çap et  
Çempionatda fasilədir
Çempionatda fasilədir
VI tur arxada qalsa da, "UniBank" Premyer Liqada vahid lider yoxdur
Şənbə, 03.10.2009

İlham Kərimoğlu

Milli yığma komandamızın futbol üzrə 2010-cu il dünya çempionatının seçmə oyunlarına hazırlığı ilə əlaqədar olaraq "Unibank" Azərbaycan Premyer Liqasında da ikihəftəlik fasilə yaranıb. Növbəti, VII turun oyunları oktyabrın 17-də başlayacaq.

Ötən həftə isə VI turun oyunları keçirilib. "Neftçi" yenidən turnir cədvəlində birinci pilləyə qalxmaq şansını əldən verib. Belə ki, iki həftə əvvəl uduzduğu "Muğan"ın Lənkəranda 3 xal itirməsindən sonra birinci pilləyə qayıtmaq şansı əldə edən "Neftçi" yenə öz meydanında məğlub olub. Bu dəfə flaqmana üstün gələn "Simurğ" turnir cədvəlində birinci pilləyə yüksəlib.

"Xəzər-Lənkəran" klubu Salyanın "Muğan" komandasının vahid liderliyinə və məğlubiyyətsizlik seriyasına son qoyub. Bununla da çempionatda məğlubiyyət acısını dadmayan yeganə komanda kimi təkcə "Xəzər-Lənkəran" qalıb. "Bakı" və "Neftçi"nin növbəti məğlubiyyəti bu komandalarda baş məşqçi dəyişikliyinə səbəb olub. "Olimpik-Şüvəlan" - "Turan" matçında isə tamaşaçılar xeyli qol görüblər. Meydan sahiblərinin asanlıqla qələbə qazanacağı gözlənsə də, Tovuz təmsilçisi Bakıdan 1 xalla qayıdıb.

İndi turnir cədvəlində "dördhakimiyyətlilik"dir. "Simurğ", "Muğan", "İnter" və "Qarabağ" 10 xalla 1-4-cü yerləri bölüşürlər. "Neftçi"nin 9, "Xəzər-Lənkəran"ın isə 8 xalı var.

Turun nəticələri:

"Olimpik-Şüvəlan" - "Turan" - 3:3, "Neftçi" - "Simurğ" - 0:1, "Karvan" - "Standard" - 2:2, "Bakı" - "Qarabağ" - 0:1, "İnter" - "Qəbələ" - 3:2, "Xəzər-Lənkəran" - "Muğan" - 2:0,