Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yekun qərarını oktyabrın 10-da Ali Məclisin iclasında verəcək. Partiyanın sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda partiyanın seçkilərdə hansı formatda iştirak edəcəyi müəyyənləşəcək.
Onun sözlərinə görə, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar seçkidə birgə iştiraka tərəfdar olsalar da, qanunvericilikdə yaradılan bir sıra əngəllər buna imkan vermir. Bu səbəblə DUİ-yə daxil olan partiyalar seçkidə ayrılıqda iştirak edəcək. M. Mirəlioğlu ittifaqdakı bütün partiyaların öz namizədlərini KXCP adından irəli sürməsi təklifinin də masada olduğunu vurğulayıb: "Məclisin iclasında bu məsələlərə aydınlıq gətiriləcək".
Belə ki, DUİ siyasi fəaliyyətini yaxın keçmişdə yaranmış sosial mübahisəyə görə aktivləşdirmək də istəyir. DUİ-yə daxil olan partiyaların növbəti toplantısında metroda gediş haqqının qalxmasına etiraz olaraq Bakı Metropoliteni binasının qarşısında aksiya keçirmək müzakirə olunacaq. Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib.
Onun sözlərinə görə, metrodan əsasən əhalinin maddi baxımdan imkansız təbəqəsi istifadə edir və gediş haqlarının qalxması onsuz da ağır şəraitdə yaşayan əhalinin vəziyyətini daha da pisləşdirəcək. M. Mirəlioğlu bildirib ki, aksiya barədə qərarın qəbul olunacağı halda, onun günü təyin ediləcək. DUİ metroda gediş haqlarının endirilməsini tələb edəcək.
|