çap et  
Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar
Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar
Siyasi zəmində təşkilatlanmaya doğru daha bir addım atılır
Şənbə, 03.10.2009

İsmayıl Umudlu, İdrak Abbasov

Türkiyə prezidenti Abdulla Gül türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısına qatılmaq üçün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlib. APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi xəbərə görə, Naxçıvan hava limanında A.Gülü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Naxçıvandakı konsulu Ayxan Enginar və digər rəsmi şəxslər qarşılayıb.

Beləliklə, türk dövlət başçılarından Naxçıvan torpağına birinci olaraq Türkiyə prezidenti Abdullah Gül ayaq basmışdır. Sonra Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri Naxçıvan hava limanına eniblər. Türkmənistan prezidentini onun köməkçisi təmsil edir. Özbəkistan isə sammitdə iştirak etmir.

"Turan"ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin cümə günü başlayan sammiti ilə əlaqədar xüsusi vəziyyət elan edilib.

Məlumata görə, yerli televiziya ilə əhaliyə küçələrə az çıxmaq çağırışı ilə müraciət səslənib. Bir sıra məktəblərdə dərslər və müəssisələrdə iş dayandırılıb. Respublikanın güc strukturları gücləndirilmiş iş rejiminə keçib. Vətəndaşların və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Dövlət başçıları iki gün Naxçıvanda olacaqlar. Türkdilli dövlətlərin birinci sammiti 1992-ci ildə Türkiyədə keçirilib.

"www.nakhchivan.org.az" saytının məlumatına görəsə, sammitdə regional və beynəlxalq məsələlərin müzakirəsi, türkdilli dövlətlərin əməkdaşlıq şurası yaranacağı barədə Naxçıvan Müqaviləsinin imzalanacağı gözlənir.

Saytın məlumatına görə, səhər saatlarından etibarən küçələrdə liderləri Naxçıvanda olan türk dövlətlərinin bayraqları asılıb. Polis gücləndirilmiş iş rejimində çalışır. Əhalinin və nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Şəhərin hər yerində 10-15 metrdən bir hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları dayanıblar. Kənd və rayon mərkəzlərindən Naxçıvan şəhərinə gələn marşrut avtobusları da dayandırılıb. Bəzi məktəblərdə isə tədris dayandırılıb. Hətta xəstəxanalara avtomobillərin giriş-çıxışı qadağan edilib.

Naxçıvanda yerli jurnalistlərin də fəaliyyətinə məhdudiyyət qoyulmuşdur. Belə ki, RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev Şərur rayonundan Naxçıvan şəhərinə işə gələrkən yolda saxlanaraq geri qaytarılıb.

Türkmənistan prezidentinin özünün təşrif buyurmaması və Özbəkistanın kənar qalmasına baxmayaraq, bu gün Naxçıvanda türkdilli dövlət başçılarının sammiti baş tutacaq.

Türk dövlət başçılarının öz sammitlərini məhz Naxçıvan şəhərində keçirmələrinin böyük mənası var. 1920-ci ildə Stalin və onun strateqləri Türkiyə və Azərbaycan arasında "Ermənistan" adlanan qurumu yaratmaqla coğrafi divar hördülərsə də, siyasi gedişat onların Naxçıvanı Azərbaycandan qoparmasına mane oldu. Bu gün Naxçıvan Türkiyə və Azərbaycan, buradan isə Türk Dünyasına uzanan yolda bir bağlayıcı vəsilədir və prezidentlərimiz bu gün oradadır. Bu, bizlər üçün kinli planlar hazırlayanlara özlüyündə bir ismarıcdır.

Türk dövlətləri birliyi ideyası Mustafa Kamal Atatürkə məxsusdur. Atatürk bir vaxt demişdi: "Türk Birliyinin bir gün həqiqət olacağına inancım vardır. Mən görməsəm belə, gözlərimi dünyaya onun röyaları içində qapayacağam. Türk Birliyinə inanıram. Onu görürəm. Gələcəyin tarixi yeni fəsillərini Türk Birliyi ilə açacaq. Dünya öz sabitliyini bu fəsillər içində tapacaqdır. Türklüyün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq. Günəş nə demək, üfüq nə demək o zaman görüləcək".

