çap et  
Polis zabitini qətlə yetirənin məhkəməsi başladı
Polis zabitini qətlə yetirənin məhkəməsi başladı
Bu qalmaqallı cinayət işinin səbəbləri məhkəmədə araşdırılacaq
Şənbə, 03.10.2009

H.Zeynalov

Azərbaycanın Siyəzən rayonunda polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan Kəlbəcər sakini, 1981-ci il doğumlu Rasim Adil oğlu Məmmədovun məhkəməsi başlayıb.

Müəyyən edilib ki, Bakının Zabrat-1 qəsəbəsində müvəqqəti yaşayan Məmmədov idarə etdiyi "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanıb. Bu zaman onun yanında qadını və uşağı olub. Yol polisi ilə "razılıq" əldə ediləndən sonra, yoluna davam edib. Bu zaman növbəsi bitdiyi üçün Elçin İsmayılov da onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Lakin Siyəzən rayonu ərazisində Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə baş verib. Nəticədə Rasim Məmmədov Elçin İsmayılova çoxsaylı zərbələr endirərək onu qətlə yetirib...

Təqsirləndirilən şəxs CM 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinir. İttihama görə, Rasim Məmmədov bu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində Pirinin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş serjantı, Xırdalan qəsəbəsi sakini, 1965-ci il doğumlu Elçin İsmayılovu mübahisə zəminində döyərək qətlə yetirib.

Bu cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası keçirilib. Hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkmiş tərəfin nümayəndəsi Lətif Ağayev ibtidai istintaqın nəticəsindən narazılıq edərək bildirdi ki, mərhum xidməti vəzifə başında olduğu vaxt qətlə yetirilib. Lətif Ağayev cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırdı: "Hesab edirik ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə (120.2.3) maddəsi verilməliydi. Lakin hansısa maraqlara görə, bu ittiham cinayət işində yer almayıb. Buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılması və 10 gün müddətində həmin ittihamın təqsirləndirilən şəxsə elan edilməsi təmin edilməlidir. Biz təqsirləndirilən şəxsin ömürlük cəzalandırılmasını istəyirik".

Hakim Ələkbər Quliyev isə bildirdi ki, verilmiş vəsatət məhkəmənin hazırkı mərhələsinə aid deyil: "Məhkəmə araşdırması aparılmalıdır və məhkəmə istintaqı dövründə bu məsələyə yenidən qayıdılacaq. Buna görə də vəsatət açıq saxlanır".

Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev bildirdi ki, ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməyib. Prokuror cinayət işinin məhkəmə baxışına verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin vəkili Tərlan Xanəliyev isə prokurordan dəlil və sübutları məhkəməyə təqdim etməsini istədi. Prokuror isə qeyd etdi ki, hazırkı mərhələdə ittiham aktında olan dəlil və sübutlarla kifayətlənir. Onun sözlərinə görə, məhkəmə baxışında zərurət yaransa, əlavə dəlillər də məhkəməyə təqdim ediləcək.

Zərərçəkmiş Zəminə Babayeva ibtidai istintaqın gedişinə narazılıq etdi: "Siyəzən Prokurorluğu məni şahid qismində dindirib. Lakin istintaq yekunlaşanda zərərçəkmiş kimi tanınmışam və mənim şahid qismində ifadəm cinayət işinə əlavə edilməyib. Buna görə də ibtidai istintaqda saxtakarlıq edilib və saxta istintaq hərəkətləri aparılıb. Məqsəd cinayət işini tələm-tələsik yekunlaşdırıb, məhkəməyə təqdim etmək olub".

Bütün tərəflərin fikrini öyrənən hakimlər heyəti məhkəmənin hazırlıq iclasının qərarını elan etdi. Həmin qərara əsasən, məhkəmə baxışı oktyabrın 7-nə təyin edildi.