çap et  
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Kommunal xidmətlər sahəsində də eyni hal istisna edilmir
Şənbə, 03.10.2009

A.Əhmədova

Oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 5 qəpikdən 15 qəpiyə qaldırıldı. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşmadır. Bahalaşma qərarı Tarif (qiymət) Şurasının sentyabrın 30-da keçirilən iclasında çıxarılıb. Şura Katibliyindən verilən məlumatda deyilir: "Ötən illərdə respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti ştatının artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da mövcud tarifə yenidən baxılmasını zəruri edib". Göstərilənlər nəzərə alınaraq, Tarif Şurasının qərarına əsasən, metroda gediş haqqı 5 qəpikdən 15 qəpiyə qaldırılıb.

Katiblik əlavə edir ki, qiymət dəyişikliyindən sonra sərnişindaşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaq: "Hazırda metroda sərnişindaşıma xidmətinin tarifi Rusiyada 35, Gürcüstanda 19, Ukraynada 16, Belarusda 17, Türkiyədə 80 qəpik səviyyəsindədir. İl ərzində metrodan 200 milyona yaxın sərnişinin istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninin hesabına ildə əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcək və dövlət büdcəsindən həm cari xərclər, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsait ayrılmasına ehtiyac yaranacaq".

Nə qədər qəribə olsa da, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qiymət artımından narazı qalıb. O, "Mediaforum"a müsahibəsində bildirib ki, Bakı Metropolitenində bir sərnişinin daşınması 9,2 qəpiyə başa gəlir:"Gediş haqqı azı 20 qəpiyə qaldırılsaydı, yaxşı idi. Təəssüflər ki, ölkədə 15 qəpiklik sikkələr olmaya-olmaya bu qiyməti müəyyənləşdiriblər. İndi də kassaların qabağında növbələr yaranıb. Bu qiymət də metroda gedişin maya dəyərini qətiyyən ödəmir".

Onun fikrincə, qiymət artımı metrodan istifadə edən sərnişinlərin sayına təsir etməyəcək. Çünki metrodan istifadə edən sərnişin kontingenti sabitdir. Kim istifadə edirdisə, yenə də edəcək.

T.Əhmədov onu da vurğulayıb ki, bu artımın metropoliten işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməkhaqlarının artırılmasına müsbət təsiri olmayacaq. Eyni zamanda, bu artımdan metropolitenin inkişafı üçün heç bir iş görmək mümkün deyil: "Burada metropolitenin qazandığı nəsə yoxdur. Əvvəl dotasiyanı dövlət verirdi, indi isə qiymət artımı nəticəsində əldə olunan gəlir dotasiyadan çıxarılacaq, yerdə qalan hissə dövlət büdcəsi hesabına ödəniləcək".

Metropolitendə quraşdırılan terminallar pul vahidi kimi 10, 20, 50 qəpikləri, 1, 5, 10 manatlıqları qəbul edir. T. Əhmədov deyir ki, pulu yuvarlaqlaşdırıb daxil etmək lazımdır ki, qalıq qalmasın. Deməli əgər bankomata 20 qəpik daxil etsən, 5 qəpik qalıq qaytarılmayacaq, yalnız çek götürüb qalığı kassadan geri almaq olar. Özü də pulun qalığını yalnız həmin gün almalısan. Qiymət artımına qədər yüklənmiş gedişlərin hamısı öz qüvvəsində qalır.

Maraqlıdır, Bakı Metropolitenində 5 qəpikliyi tanıyan terminalların quraşdırılması mümkündürmü? Əslində mümkündür. Amma bu, metropoliten rəhbərliyinə sərf etmədiyi üçün baş tutmayacaq.

Yanvar ayı üçün Tarif Şurası qiymətlərə yenidən baxa bilərmi? sualını cavablandıran rəis bildirib ki, bu çox gec olardı. Çünki terminalların qarşısında belə tıxaclar yaranır və bu, 15 qəpikliyin olmaması ilə bağlıdır.

"Metroda gediş haqqı yüksək olan ölkələrdə əhalinin gəlirləri də yüksəkdir"

Xatırladaq ki, iqtisadçı alim Vüqar Bayramov ötən ilin yayında "Ayna"ya açıqlamasında metroda gediş haqqının artırılması ilə bağlı qərarın 2009-cu ildə veriləcəyini açıqlamışdı. Çünki 2008-ci il oktyabrın 15-də prezident seçkisi keçirildi, odur ki, bahalaşma qərarının gələn ilə - 2009-cu ilə təsadüf edəcəyini istisna etməmişdi.

