![]() |
çap et |
|
|||
Avropa Birliyinin Azərbaycan, Ermənistan və Gürcüstanla dialoqunda insan hüquqları məsələsi diqqət mərkəzində olacaq. Bu barədə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinin fəaliyyət planının tətbiqi üzrə əlaqələndiricisi Kalin-Lonut Unqur Brüsseldə Cənubi Qafqaz ölkələrinin müxalifət partiyaları və müstəqil KİV mənsubları ilə görüşündə bildirib. Azərbaycandan görüşdə Müsavat Partiyasının sədri İsa Qəmbər və "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu iştirak edib.
"Turan"ın məlumatına görə, görüş 30 sentyabr - 2 oktyabr tarixində Fridrix Nauman Fondu tərəfindən təşkil edilmiş "Yeni Şərq tərəfdaşlığı: AB və onun Şərq qonşuları arasında yeni səmərəli kooperasiya strategiyası" seminarı çərçivəsində keçirilib. AB-nin mayın 7-də Praqada başlamış "Şərq tərəfdaşlığı" təşəbbüsünün məqsədi AB-nin 6 postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə münasibətlərini inkişaf etdirməkdir. Fondun Cənubi Qafqaz üzrə icraçı direktoru Volfqanq Yon tədbirin Cənubi Qafqazda vəziyyətin adekvat dərki və regionda sülh və sabitliyin bərqərar edilməsi məqsədilə AB-nin uğurlu siyasət yürütməsi üçün əhəmiyyətini qeyd edib. "AB üçün partnyor ölkələrdə sabitlik çox vacibdir. Bu isə demokratiya, insan hüquqlarına hörmət, söz azadlığı, qanunun aliliyi, müstəqil məhkəmə sistemi olmadan mümkün deyil", - deyə Unqur bildirib. O, AB və partnyor ölkələr arasında gələcək münasibətlərlə bağlı nikbinliyini ifadə edib: "AB-nin partnyor ölkələrdə gedən proseslərdə iştirakı daha dərin, yüksək səviyyəli səfərlər isə daha çox olacaq". Unqur bildirib ki, oktyabr-noyabr aylarında Brüsseldə partnyor ölkələrlə görüş keçiriləcək, burada Şərq Qonşuluğu Siyasəti çərçivəsində 2010-2011-ci illər üçün əməkdaşlıq proqramı işlənib hazırlanacaq. "Bir neçə ay əvvəl Şərq Tərəfdaşlığı Siyasəti sənədinin imzalanmasından sonra biz partnyor ölkələrlə bu proqramın platformalarının təkmilləşdirilməsi üzrə görüş keçirdik və onların təklifləri yeni proqramın hazırlanması zamanı nəzərə alınacaq", - deyə o bildirib. AB və partnyorlar arasında ikitərəfli münasibətlər 4 platformaya əsaslanır: 1) söz azadlığı, korrupsiyaya qarşı mübarizə, kadrlar sistemində islahatlar aparılması; 2) iqtisadi inteqrasiya: sosial-iqtisadi inkişaf, səhiyyə, azad ticarət, liberal bazar və ekologiyanı əhatə edir; 3) enerji təhlükəsizliyi: ixracat və infrastrukturu əhatə edir; 4) şəxslərarası ünsiyyət: tələbə mübadiləsi, QHT-lərin fəaliyyəti, mədəni əlaqələr. Şərq Tərəfdaşlığı Siyasəti möhtəşəm proqramdır, amma çox şey partnyor ölkədən asılıdır: "Ölkə kağız üzərində deyil, real olaraq dövlət sisteminin demokratikləşdirilməsi, bazar iqtisadiyyatının və sabit inkişafın təmin edilməsi üzrə işə cəlb edilməlidir", - deyə Unqur bildirib. "Əlbəttə, əməkdaşlıq ikitərəfli münasibətlərlə məhdudlaşmayacaq, çoxtərəfli olacaq". Unqur partnyor ölkələrin vətəndaş cəmiyyətlərinin AB ilə yaxınlaşmaqda maraqlı olduğunu qeyd edib. Brüsseldə bunu qiymətləndirirlər və qonşuluq siyasəti çərçivəsində müxtəlif layihələrə böyük vəsait ayırırlar. 2008-ci ildə AQS çərçivəsində müxtəlif layihələrə 450 mln. avro xərclənibsə, 2013-cü ilə qədər bu məbləğ 750 mln. manata çatacaq. Layihələr münaqişələrin həlli, inteqrasiya, enerji marşrutlarının müxtəlifləşdirilməsi kimi məsələlərə aiddir. İş qısamüddətli və uzunmüddətli planlar üzrə aparılacaq. |