çap et  
Jurnalist Həsən Ərk həbs edildi
Çünki GünAz TV-yə müsahibə verib...
Şənbə, 03.10.2009

S.Sədi

Təbrizdən gələn xəbərlərə əsasən, yerli jurnalistlərdən Həsən Ərk həbs olunmuşdur. Ondan bir neçə gün öncə isə İbrahim Dəşti həbs olunmuşdu. Onların təqsiri bundan ibarətdir ki, GünAz Tv-yə Güney Azərbaycandakı vəziyyətlə bağlı müsahibə vermiş və acı gerçəklikdən söz açmışlar.

ETTELAAT Təbriz şöbəsinin əməkdaşları hər iki azərbaycanlı ziyalını yaşadığı mənzillərdə həbs etmişlər. Onların mənzillərində sanksiya göstərmədən qanunsuz axtarış aparılmışdır. Azərbaycan türkcəsində olan bir sıra kitablar və SD-lər müsadirə edilmişdir.

Bu iki ziyalı şəxs Azərbaycan türklərinin milli kimliyinin tanınmasını, türk dilinin məktəblərdə tədrisini istəyən namuslu vətəndaşlar kimi xarakterizə olunurlar.

Güney Azərbaycandakı ağır siyasi-ictimai və iqtisadi vəziyyətlə bağlı xarici informasiya vasitələrinə müsahibə verən hər bir azərbaycanlının ya həbs olunduğu, ya da hakimiyyətin güc strukturları tərəfindən polis nəzarəti altına alındığı günümüzün acı gerçəkliyidir.

Xəbərlərə görə, ölkədə yeni tədris ili ərəfəsində və ondan sonra polis milli haqları müdafiə edən təəssübkeş türklərə qarşı təzyiqləri davam etdirir. Yayılan xəbərlərə görə, tanınmış ziyalılardan daha bir neçəsi məxfi polis tərəfindən tutulmuşdur.