Metropoliten rəhbərliyi belə əsaslandırma aparır ki, metroda gediş haqqı dünya ölkələri üzrə Azərbaycanda ən ucuzdur. V.Bayramov deyir: "Doğrudur, elə ölkələr var ki, orada metrodan istifadə haqları çoxdur. Amma axı o ölkələrdə əhalinin gəlirlik səviyyəsi də yüksəkdir. Məsələn, dünyada ən bahalı metropoliten Nyu-Yorkdadır. Orada istifadə haqqı 2 dollardır. Vaşinqtonda stansiyaların sayına görə, artıb-azalmaya görə qiymətlər 1-2 dollar arasındadır. ABŞ-ın başqa yerlərində 1 dollar 25 sent təşkil edir. Həm də bir məsələ var ki, ABŞ-da və bəzi Avropa ölkələrində aylıq biletlər satılır. Vətəndaş həmin bileti əldə etdikdə metro xərclərində endirimlər olur. Bütün bunlar gündəlik hesablanan xərclər müqabilində simvolik bir rəqəmdir. Nyu-Yorkda metroda gediş haqqı 2 dollardan hesablansa, çəkilən xərclər aylıq 200 dollara bərabər olur. Bu, ABŞ-da orta aylıq əməkhaqqının 3 faizinə bərabər göstəricidir".

"Qiymət artımı gələn ilə qədər yubadıla bilərdi"

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, metrodakı bahalaşmanı 2010-cu ilin dövlət büdcəsinin parametrləri açıqlananda bəzi xərclərin ixtisar olunacağı bəlli idi: "İndiyə qədər metropoliten dotasiyada olub, hökumət hər il xərcləri ödəmək üçün vəsait ayırıb. 2009-cu il üçün dövlət büdcəsindən metropolitenə 33 milyon verilməsi nəzərdə tutulur. 2008-ci ildə bu rəqəm 19,1 milyon manat, 2007-ci il üçün isə 12 milyon manat olmuşdu. Yəqin 2010-cu il üçün metronun saxlanılmasına ayrılan vəsait azaldılacaq. Bahalaşma belə deməyə əsas verir ki, gələn il üçün metro xərci vətəndaşların üzərinə yüklənəcək".

Qubad İbadoğlu uzun illər metroda qiymətlərin artmamasını, digər nəqliyyat vasitələri ilə müqayisədə çox ucuz olmasını da xatırladıb və əlavə edib ki, bu amillər bahalaşmanı gözlənilən edirdi: "Metroda sərnişin daşımalarının genişlənməsi dövriyyənin böyüməsinə gətirib çıxarmalı idi. Amma buna baxmayaraq, yenə də ildən-ilə dövlət büdcəsindən metroya ayrılan vəsait artırılıb. Hesab edirəm ki, dotasiyanın miqdarının artması həm də vəsaitlərin səmərəsiz istifadəsinə səbəb olub".

İqtisadçı alim hesab edir ki, yaşayış minimumu dəyərinin sürətlə artdığı bir dövrdə xərclər daha da artacaq: "Bakıda əhalinin böyük əksəriyyəti metrodan istifadə edir. Bəzi ərzaq məhsullarının sentyabr ayında bahalaşması inflyasiya üçün situasiya yaradıb. Metronun qiymətinin artması inflyasiyanın sürətlənməsi amillərini daha da fəallaşdıracaq. Bu, oktyabr ayının inflyasiya göstəricilərində özünü bildirəcək".

Qiymətin kəskin artımını pis əlamət kimi dəyərləndirən ekspert bildirib ki, bu, hökumətin sistemli tarif siyasətinin yoxluğunun nəticəsidir: "Azərbaycan hökuməti sistemli tarif siyasəti yeridərdisə, bu zaman hansısa sahədə qiymətləri kəskin artırmağa ehtiyac qalmazdı. Bu istiqamətdə artımlar davam edə bilər. Bazarların qarşılıqlı fəaliyyəti mövcuddur. Metroda qiymət artımı digər nəqliyyat növlərində də bahalaşmaya səbəb ola bilər. Mümkündür ki, Tarif Şurası bundan sonra kommunal xidmətlərdə də bahalaşmaya getsin".

Qubad İbadoğlu vurğulayıb ki, hökumət bu artımı 2010-cu ilin başlanğıcına qədər yubada bilərdi: "Ola bilər ki, 2009-cu il üçün dövlət büdcəsindən ayrılmış 33 milyon manat vəsait artıq xərclənib. Ya da ola bilər ki, bu vəsait tam şəkildə ayrılmayıb. Nəzərdən qaçırmayaq ki, ilin sona çatmasına hələ tam üç ay qalır. Əslində büdcə kontekstində baxanda metro bahalaşması gözlənilən deyildi. 2007-ci illə müqayisədə 2009-cu ildə üç dəfədən çox subsidiya ayrılıb. Qiymət eyni, dövriyyə çoxalıb, dövlətin ayırdığı vəsait də artırılıb. Belə bir ildə qiymət artımının hansı prinsiplər əsasında müəyyənləşdirildiyini demək çox çətindir".

