çap et  
Vətənpərvər olmaq problemi
Vətənpərvər olmaq problemi
Media və telekanalların qarşısını nə kəsir?
Şənbə, 03.10.2009

Cəsur Sümərinli

Son vaxtlar Azərbaycanda vətənpərvərliyin səviyyə problemi diqqət mərkəzinə gəlib. Müzakirələr zamanı ortaya qoyulan əsas sual bundan ibarətdir: Azərbaycanda vətənpərvərlik təbliğatı niyə aşağıdır? Söz yox ki, indi bütün bu müzakirələr zamanı hədəfə kütləvi və elektron informasiya vasitələri çıxarılır.

Artıq problemə yüksək rəsmi səviyyələrdən də münasibət bildirilir: növbəti açıqlamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səsləndirdi. R.Mehdiyev "Azərbaycan" qəzetində dərc edilmiş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində qeyd edir ki, Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətli yanaşma tələb edir.

R.Mehdiyev məqaləsində qeyd edib ki, AzTV "Əsgər anı", İTV "Salam, əsgər", ANS "Marş", "Lider" "Lider əsgər" kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırır: "Halbuki vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur".

Prezident Administrasiyasının rəhbəri onu da vurğulayıb ki, bunlarla yanaşı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.

Dövlət qurumları nə düşünür?

"Vətənpərvərlik hissi atadan, anadan, bağçadan, məktəbdən gəlməlidir. Cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə də böyük məsuliyyət düşür". Bunu isə "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin təşkilatçılığı ilə bu yaxınlardla keçirilmiş "Vətənpərvərliyin və dövlətçiliyin təbliği: reallıqlar və perspektivlər" mövzusunda keçirilən "dəyirmi masa"da Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bəyan edib.

MN rəsmisi bir sıra hallarda Azərbaycan KİV və EİV-də Silahlı Qüvvələr mövzusunun qeyri-peşəkar işıqlandırılmasından gileylənib: "Götürək telekanalları. Gəlirlər bizdən akkreditasiya istəyirlər, veririk. Sonra da gedib veriliş hazırlayırlar. Verilişdə isə bu və digər silahın taktiki-texniki xüsusiyyətlərini sadalamaqla işlərini bitmiş hesab edirlər. Bu, vətənpərvərlik təbliğatı deyil axı...".

T.Abdullayev bildirdi ki, bu gün Müdafiə Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun artırılması istiqamətində ciddi işlər görülür. "Bu gün biz ölkə KİV-i ilə münasibətləri maksimum şəkildə qurmağa çalışırıq. Tez-tez cəbhə xəttindəki hərbi hissələrə səfərlər təşkil edirik. Məqsədimiz nədir? İstəyirik ki, KİV bu və digər mövzunu işıqlandırarkən maksimum şəkildə vətənpərvər olsun", - deyə T.Abdullayev bildirdi.

"Bəzi dövlət qurumları vətənpərvərlik təbliğatını ayrı-ayrılıqda həyata keçirməyə üstünlük verirlər. Bu, səhvdir. Vətənpərvərlik tərbiyəsi işi birlikdə aparılmalı və buna səy göstərilməlidir". Bu fikir isə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədova aiddir. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu istiqamətdə addımlar atır. "Biz hazırda və gələcəkdə vətənpərvərlik təbliğatı işinə dəstək verməyə hazırıq" deyən Ə.Məmmədov bildirdi ki, ölkədə vətənpərvərlik təbliğatının yüksəldilməsinə hər bir şəxs öz töhfəsini verməlidir, o cümlədən jurnalistlər.

KİV qarşısında "vətənpərvər ol" öhdəliyi qoymaq olmaz

Vaxtaşırı döyüş əməliyyatları gedən zonadan reportajlar hazırlayan, "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovun fikrincə, vətənpərvərliklə bağlı təbliğat aparmağa görə hər hansı bir telekanalı ittiham etmək beynəlxalq normalar baxımından düzgün deyil. "Əgər telekanallar və KİV Müdafiə Nazirliyi və ya hökumətlə müqavilə imzalayaraq qarşılarına vətənpərvərliyi təbliğ etməklə bağlı öhdəlik götürüblərsə, bu halda hansısa məsələdən danışmaq olar. Halbuki bunun özü beynəlxalq jurnalistika normalarına uyğun deyil. Amma telekanallar reklam şərtləri ilə gəncləri orduda xidmətə cəlb edə bilər, hərbçi sənətinin necə də şərəfli peşə olduğunu aşılaya bilər" - İ.Abbasovun münasibəti belədir. Onun fikrincə, torpaqları işğal altında olan Azərbaycanın hər bir vətəndaşı kimliyindən asılı olmayaraq yalnız vətənpərvərliyi təbliğ etməməli, həm də vətənpərvər olmalıdır.

