Xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin durmadan inkişafı Sərhəd Qoşunlarının bütövlükdə, eləcə də dənizdə güclənməsinin mühüm amili olub. Bu barədə "Ayna"ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlumata görə, Sahil Mühafizəsinin imkanlarını artırmaq planlaşdırılır. Bu kontekstdə DSX Cənub katerlər divizionunun analoqunu şimalda yaradır.
Bildirildiyinə görə, hazırda Şimal katerlər divizionunun yaradılması istiqamətində işlər gedir və struktur yaxın vaxtlarda istifadəyə veriləcək. Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu 2006-cı ilin dekabrında istifadəyə verilmişdi. Onun sərəncamındakı müasir avadanlıqlar Xəzərin Azərbaycan bölməsinin cənubunda yerləşən ərazilərini fasiləsiz nəzarətdə saxlamaq imkanı yaradır. Axtarış, xilasetmə və digər əməliyyatların təxirəsalınmadan yerinə yetirilməsi, neft platformalarının mühafizəsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə imkanları daha da genişlənib.
"Ayna"ya verilən məlumata görə, Komanda-idarəetmə məntəqəsində, Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olunub, tətbiq edilmiş yeni texnikanın istifadə qaydalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafizəsinin Tədris Mərkəzində çoxsaylı filmlər təşkil edilib, miçman hazırlığı kursları keçirilib.
Məlumata görə, Sahil Mühafizəsinin bu yaxınlarda yaradılmış yeni bazası Xəzər dənizinin Azərbaycan hissəsində nəzarətin gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinin təmin olunmasında mühüm rol oynayır.
Bazadakı komanda-idarəetmə mərkəzində Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Kameralar vasitəsilə 18-20 km məsafədə hərəkət edən bütün üzmə vasitələrini görmək mümkündür. Əraziyə daxil olan gəmilər sorğuya cavab vermədiyi təqdirdə, Sahil Mühafizəsinin gəmiləri vasitəsilə onun mənsubiyyəti araşdırılır.
Buradakı helikopter meydançaları, şəxsi heyətin xüsusi dəniz hazırlığı üzrə poliqonu, yanalma körpüləri və hidrotexniki qurğular ən müasir tələblərə cavab verir. Sahil Mühafizəsinin bazasında kiçik şəhərciyi xatırladan kompleksdə 10 yaşayış binası, binaların hər birində isə mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 18 mənzil var.
Hazırda Xəzərin Azərbaycan sektorunda fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasında beynəlxalq təcrübəyə əsaslanan işlər davam edir. Bildirilir ki, yaxın gələcəkdə şimal istiqamətində və digər mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə yaradılması nəzərdə tutulan yeni infrastrukturların fəaliyyətə başlaması DSX rəhbərliyinin Sahil Mühafizəsinin qarşısında qoyduğu tapşırıqların daha dəqiq həyata keçirilməsinə zəmin yaradacaq.
Müasirtipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avdanlıqlar quraşdırılan sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Sahil Mühafizəsi tərəfindən hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanları əldə edilib.
DSX-nin perspektiv inkişaf proqramına uyğun olaraq, peşəkar hərbi xidmətə keçilməsi ilə Sahil Mühafizəsində də peşəkar kadrlara tələbat artmaqdadır. Bu tələbatı ödəmək üçün məqsədyönlü tədbirlər görülməkdədir. 2004-cü ilin əvvəllərindən fəaliyyətə başlayan Tədris Mərkəzi dənizçi sərhədçilərin peşəkarlığının artırılmasında mühüm rol oynayır. Texniki avadanlıqlarla yüksək səviyyədə təmin edilmiş bu mərkəz yüksək ixtisaslı dənizçi sərhədçilər hazırlamaq üçün hər şəraitə malikdir və gələcəkdə regional tədris bazası kimi fəaliyyət göstərə bilər.
DSX-nin təsdiq olunmuş builki döyüş hazırlığı planına uyğun olaraq, sentyabrın 23-25-də növbəti taktiki təlimlər keçirildi. Təlimlərə Sahil Mühafizəsi, aviasiyası, çevik hərəkət qüvvələri, Lənkəran, Xudat və Şəmkir sərhəd dəstələri və digər bölmələri cəlb olunmuşdular. "Xəzər dənizində DSX bölmələri tərəfindən dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili və xilasetmə işlərinin aparılması" mövzusunda keçirilən əməliyyat-taktiki təlimlərdə ümumilikdə 2000 nəfərədək hərbi qulluqçu iştirak edib, helikopterlərdən, gəmi, kater və sualtı üzmə vasitələrindən, artilleriya qurğularından, iriçaplı silahlardan, zirehli və digər döyüş texnikasından istifadə edilirdi.
Sahilboyu ərazidə və ixrac boru kəmərinin keçdiyi zonada dövlət sərhədinin mühafizəsi tapşırıqlarının yerinə yetirilməsinə və xilasetmə əməliyyatlarının aparılmasına DSX-nin qüvvə və vasitələrinin hazırlığını yoxlamaq məqsədilə keçirilən əməliyyat-taktiki təlimlər 4 mərhələ və 12 elementdən ibarət olub.
Məlumatda bildirilir ki, Sahil Mühafizəsinin şəxsi heyəti təlim və məşqlər zamanı topladığı bilik və təcrübəni sərhəd mühafizəsində bacarıqla tətbiq edir. Hər il gəmilər tərəfindən yüzlərlə üzmə vasitəsinə baxışlar keçirilir, sərhəd rejimini pozan, yanacaq alveri və qanunsuz balıq ovu ilə məşğul olan onlarla gəmi və qayıq saxlanır.
"Sərhədçilər dənizdə həyata keçirilən mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında əyani şəkildə sübut ediblər ki, istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, sərhədlərimizin toxunulmazlığını tam təmin etməyə qadirdirlər", - deyə bildirilir.
|