İqtisadçı bildirib ki, metroya subsidiyalar artırılsa da, ötən illərdə onun hər hansı keyfiyyətindən danışmaq mümkün deyil: "Əgər bu bahalaşma metroda hər hansı keyfiyyət göstəricisinə gətirib çıxarsa, onda istehlakçı bundan qazana bilərdi. Metronun qazancı təkcə gediş haqlarından deyil. Metrodaxili ticarət, yaxud reklam sisteminin quraşdırılması, digər şəbəkələri idarə etməklə qazanc əldə oluna bilər. Metronun xərc elementi elektrik enerjisidir. Avadanlıqların genişləndirilməsi, yeni texnikanın quraşdırılması bu xərclərin içində deyil. Onlar ayrıca maliyyələşdirilir".

Qərar elə bir vaxta təsadüf edir ki, yaşayış minimumunun dəyəri bahalaşmaya məruz qalıb: "Hesablamalarımıza görə, avqust ayında Azərbaycanda bu göstərici pensiyaçılar üçün 115 manat, 15 yaşadək uşaqlar üçün 152 manat, əmək qabiliyyətli adamlar üçün 124 manat təşkil edib. Adambaşına götürəndə yaşayış minimumu təxminən 130 manatdır. Bu da ölkədəki minimal pensiyadan, həm də uşaqlara görə verilən müavinətlərdən, minimum əməkhaqqından dəfələrlə çoxdur".

Qubad İbadoğlu 2009-cu ildə maaş və pensiyalarda heç bir artımın olmamasını pis əlamət kimi dəyərləndirib. Onun fikrincə, sonuncu minimal sosial standartların artırılması ötən il olub və bu da seçki kampaniyası xarakteri daşıyıb. Beləliklə, hökumətin bu il minimal sosial standartların artırılmasına getməməsi vəziyyəti bir qədər də gərginləşdirdi: "Əgər ötən il metroda bahalaşma baş versəydi, daha məqsədəuyğun olardı. Həm büdcə vəsaiti - 33 milyon manat daha səmərəli istifadə olunardı, həm də ötən il əhali bu xərci qarşılamağa daha çox hazır idi, nəinki bu il".

Artım, istehlak səbəti, yaşayış minimumu

Millət vəkili Hadı Rəcəblinin açıqlamasına inansaq, Milli Məclis 2010-cu ilin dövlət büdcəsini təsdiqləyəndə istehlak səbəti və yaşayış minimumunda dəyişiklik edəcək və metroda gediş haqqının artmasını da nəzərə alacaq. Bakı Metropolitenində gediş haqqının artmasının əhalinin yaşayışına təsir göstərəcəyini vurğulayan komitə sədri bildirib ki, hökumət bu mənfi təsirin ciddiləşməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirəcək: "Eyni zamanda, məsələyə yalnız bu kontekstdən yanaşılmasının düzgün olmadığını xatırlatmaq istəyirəm. Tarif Şurasında mütəxəssislər yığılıb müzakirə aparıb, qərar qəbul edirlər. İkincisi, bazar iqtisadiyyatına keçmişik və cəmiyyət bazar qanunları ilə idarə olunur. Əgər metroda gediş haqqı maya dəyərindən azdırsa və Bakı Metropoliteni dotasiya ilə yaşayırsa, deməli, gediş haqqının artırılmasına bazar qanunlarının pozulmaması prizmasından baxmaq lazımdır. Bütün məsələlər əslində buna uyğun qiymətləndirilməlidir".

Qeyd edək ki, sentyabrın 24-də NK 2010-cu ilin dövlət büdcəsi layihəsini müzakirə edib. Layihəni ölkə prezidentinə təqdim etmək qərara alınıb. 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri 11 milyard 264 milyon manat olacaq. Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6792,2 milyon manat və ya xərclərin 60,3 faizi həcmində, əsaslı xərclər 4386,3 milyon manat və ya xərclərin 38,9 faizi həcmində, dövlət borcuna xidmətlə bağlı xərclər 85,5 milyon manat və ya xərclərin 0,8 faizi həcmində nəzərdə tutulur. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz (3878 milyon manat) həcmində proqnozlaşdırılır.