Vətənpərvər olmaq problemi
 |
Media və telekanalların qarşısını nə kəsir?
Şənbə, 03.10.2009
|
|
Son vaxtlar Azərbaycanda vətənpərvərliyin səviyyə problemi diqqət mərkəzinə gəlib. Müzakirələr zamanı ortaya qoyulan əsas sual bundan ibarətdir: Azərbaycanda vətənpərvərlik təbliğatı niyə aşağıdır? Söz yox ki, indi bütün bu müzakirələr zamanı hədəfə kütləvi və elektron informasiya vasitələri çıxarılır.
Artıq problemə yüksək rəsmi səviyyələrdən də münasibət bildirilir: növbəti açıqlamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səsləndirdi. R.Mehdiyev "Azərbaycan" qəzetində dərc edilmiş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində qeyd edir ki, Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətli yanaşma tələb edir.
R.Mehdiyev məqaləsində qeyd edib ki, AzTV "Əsgər anı", İTV "Salam, əsgər", ANS "Marş", "Lider" "Lider əsgər" kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırır: "Halbuki vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur".
Prezident Administrasiyasının rəhbəri onu da vurğulayıb ki, bunlarla yanaşı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.
Dövlət qurumları nə düşünür?
"Vətənpərvərlik hissi atadan, anadan, bağçadan, məktəbdən gəlməlidir. Cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə də böyük məsuliyyət düşür". Bunu isə "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin təşkilatçılığı ilə bu yaxınlardla keçirilmiş "Vətənpərvərliyin və dövlətçiliyin təbliği: reallıqlar və perspektivlər" mövzusunda keçirilən "dəyirmi masa"da Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bəyan edib.
MN rəsmisi bir sıra hallarda Azərbaycan KİV və EİV-də Silahlı Qüvvələr mövzusunun qeyri-peşəkar işıqlandırılmasından gileylənib: "Götürək telekanalları. Gəlirlər bizdən akkreditasiya istəyirlər, veririk. Sonra da gedib veriliş hazırlayırlar. Verilişdə isə bu və digər silahın taktiki-texniki xüsusiyyətlərini sadalamaqla işlərini bitmiş hesab edirlər. Bu, vətənpərvərlik təbliğatı deyil axı...".
T.Abdullayev bildirdi ki, bu gün Müdafiə Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun artırılması istiqamətində ciddi işlər görülür. "Bu gün biz ölkə KİV-i ilə münasibətləri maksimum şəkildə qurmağa çalışırıq. Tez-tez cəbhə xəttindəki hərbi hissələrə səfərlər təşkil edirik. Məqsədimiz nədir? İstəyirik ki, KİV bu və digər mövzunu işıqlandırarkən maksimum şəkildə vətənpərvər olsun", - deyə T.Abdullayev bildirdi.
"Bəzi dövlət qurumları vətənpərvərlik təbliğatını ayrı-ayrılıqda həyata keçirməyə üstünlük verirlər. Bu, səhvdir.
Vətənpərvərlik tərbiyəsi işi birlikdə aparılmalı və buna səy göstərilməlidir". Bu fikir isə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədova aiddir. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu istiqamətdə addımlar atır. "Biz hazırda və gələcəkdə vətənpərvərlik təbliğatı işinə dəstək verməyə hazırıq" deyən Ə.Məmmədov bildirdi ki, ölkədə vətənpərvərlik təbliğatının yüksəldilməsinə hər bir şəxs öz töhfəsini verməlidir, o cümlədən jurnalistlər.
