![]() |
çap et |
|
|||
Danimarkanın Hörninq şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı Azərbaycan güləşçilərinin böyük uğur qazanması ilə yaddaqalan oldu. Bundan əvvəlki sayımızda sərbəst və qadın güləşçilərimizin 2 qızıl və 4 gümüş medal qazandıqları barədə yazmışdıq. Fərəhli haldır ki, yarışa sonda qoşulan yunan-Roma güləşçilərimiz onlardan əvvəl mübarizəyə qoşulan pəhləvanlarımızın uğurlarını davam etdiriblər. Azərbaycan güləşi üçün digər bir sevindirici fakt isə 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, zədəsinə görə xeyli müddətdir beynəlxalq yarışlardan kənarda qalan Fərid Mansurovun (66 kq) ikinci dəfə dünya çempionu adı qazanmasıdır.
Ardıcıl olaraq ispan Sançes Navarronu, yapon Tsutomu Fucimuranı, erməni Sasun Qambaryanı, iranlı Afşin Biyabangərd və kubalı Pedro İsak Mulenini məğlub edən Fərid həlledici görüşdə gürcü Manuçar Tsxadayaya qalib gələrək, dünya çempionatının qızıl medalını boynundan asıb. Xatırladaq ki, Fərid 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da qızıl medal qazanmışdı. Digər yunan-Roma güləşçilərimizə gəlincə, "Pekin-2008"in gümüş mükafaçıları - Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) bürünc medala layiq görülüblər. Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (84 kq) 5-ci, Denis Mişin (96 kq) isə 12-ci yeri tutub. Bu növ üzrə Azərbaycan millisi ümumi komanda hesabında Türkiyə (44 xal) və İrandan (39 xal) sonra 3-cü yeri tutub. Yekun nəticələrə gəlincə, ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatında 19 pəhləvanla təmsil olunub. Komandamız ümumilikdə 10 medal - 3 qızıl, 4 gümüş və 3 bürünc qazanıb. Mötəbər yarışda qadın güləşi üzrə yığmamız ilk dəfə komanda hesabında dünya çempionu, sərbəst güləş millimiz dünya ikincisi, yunan-Roma güləşində isə dünya üçüncüsü olmaqla, güləşdə lider ölkələrdən olduğunu sübut edib. |