![]() |
çap et |
|
|||
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Polşada keçirilən Avropa çempionatının final mərhələsindəki çıxışını başa vurub. Əsas voleybol komandamızın qitə birinciliyinin medalları uğrunda üçüncü cəhdi də uğursuz bitib. Voleybolçularımız Avropa çempionatında yenə 12-ci yeri tutmaqla 2 il əvvəlki nəticəni təkrarlayıblar. Millimiz 2007-ci ildə olduğu kimi, bütün turnir ərzində oynadığı 6 oyunun yalnız birində meydanı qələbə ilə tərk edib.
Faiq Qarayevin başçılıq etdiyi yığmamız əvvəlcə qrup mərhələsində mübarizə aparıb. Komandamız bu mərhələdə Serbiya və Çexiya millilərinə məğlub olub, Slovakiyə yığmasına isə qalib gəlib. Lakin bu nəticə yığmamızın mükafatlar uğrunda mübarizə aparan komandalar sırasına düşməsi üçün kifayət etməyib. Odur ki, voleybolçularımız 5-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Faiq Qarayevin yetirmələri pley-off mərhələsinin "F" qrupunda ilk oyununu Avropa çempionu - İtaliya yığmasına qarşı keçirib və məğlub olub. Voleybolçularımız bu mərhələdə keçirdiyi növbəti görüşlərdə Türkiyə və Almaniya kollektivlərinə də uduzublar. Bununla da, milli komandamız 5 ardıcıl məğlubiyyətdən sonra öz qrupunda sonuncu yeri tutub. Avropa çempionatının yekunları ilə bağlı açıqlama verən voleybol yığmamızın kapitanı Oksana Parxomenko zəif çıxış etdiklərini gizlətməyib. O, Avropa çempionatının 6 oyununda cəmi 1 qələbə qazanan yığmamızın çıxışını biabırçılıq kimi dəyərləndirib: "Bu biabırçılıqdır! Bütün səylərmizə baxmayaraq, yaxşı nəticə əldə edə bilmədik. Düşünürəm ki, komandanın bütün üzvləri çox yorulublar. İndi artıq növbəti çempionata köklənməliyik". Bu gün keçiriləcək yarımfinal görüşlərində İtaliya Almaniyanı, Hollandiya isə Polşanı sınağa çəkəcək. Növbəti Avropa çempionatına seçmə mərhələdə iştirak etmədən qoşulmağa imkan verən yeganə vəsiqəyə isə yekunda 5-ci yeri tutan Türkiyə millisi layiq görülüb. |