KİV qarşısında "vətənpərvər ol" öhdəliyi qoymaq olmaz
Vaxtaşırı döyüş əməliyyatları gedən zonadan reportajlar hazırlayan, "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovun fikrincə, vətənpərvərliklə bağlı təbliğat aparmağa görə hər hansı bir telekanalı ittiham etmək beynəlxalq normalar baxımından düzgün deyil. "Əgər telekanallar və KİV Müdafiə Nazirliyi və ya hökumətlə müqavilə imzalayaraq qarşılarına vətənpərvərliyi təbliğ etməklə bağlı öhdəlik götürüblərsə, bu halda hansısa məsələdən danışmaq olar. Halbuki bunun özü beynəlxalq jurnalistika normalarına uyğun deyil. Amma telekanallar reklam şərtləri ilə gəncləri orduda xidmətə cəlb edə bilər, hərbçi sənətinin necə də şərəfli peşə olduğunu aşılaya bilər" - İ.Abbasovun münasibəti belədir. Onun fikrincə, torpaqları işğal altında olan Azərbaycanın hər bir vətəndaşı kimliyindən asılı olmayaraq yalnız vətənpərvərliyi təbliğ etməməli, həm də vətənpərvər olmalıdır.
"Digər bir tərəfdən orduda hər kəsin bir yaxını, qohumu və tanışı xidmət edir. Ən böyük təbliğat maşını gələcəyin ehtiyatda olan hərbi qulluqçularıdır. Elə hərbi xidmət şəraiti və şərtləri yaratmaq lazımdır ki, əsgərlər orduya cəza düşərgəsi kimi baxıb tərxis olunacaqları günləri, saatları saymasınlar", - deyə o bildirdi.
İdrak Abbasovun fikrincə, telekanallarda nümayiş olunan hərbi proqramların keyfiyyətindən danışmaq çətindir. "İcazəli, müəyyən çərçivələri bəlli proqramların hansı çatışan cəhətindən söz açmaq olar. Əgər telekanallar hətta "qonaq gözləyən" hərbi hissələrdəki gerçəkliyi nümayiş etdirsələr vəziyyət, necə deyərlər, "ağlamalı" olacaq.
İdrak Abbasovun fikrincə, KİV və EİV-də vətənpərvərlik təbliğatının pərakəndə olmasının əsas səbəbi bu sahədə vahid siyasətin olmamasıdır. "Verilişlər media rəhbərlərinin və yaxud həmin proqramı aparan müəlliflərin şəxsi prizmalarına uyğun qurulur. Bu sahənin inkişafına dövlət dəstəyi olmalı, müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, hərbyönlü media, QHT-lər, hərbi ekspertlər, jurnalistlər və media qurumlarının rəhbərləri hərbi vətənpərvərliklə bağlı yekdil strategiya hazırlamalı, bu sahədə çalışan və ya çalışacaq jurnalistlərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Ən əsası isə ordunun özü gerçəklikdə cəlbedici olmalıdır", - deyə o bildirdi.
Problemlər çözülməlidir, yoxsa...
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin təhlilinə görə, bu gün Azərbaycan KİV və EİV-də vətənpərvərlik təbliğatı qənaətbəxş deyil. Mərkəz bunun əsas səbəblərini açıqlayıb:
1. Cəmiyyətdə vətənpərvərlik təbliğatına vahid yanaşma mexanizmi yoxdur. Vətənpərvərlik necə olmalıdır? Bu suala media bir, rəsmi strukturlar başqa cür cavab verirlər. Medianın işi daha çətindir. Çünki Qərb üslubuna inteqrasiya yolunu seçmiş Azərbaycan KİV və EİV-i vətənpərvərlik təbliğatını da Qərbdəki kimi qurmağa çalışır. Bu yanaşma isə ölkədəki güc strukturları tərəfindən dəstəklənməyə bilər.
2. Ölkənin müdafiə və təhlükəsizlik sektorunda qeyri-şəffaflıq mövcuddur. NATO ölkələrində vətənpərvərlik təbliğatını güc strukturlarının KİV-ə maksimum şəkildə açıq olmasında görürlər. KİV sərbəst şəkildə ordunun problemlərini araşdırır və həll yollarını üzə çıxarır. Beləliklə, Qərbdə belə yanaşma mövcuddur ki, vətənpərvərlik mövzusunu zorla KİV-in diqqətdə saxlamasına cəhd göstərmək əbəsdir..
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
|
|
|