"Digər bir tərəfdən orduda hər kəsin bir yaxını, qohumu və tanışı xidmət edir. Ən böyük təbliğat maşını gələcəyin ehtiyatda olan hərbi qulluqçularıdır. Elə hərbi xidmət şəraiti və şərtləri yaratmaq lazımdır ki, əsgərlər orduya cəza düşərgəsi kimi baxıb tərxis olunacaqları günləri, saatları saymasınlar", - deyə o bildirdi.

İdrak Abbasovun fikrincə, telekanallarda nümayiş olunan hərbi proqramların keyfiyyətindən danışmaq çətindir. "İcazəli, müəyyən çərçivələri bəlli proqramların hansı çatışan cəhətindən söz açmaq olar. Əgər telekanallar hətta "qonaq gözləyən" hərbi hissələrdəki gerçəkliyi nümayiş etdirsələr vəziyyət, necə deyərlər, "ağlamalı" olacaq.

İdrak Abbasovun fikrincə, KİV və EİV-də vətənpərvərlik təbliğatının pərakəndə olmasının əsas səbəbi bu sahədə vahid siyasətin olmamasıdır. "Verilişlər media rəhbərlərinin və yaxud həmin proqramı aparan müəlliflərin şəxsi prizmalarına uyğun qurulur. Bu sahənin inkişafına dövlət dəstəyi olmalı, müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, hərbyönlü media, QHT-lər, hərbi ekspertlər, jurnalistlər və media qurumlarının rəhbərləri hərbi vətənpərvərliklə bağlı yekdil strategiya hazırlamalı, bu sahədə çalışan və ya çalışacaq jurnalistlərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Ən əsası isə ordunun özü gerçəklikdə cəlbedici olmalıdır", - deyə o bildirdi.

Problemlər çözülməlidir, yoxsa...

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin təhlilinə görə, bu gün Azərbaycan KİV və EİV-də vətənpərvərlik təbliğatı qənaətbəxş deyil. Mərkəz bunun əsas səbəblərini açıqlayıb:

1. Cəmiyyətdə vətənpərvərlik təbliğatına vahid yanaşma mexanizmi yoxdur. Vətənpərvərlik necə olmalıdır? Bu suala media bir, rəsmi strukturlar başqa cür cavab verirlər. Medianın işi daha çətindir. Çünki Qərb üslubuna inteqrasiya yolunu seçmiş Azərbaycan KİV və EİV-i vətənpərvərlik təbliğatını da Qərbdəki kimi qurmağa çalışır. Bu yanaşma isə ölkədəki güc strukturları tərəfindən dəstəklənməyə bilər.

2. Ölkənin müdafiə və təhlükəsizlik sektorunda qeyri-şəffaflıq mövcuddur. NATO ölkələrində vətənpərvərlik təbliğatını güc strukturlarının KİV-ə maksimum şəkildə açıq olmasında görürlər. KİV sərbəst şəkildə ordunun problemlərini araşdırır və həll yollarını üzə çıxarır. Beləliklə, Qərbdə belə yanaşma mövcuddur ki, vətənpərvərlik mövzusunu zorla KİV-in diqqətdə saxlamasına cəhd göstərmək əbəsdir. Bu heç bir fayda verməz. KİV-i şirnikləndirmək lazımdır: burada da əsas məsələ orduda şəffaflığın maksimum şəkildə mövcudluğundan asılıdır.

3. Azərbaycanda "Vətənə borc" termininə aydınlıq gətirilməyib. Nəzərə almalıyıq ki, SSRİ-yə aid olan "Hərbi xidmət vətən qarşısında borcdur" ifadəsi bu gün NATO ölkələrində qəbul edilmir. Bu gün "qarşılıqlı borclar" ifadəsinə üstünlük verilir. Bunun da açması ondan ibarətdir ki, əgər hərbi xidmət vətən qarşısında borcdursa, onda vətənin vətəndaşa qarşı hansı borcu var? Məhz bu borc, lazımi xidmət şəraitinin yaradılması, əməkhaqlarının qaldırılması, mənzillə təminat, güzəşt və imtiyazların mövcudluğunu nəzərdə tutmalıdır. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələrinin perspektivdə müqaviləli heyətə keçidi mümkündür (bu proses artıq başlayıb və ayrı-ayrı qoşun növlərində daha geniş vüsət alıb) o zaman gələcəkdə hərbi xidmətə yanaşmanın da dəyişilməsi mümkündür. Bu zaman vətənpərvərlik təbliğatının xarakteri də dəyişiləcək.

