MDB dövlət başçılarının Kişinyov sammitində Dağlıq Qarabağ ilə bağlı hər hansı sənədin imzalanması planlaşdırılmır. APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı xəbərə görə, bu fikirləri "The Armenian Reporter" nəşrinə müsahibəsində Serj Sərkisyan söyləyib: "Madrid prinsiplərinin razılaşdırılması istiqamətində məhdud tərəqqini nəzərə alsaq, biz hazırkı mərhələdə hər hansı sənədi imzalamaqdan çox uzağıq. Bu, hər iki tərəfdən uzunmüddətli dialoq aparmağı və əlbəttə, siyasi iradə nümayiş etdirməyi tələb edir. Ermənistanın blokadaya alınıb-alınmamasından asılı olmayaraq, biz Dağlıq Qarabağ xalqı üçün təhlükə törədən hər hansı həll variantına razılaşmayacağıq. Əlbəttə, blokada ideyası artıq əhəmiyyətini itirib. Ermənistanın iqtisadi cəhətdən çökəcəyi və Azərbaycan-Türkiyə tandeminə güzəştə gedəcəyi ideyası özünü doğrultmadı".
Ermənistanın Türkiyə ilə münasibətlərin qurulması ilə bağlı hansısa güzəştlərə getdiyi barədə fikirləri şərh edən Sərkisyan bildirib ki, bu məsələdə ölkənin mövqeyi dəyişməyib: "Mövqeyimiz belədir - münasibətlərin bərpası və blokadanın aradan qaldırılması hər iki tərəfə lazımdır və buna nail olmaq üçün Ermənistan heç bir güzəştə getməməlidir. Türkiyə erməni soyqırımını tanımazdan əvvəl belə bu ölkə ilə əməkdaşlığa hazır olduğumuzu bəyan etməyimiz məsələyə konstruktiv yanaşmamıza sübutdur".
Sərkisyan bildirib ki, münaqişənin əsasını Dağlıq Qarabağın statusu məsələsi təşkil edir: "Qarabağ hərəkatı status problemindən başlayıb və yalnız bu problemin nizamlanması münaqişənin həllinə gətirib çıxara bilər. Ermənistan dəfələrlə bəyan edib ki, Qarabağ xalqı bu statusu müəyyənləşdirmək imkanına sahib olmalıdır. Bu prinsip bizim üçün qırmızı xətdir. Qarabağın Azərbaycana tabe olması hipotetik baxımdan yalnız o zaman mümkün ola bilər ki, buna Qarabağ xalqı qərar versin. Hansı qərarın veriləcəyi ehtimalı isə hamıya, hətta azərbaycanlılara da məlumdur".
Sarkisyan bildirib ki, guya "ermənilər soyqırıma məruz qalıb, öz tarixi vətənlərinin bir hissəsini itirib, bütün dünyaya səpələnib və bu tarixin dünya ictimaiyyəti tərəfindən tanınması, qınanması üçün mübarizə aparır. Bunun xüsusən Türkiyə tərəfindən tanınması bizim xalqımızın çoxdan gözlədiyi ədalətin zəfəri olardı".
O bildirib ki, erməni və türk xalqlarının indiki nəsli keçmişdən ağır miras alıblar və hər iki cəmiyyət mövcud olan qarşılıqlı dərin etimadsızlığı aradan qaldırmaq üçün ciddi çalışmalıdır. S.Sarkisyanın fikrincə, türklərin indiki nəslinin öz tarixi ilə barışmaq problemi var: "Erməni soyqırımı və erməni məsələsi onillər boyu Türkiyədə qadağan edilmiş mövzu olub. Bu barədə danışanlar isə məhkəmə məsuliyyəti və ictimai lənətə məruz qalıblar".
O, son iki onillikdə Türkiyənin Azərbaycanı birmənalı şəkildə dəstəkləyərək Ermənistanla münasibətlərin inkişafını dondurduğunu, Ermənistanı blokadaya aldığını və iqtisadiyyatına ciddi zərər verdiyini söyləyib: "Biz bu cür ümumi kontekstdə iki ölkə arasındakı problemlərin həllinə çalışırıq. Şübhəsiz, hər iki cəmiyyətdə bununla razılaşmayanlar var və bu, təbiidir. Mən inanmaq istəyirəm ki, Türkiyə tərəfi bu məsələdə doğrudan da səmimidir və protokolların imzalanması, ratifikasiyası yolunda süni əngəllər yaranmayacaq".
S.Sarkisyanın sözlərinə görə, proses iflasla nəticələnsə, ən böyük risk ortaya çıxacaq.
Sarkisyanın sözlərinə görə, "erməni soyqırımının beynəlxalq səviyyədə tanınması ermənilərin gündəliyindən çıxmamalıdır".
|