaşlara qaytarılır.

Hadı Rəcəbli deyir: "Burada sistemləşmə yaranır. Məsələn, əvvəllər beləydi ki, dövlət qulluqçuları, deputatlar, müəllimlər, digər kateqoriyadan olan vətəndaşlar üçün pensiya hesablanması fərqli idi. Beləliklə, pensiya hesablanması sistemi parakəndəydi. Bunları aradan qaldırmaq üçün isə vahid pensiya hesablanması müəyyənləşdi".

Sosial müdafiə sistemi ilə sosial sığorta sisteminin ayrılması ən ciddi addımlardan biri hesab olunur. Məsələn, əvvəllər qocalığa görə pensiya verilirdi. Sonradan bu pensiya qocalığa görə müavinətlə əvəzləndi. Pensiya isə bilavasitə sığorta haqqı ödəyən insana verildi. Yəni sığorta haqlarının ödəmələri bir yerə yığıldı, dövlət tərəfindən ödəmələr bir yerə.

Millət vəkili Əli Məsimli isə bu məsələnin digər tərəfinə işıq salır. Onun fikrincə, hazırda vətəndaşlara pensiya verilməsində fərqli standartlar tətbiq edilir. Belə ki, sovet dönəmində pensiyaya çıxanlarla sonradan bu hüquqdan istifadə edən vətəndaşların pensiya təminatında fərq müşahidə edilir. Əli Məsimli bu fərqin aradan qalxmasını zəruri sayır.

Parlamentin iqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, məsələ ilə bağlı dövlət orqanları ilə söhbətlər aparılıb. Belə ki, sovet dönəmində pensiyaya çıxmış şəxslər özlərinə bərabər tutulan şəxslərlə müqayisədə az pensiya almaqla, təkcə mənəvi deyil, həm də psixoloji zərbə almış olurlar. Bu kateqoriyadan olanların sayı isə bir o qədər də çox deyil.