Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 2009-cu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin Tovuzdakı "N" saylı hərbi hissəsində xidmət edən 19 yaşlı Əhmədov Pərviz Vaqif oğlu 6 gün bundan öncə minaya düşüb. Nəticədə onun bir ayağı amputasiya olunub. Bu barədə "Ayna"ya əsgərin yaxınları məlumat verib. Məlumata görə, hazırda əsgər Şəmkirin Sabir kəndindəki tibb məntəqəsində həkim nəzarətindədir.
Əsgərin bir gözündə mina qəlpəsi var. Həkimlər onu çıxara bilmirlər. Yaxınlarına bildirirlər ki, onun vəziyyəti ağırdır və bu səbəbdən paytaxta Hərbi Hospitala aparılması üçün vertolyot gəlməlidir. Bu gün də deyiblər ki, artıq gecdir, vertolyot sabah olacaq. Amma qohumları buna inanmırlar, çünki necə gündür söz versələr də, vertolyot gəlib çıxmır.
Yaxınları Pərviz Əhmədovun ölüm ayağında olduğunu qeyd edirlər. Qısa zaman kəsiyində ona lazımi yardım göstərilməsə, əsgər həyatını itirə bilər.
Məsələ ilə bağlı "Ayna"nın əməkdaşı dünən saat 19.30-da Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu ilə əlaqə saxlayıb. Eldar Sabiroğlu iş gününün başa çatdığını bildirərək məsələyə sabah aydınlıq gətirilə biləcəyini qeyd edib. Eyni zamanda o bildirib ki, P.Əhmədov ölüm ayağında olsaydı, onu tibb məntəqəsində saxlamazdılar...
Şəki rayonundakı "N" saylı hərbi hissənin əsgəri Rahib Tağıyev isə srağagün qayadan yıxılıb. Əsgər xəstəxanaya yerləşdirilib. Bu barədə "Turan"ın bölgə müxbiri məlumat verib.
Həkimlər xəstəni Bakıya gətirmək qərarına gəliblər. Lakin yolda əsgəri paytaxta gətirən reanimobil Bakı şəhər sakini Sadıq Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə sürücü də kəllə-beyin zədəsi alıb və Şəki şəhər xəstəxanasına yerləşdirilib. Əsgərlə birlikdə Bakıya gələn reanimatoloq-həkim Vasif Fəttayevin ayağı sınıb.
Sonda əsgəri başqa maşınla Bakıya gətiriblər.
|