Bu gün bu ideyanı həyata keçirmək istəyən liderlərimiz örnəklərə əsaslanırlar: İrqləri, dilləri, mədəniyyətləri bir-birindən fərqli olan Avropa ölkələri AB-ni yaratdılar. Keçmişdə bir-birlərinin ətini yeyən afrikalılar Afrika Birliyini, ərəblər isə Ərəb Dövlətləri Birliyini yaratdılar.

Biz türklər niyə bu örnəkləri əsas götürməyək? Bir Qarabağ probleminin həllində kömək üçün üz tutduğumuz ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in, MDB-nin, İKT-nin "köməyini" gördük. Ərəb ölkələrinin köməyini gördük. Bu problemi bizim üçün yaradan Rusiyanın "köməyini" və "vədlərini" gördük. Avropa Birliyinin Türkiyəni üzvlük istəyinə münasibətini gördük. Bizim heç birimizi AB içərisində görmürlər. Bizə onlar yalnız xammal əlavəsi kimi baxırlar. Çin isə bizim torpaqları özünün "artıq" əhalisini yerləşdirmək üçün məkan gözündə görür.

Bu gün dünyanın durumu belədir: Kim öz probleminin həllini istəyirsə, "güclü" olmalıdır. Və məsələ belə qoyulur ki, "güclü" olmağın yolu "birlik qura bilməkdən" keçir. Bu mənada, biz türklərin qarşısında iki seçim dayanır: 1) ya parçalanacaq və mövcud birliklərin nüfuzları altında olacağıq; 2) ya da öz birliyimizi quracaq və mövcud birliklər arasında yerimizi tutacağıq.

Hesab edilir ki, liderlərdə siyasi istək və qətiyyət olarsa, qarşıdakı 10 ildə AB timsalında təşkilatlanma tamamilə mümkün bir işdir. Mərhum prezident Heydər Əliyev türk dövlətlərinin siyasi birliyinin yaradılması yönündə çox çalışmışdı və bunu ürəkdən arzu edirdi. Belə görünür, bu gün Naxçıvanda siyasi zəmində təşkilatlanmaya doğru daha bir addım atılır və bunu yalnız alqışlamaq olardı.

Bu gün biz türklər dünya çapında 250 milyonuq. 7 müstəqil türk dövləti mövcuddur. Öz siyasi təfəkkürümüz, milli ləyaqətmiz, dövlət inancımız, kimliyimiz, hərbi güclərimiz var. İqtisadi və hərbi güclərin bir birlik halında toparlanması ilə ətrafımızda qurulan xəbis oyunlar pozulmuş olardı. Biz öz birliyimizi qurmasaq, şərqdə Çin, şimalda Rusiya, cənubda Amerikanın Afrikanın şimalından Əfqanıstana qədər uzanan zolağı (Yeni Orta Şərq), qərbdə isə AB arasında - bu dörd güc mərkəzi arasında boynu buruq qalacağıq. Təhdid bundan ibarətdir ki, əgər türklər ağzıbir olmasalar, türk dövlətlərinin sərhədləri torpaqlar və üstündəki əhali ilə birlikdə yenidən cızılacaqdır. Geosiyasi təhdid budur ki, əvvəlcə Rusiya postsovet türk dövlətlərini öz orbitinə çəkəcək, ardınca isə bu qüvvə bütövlükdə Çinin nüfuzu və idarəsi altına düşəcək, buradakı xalqlar tarix səhnəsindən silinəcək və Çin hegemonluğu başlanacaq. Türkiyə isə AB daxilində "əriyəcək".

1990-cı ildən bu yana Türk dövlətlərinin bir birlik halında toparlanmasına cəhdlər göstərilir. Türk dövlət başçıları, nazirlər vaxtaşırı toplaşırlar. Dövlət başçıları bir yerdə çəkiclə dəmir də döydülər. İndiyədək 10 türk qurultayı keçirilib. Gündəmdə Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması ideyası var.