Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan dövlət başçısını baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda N.Nazarbayev və Y.Eyyubov arasında qısa protokol söhbəti olub.
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Şəhidlər xiyabanını da ziyarət edib. N.Nazarbayev Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Sonra Qazaxıstan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın da məzarlarını ziyarət edib. Ziyarət başa çatdıqdan sonra Qazaxıstan prezidentinin rəsmi qarşılanma mərasimi olub. N.Nazarbayevi Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri N.Nazarbayevə, Qazaxıstan heyətinin üzvləri isə İ.Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasiminin ardınca sonra Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, bu səfərin də əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. APA-nın məlumatına görə, "Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə"ni Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Aktau şəhərinin akimi Salimgerey Bakbergenov imzalayıblar.
Bundan başqa, iki ölkə arasında "Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum", "Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə", "Kazmunayqaz" Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı - Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu" imzalanıb. Sənədləri Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfdən isə "Kazmunayqaz" Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Kairgeldi Kabılin imzalayıblar.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"ə isə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov və Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev imza atıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qazaxıstanın maliyyə naziri Bolat Jamişev imzalayıblar.
İki ölkə arasında imzalanmış növbəti sənəd isə "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş" olub. Sənədə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev imza atıblar.
Qeyd edək ki, Qazaxıstan prezidenti türkdilli dövlətlərin başçılarının oktyabrın 2-3-də Naxçıvanda keçiriləcək sammitində də iştirak edəcək.
|