"Dini etiqad azadlığı" haqda qanuna edilən dəyişikliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən dini icmalar bu ilin sonuna kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ilkin və təkrar qeydiyyatdan keçməlidir. Yalnız müraciəti təmin olunan icmalar 2010-cu ildən fəaliyyətlərini davam etdirə biləcək.
Qərb bölgəsində fəaliyyət göstərən 52 dini icmadan 22-si ərizə ilə Komitəyə müraciət edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər şöbəsinin rəhbəri Firdövsi Kərimovun sözlərinə görə, bu icmaların hamısı islam təmayüllüdür: "Hamısının sənədləri ilə tanış olmuşam, həmin icmalardan heç birinin fəaliyyətinə xitam məsələsi gündəmdə deyil. Yəni onların sənədləri yerindədir, eyni zamanda həmin icmalarda fəaliyyət göstərən icma sədrləri də axundlardır. Bunlar radikal meyilli insanlar deyil. Ona görə də belə hesab edirəm ki, onların qeydiyyatı həyata keçiriləcək".
Gəncənin Şahsevənlər məscidindən 10 ildir istifadə edən bir qrup məhəllə sakini, nəhayət, Komitədən qeydiyyatdan keçmək niyyətindədir. İcma üzvü Volodya Mahmudovun sözlərinə görə, 10 nəfər məhəllə sakininin iştirakı ilə dini icma yaratmaq haqda sənədlər hazırlanıb: "Bizə də vəd veriblər ki, hər şey uğurlu olacaq və ümid edirik ki, icma çox tez bir zamanda qeydiyyatdan keçər".
Bölgədə xristianyönümlü yeddi dini icmanın hamısı Gəncə şəhərində fəaliyyət göstərib. Aleksandr Nevski adına Rus Pravoslav kilsəsindən başqa digər altısı komitəyə sənədlərini fərdi qaydada təqdim etməli olsa da, hələlik onlardan heç birinin müraciət etmədiyi bildirilir. Bu icmalardan bir neçəsinin qapısını döysək də, ünvanlarında kimsəyə rast gəlmədik. "Yeddinci günün adventistləri", "İsa Məsih məbədi" və "Şərqdə ulduz" icmalarından isə şafahi olaraq bildirildi ki, komitəyə təqdim etmək üçün sənədləri hazırlama prosesi gedir.
Firdövsi Kərimov "Dini etiqad azadlığı" haqda qanuna edilən dəyişikliyin tək qeydiyyat məsələsi ilə bitmədiyini bildirdi: "Bir çox ölkələrdə təhsil almış şəxslər, açığı deyim ki, dindən çox təhsil aldıqları ölkənin siyasi maraqlarına xidmət edir. Qanunun 21-ci maddəsinə yeni - üçüncü bənd əlavə olunub. Həmin bənddə deyilir ki, islam dininə aid ayin və mərasimlərin icrası yalnız Azərbaycan Respublikasında təhsil almış ölkə vətəndaşları tərəfindən həyata keçirilə bilər. Bu o deməkdir ki, hansısa bir xarici ölkədə özbaşına gedib dini təhsil almış şəxslərin icmaları təmsil etmək, pişnamazlıq etmək, moizə oxumaq səlahiyyətləri yoxdur".
Qanunun 12-ci maddəsinə edilən dəyişikliklərə əsasən isə, qeydiyyatdan keçmiş dini icmalar yalnız rəsmi sənədlərindəki hüquqi ünvanlarda fəaliyyət göstərə bilər. Bununla da ictimai yerlərdə dini təbliğat aparılmasına, bukletlər və s. bu kimi materiallar paylanılmasına qadağa qoyulub.
Qərb bölgəsində bu günədək fəaliyyət göstərən 45-i islam yönümlü olmaqla 52 icmadan yalnız 32-nin ilkin qeydiyyatı olub. Onların 29-u islam, yalnız 3-ü xristian təmayüllü icmalardır.
|