4. Silahlı Qüvvələrin quruculuq perspektivi cəmiyyətə bəlli deyil. Nəzərə alınmalıdır ki, vətənpərvərlik tərbiyəsi birbaşa ordunun təbliği ilə əlaqədardır. Bu zaman sədlər ortaya çıxır: Azərbaycan Silahlı Qüvvələrinin quruculuq perspektivi bəlli deyilsə, Hərbi Doktrina hələ də qəbul edilməyibsə, onda təbliğat necə qurulmalıdır?

5. Cəmiyyətdə Qarabağ münaqişəsinin nizamlanması perspektivi ilə bağlı vahid mövqe yoxdur. Aydındır ki, ölkədə vətənpərvərlik təbliğatının ana xətti Qarabağ problemi ilə bağlıdır. Amma bu məsələdə bir qədər anlaşılmazlıq ortaya çıxır: çünki münaqişənin həll perspektivi ilə bağlı cəmiyyətdə yekdil fikir mövcud deyil. Əgər münaqişə hərbi əməliyyatlar yolu ilə həll olunacaqsa, onda ölkədə vətənpərvərlik təbliğatı daha radikal şəkildə qurulmalıdır. Yox, əgər sülh yolunun perspektivi varsa, onda təbliğatda "yumşalmalar" mümkündür. Bu gün Azərbaycanda vətənpərvərlik təbliğatında əsas hədəf mövcud deyil və düşünmək olar ki, bu, prosesə ciddi təsir göstərir.

6. Azərbaycanda hərbi jurnalistikanın meyarları müəyyən deyil. Azərbaycanda jurnalistlər hərb sahəsindən necə yazmalıdırlar? Hansı yanaşmalar ölkənin müdafiə və təhlükəsizlik qüdrətinə xələl gətirər? Nəzərə alınsa ki, bu gün Azərbaycanın müdafiə və təhlükəsizilk sektoru islahatlar dövrünü yaşayır, ölkə ərazisinin böyük hissəsi işğal altındadır, onda aydındır ki, hadisələrə savadlı yanaşma həm cəmiyyət, həm də güc strukturlarının özü üçün vacibdir. Belə olan təqdirdə, Azərbaycanda hərbi jurnalistika ənənəsinin formalaşdırılması qaçılmaz zərurətə çevrilir.

7. Azərbaycanda hələ də hərbi sahədə yazan jurnalistlərlə güc strukturları arasında normal münasibətlər mövcud deyil. Qarşılıqlı əlaqə mexanizmi hələ də işlənməyib. Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin hərbi jurnalistlər üçün vaxtaşırı seminar və təlimlər keçirməsi praktikası yoxdur. Məqalələrinə görə tez-tez KİV-ə irad tutan güc strukturları bu problemin məhkəmə yolu ilə çözülməsinə hələ də üstünlük verirlər.

Bu gün Azərbaycanda güc strukturları, özəlliklə də Müdafiə Nazirliyi tənqiddən çəkinir. Tənqidi jurnalistika ordu rəhbərliyində qəbul edilmir. Belə olan təqdirdə, kim haqlıdır? Hərbi məmurların açıq informasiyaları jurnalistlərdən gizlətdiklərinə görə məsuliyyəti varmı? Suallar açıqdır...

8. Nəhayət, Azərbaycanda hərbi vətənpərvərlik təbliğatının yüksəlməsinə sosial sifariş varmı? Bunu demək bir qədər çətindir. Bu gün cəmiyyət vətənpərvərlik təbliğatının yüksəldilməsinə ehtiyac duyurmu? Yaxud vətənpərvərlik təbliğatının yüksəldilməsi vətəndaşları daha da vətənpərvər edəcəkmi? Bu suallar da hələ ki cavabsızdır.

Amma bir cavab var ki, boş-boşuna vətənpərvərlik təbliğatı, qalaq-qalaq söz yığını vətəndaşlarda vətənpərvər hisslərdən daha çox qıcıq yaradar. Bunun baş verməməsi üçün,

- Rəsmi və güc strukturlarının vətənpərvər fəaliyyətini təmin etmək və onları əlaqələndirmək,

- Azərbaycan Silahlı Qüvvələrində mövcud problemləri həll etmək,

- Müdafiə və təhlükəsizlik sektorunun maksimum şəffaflığına nail olmaq,

- Qarabağ münaqişəsinin nizamlanmasında yekun, qəti qərara gəlmək,

- Cəmiyyətin etimadını qazanmaq lazımdır.

Bütün bunlarsız da vətənpərvər olmaq mümkündür, amma "boğazdan yuxarı"!